Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-188/2022 01.03.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rasim Sarı oğlunun sədrliyi, Əliyev Nicat Şirzad oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı BOKT "xxxx" QSC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı BOKT "xxxx" QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə bağlanmış 10 sentyabr 2020-ci il tarixli 060-EMB-1461-20 saylı kredit müqaviləsnin ləğv edilməsi və cavabdehdən 1190.45 (bir min yüz doxsan manat qırx beş qəpik) manat əsas borc, 178.57 (bir yüz yetmiş səkkiz manat əlli yeddi qəpik) manat cərimə borcu, həmçinin iddia ərizəsinə görə ödənilmiş 30.40 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun, ümumilikdə 1399.42 (bir min üç yüz doxsan doqquz manat qırx iki qəpik) manat pulun iddiaçı BOKT "xxxx" QSC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 18 ay müddətinə qaytarmaq şərtilə 1494 (bir min dörd yüz doxsan dörd manat) manat məbləğində kredit verilmiş, bununla bağlı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC ilə Cavabdeh arasında 10 sentyabr 2020-ci il tarixli, 060-EMB-1461-20 saylı kredit müqaviləsi bağlanmışdır. Hal-hazırda kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh BOKT "xxxx" QSC-yə 22.07.2021-ci il tarixə əsas borcu 1190.45 (bir min yüz doxsan manat qırx beş qəpik) manat və cərimə borcu 178.57 (bir yüz yetmiş səkkiz manat əlli yeddi qəpik) manat olmaqla ümumi borcu 1369.02 (bir min üç yüz doxsan doqquz manat iki qəpik) manat təşkil edir ki, bu borcun ödənilməsi təmin edilməlidir. Borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət edilməsinə, məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq cavabdeh götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək iddia tələbini qismən qəbul etdiyini bildirərək, məhkəmədən hesablanmış cərimənin miqdarının azaldılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçı BOKT "xxxx" QSC-nin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. İddiaçı BOKT "xxxx" QSC-nin etibarnamə üzrə nümayəndəsi X1 məhkəməyə teleqram ünvanlayaraq iddianı tam müdafiə etdiyini və işə onların iştirakı olmadan baxaraq qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş materiallarında olan 10 sentyabr 2020-ci il tarixli 060-EMB-1461-20 saylı kredit müqaviləsindən görünür ki, borcverən BOKT "xxxx" QSC tərəfindən borcalan Cavabdeh "xxxx" MMC-nin istehsal etdiyi mebelləri almaq məqsədilə 18 ay müddətinə 1494 manat məbləğində istehlak kreditinin verilməsi, alınmış mebel dəstinin borc verənin xeyrinə girov qoyulması və girov predmetinin borcalanda qalması barədə tərəflər razılığa gəlmişlər. İş materiallarında olan 22.07.2021-ci il tarixli Maliyyə arayışından görünür ki, BOKT "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış 10 sentyabr 2020-ci il tarixli, 060-EMB-1461- 20 saylı kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh BOKT "xxxx" QSC-yə 22.07.2021ci il tarixə əsas borcu 1190.45 (bir min yüz doxsan manat qırx beş qəpik) manat, faiz borcu 0.00 (sıfr manat sıfır qəpik) manat və cərimə borcu 178.57 (bir yüz yetmiş səkkiz manat əlli yeddi qəpik) manat olmaqla ümumi borcu 1369.02 (bir min üç yüz doxsan doqquz manat iki qəpik) manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsində göstərilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyinə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iş materiallarında olan sübutları tədqiq edib Azərbaycan Respublikası MPMnin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, kreditor BOKT "xxxx" QSC ilə borcalan Cavabdeh arasında bağlanmış 10 sentyabr 2020-ci il tarixli, 060- EMB-1461-20 saylı kredit müqaviləsi üzrə kreditor tərəfindən borcalana "xxxx" MMC-nin istehsal etdiyi mebelləri almaq məqsədilə 18 ay müddətinə 1494 manat məbləğində istehlak krediti verilmiş, alınmış mebel dəsti borc verənin xeyrinə girov qoyulmuş və girov predmetinin borcalanda qalması barədə tərəflər razılığa gəlmişlər. Lakin, borcalan müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş, nəticədə 1190.45 (bir min yüz doxsan manat qırx beş qəpik) manat əsas, 178.57 (bir yüz yetmiş səkkiz manat əlli yeddi qəpik) manat cərimə borcu olmaqla ümumi olaraq 1369.02 (bir min üç yüz doxsan doqquz manat iki qəpik) manat borcu qalmışdır. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə göstərir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri kredit müqaviləsi üzrə yaranan mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı müddəaları əsasında və digər əlaqəli hüquq normaları əsasında həll olunmalıdır. Borc tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 742.1-ci maddəsinə görə isə borc alan borcun qaytarılması üçün qoyulmuş müddətdə borcu qaytarmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsində deyilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449-cu maddəsinə əsasən kreditorun borcludan faizlərin ödənilməsini tələb etmək hüququ vardır. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair 09 iyul 2009-cu il tarixli Plenum qərarında göstərilmişdir: “Digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır”. Məhkəmə cavabdehin müqavilə üzrə əsas borcunun məbləğini, hazırda cavabdehin cərimə pulunu ödəmək iqtidarında olmamasını və dəbbə pulunun onun əmlak mənafeyinə mənfi təsir edə bilməsi hallarını nəzərə almaqla hesab edir ki, cərimə borcu azaldılaraq 10 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 10 sentyabr 2020-ci il tarixli, 060-EMB-1461-20 saylı kredit müqaviləsi üzrə 1190 (bir min yüz doxsan manat qırx beş qəpik) manat əsas, 10 (on) manat məbləğində cərimə borcu olmaqla cəmi 1200.45 (bir min iki yüz manat qırx beş qəpik) manat pul, eləcə də iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi alınaraq iddiaçı BOKT "xxxx" QSC-yə verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri) Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. 10 sentyabr 2020-ci il tarixli, 060-EMB-1461-20 saylı kredit müqaviləsi üzrə 1190.45 (bir min yüz doxsan manat qırx beş qəpik) manat əsas, 10 (on) manat məbləğində cərimə borcu olmaqla cəmi 1200.45 (bir min iki yüz manat qırx beş qəpik) manat pul, eləcə də iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq iddiaçı BOKT "xxxx" QSC-yə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rasim Kazımov
Məhkəmə qərarları › İş №2(044)-188/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-188/2022
01.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver