Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-192/2022 02.03.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlakın açıq hərracdan satılması və satış pulunun payına mütənasib məbləğdə pul tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhərində məhkəmənin binasında 02 mart 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İşin faktiki halları ilə müəyyən edilir ki, İddiaçı Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq, cavabdehlə onun birgə nikahı dövründə əldə olunmuş avtomaşınların ona aid olan hissəsini və ya onun dəyərinin verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmiş, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 13.03.2017-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmiş, lakin həmin qətnamə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01.06.2017-ci il tarixli 2(104)-1898/2017 saylı qətnaməsi ilə ləğv edilərək, yeni qətnamə qəbul edilmiş, iddia tələbinin təmin edilməsi, İddiaçı ilə Cavabdeh birgə nikahları dövründə əldə etdikləri **-XU-*** dövlət qeydiyyat nişanlı, Hundai-Elantra markalı və **-FK-*** dövlət qeydiyyat nişanlı, Mercedes C180 markalı avtomaşınlara İddiaçı 1/2 hissədə payının tanınması və Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisinin Qeydiyyat-imtahan şöbəsində bu barədə qeydiyyat aparılması qət edilmişdir.
2. Həmçinin, portaldan çıxarışdan görünür ki, **-XU-*** dövlət qeydiyyat nişanlı, Hundai-Elantra markalı və **-FK-*** dövlət qeydiyyat nişanlı, Mercedes C180 markalı avtomaşınların sahibi Cavabdehdur.
3. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 27.08.2021-ci il tarixli 2(044)- 3179/2021 saylı qərardadı ilə **-XU-*** dövlət qeydiyyat nişanlı, Hundai-Elantra markalı və **-FK-*** dövlət qeydiyyat nişanlı, Mercedes C180 markalı avtomaşınlara həbs qoyulmuşdur.
4. "xxxx" MMC-nin 29.12.2021-ci il tarixli 02-122/21 saylı ekspertiza rəyi ilə 29.12.2021-ci il tarixə **-XU-*** dövlət qeydiyyat nişanlı, Hundai-Elantra markalı avtomaşının bazar dəyəri 14.000 manat, likvid dəyəri 12.600 manat, **-FK-*** dövlət qeydiyyat nişanlı, Mercedes C180 markalı avtomaşının bazar dəyəri 7.000 manat, likvid dəyəri 6.300 manat dəyərində müəyyən edilmişdir.
Məhkəmədə icraat - iddia ərizəsi və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, **-XU-*** dövlət qeydiyyat nişanlı, Hundai-Elantra markalı və **-FK-*** dövlət qeydiyyat nişanlı, Mercedes C180 markalı avtomaşınların açıq hərracdan satılması və payına mütənasib olaraq pulunun yarısının ona ödənilməsi, habelə onun tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01.06.2017-ci il tarixli 2(104)-1898/2017 saylı qətnaməsi ilə onunla Cavabdeh birgə nikahı dövründə əldə etdikləri **-XU-*** dövlət qeydiyyat nişanlı, Hundai- Elantra markalı və **-FK-*** dövlət qeydiyyat nişanlı, Mercedes C180 markalı avtomaşınlara onun, yəni İddiaçı 1/2 hissədə payının tanınması və Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisinin Qeydiyyat-imtahan şöbəsində bu barədə qeyd aparılması qət edilmişdir. Hazırda qeyd edilən qətnamə qüvvədədir. Qeyd edilən avtomaşınlar cərimə meydançasına salınsa da, onların 1/2 hissəsinin alınıb ona verilməsi mümkün deyil. Həmin avtomaşınların 1/2 hissəsi üzərində onun mülkiyyət hüququ olsa da, həmin hüququ gerçəkləşdirə bilmir.
7. İddiaya qarşı cavabdehin yazılı etirazı məhkəməyə daxil olmamışdır.
8. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri və ya gəlməməsinin barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
9. İddiaçı məhkəmə iclasında verdiyi izahatında iddiasını müdafiə edərək, bildirdi ki, onun avtomaşınlar üzərində olan 1/2 payı məhkəmə qətnaməsi ilə müəyyən edilsə də, həmin payın naturada ayrılması mümkün deyildir. O, cavabdehlə dəfələrlə əlaqə saxlayaraq, onun payının dəyərinin əvəzində ona kompensasiya ödəməsini cavabdehə təklif etmiş, lakin təklifinə müsbət cavab almamış, cavabdeh buna razılıq verməmişdir. Ona görə də, ümumi mülkiyyətdən payının ayrılmasının yeganə üsulu kimi əmlakın açıq hərracdan satılması və satış pulunun paylara mütənasib onlara ödənilməsi yolu qalmışdır ki, hazırda da həmin iddia ilə məhkəməyə müraciət etmişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.
Tətbiq edilən hüquq:
10. Mülki Məcəllə Maddə 222.1. Birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Maddə 223.4. Ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Maddə 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Maddə 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Maddə 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.
11. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 04.04.2014-cü il tarixli Qərarı: - Nəzərə alınmalıdır ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. - Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil.
12. Mülki Prosessual Məcəllə: Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
Məhkəmənin mövqeyi:
13. Məhkəmə hesab edir ki, iddia aşağıdakılara əsasən əsaslı olduğundan təmin edilməlidir.
14. Belə ki, iş materialları ilə müəyyən edilir ki, hazırkı mübahisə birgə mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması, yəni konkret halda İddiaçı öz payı üzərində sərəncam vermək hüququnun həyata keçirilməsi ilə ilə bağlıdır və bu mübahisənin maddi-hüquqi əsasını Mülki Məcəllənin 220-ci maddəsi təşkil edir. Həmin maddədə ümumi mülkiyyət iştirakçıları tərəfindən həmin hüququn həyata keçirilməsinin forma, üsul və şərtləri, o cümlədən əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsi nəzərdə tutulmuşdur.
15. Həmin maddənin məzmununa görə, ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi.
16. Bu baxımdan məhkəmə qeyd edir ki, birgə nikah dövründə əldə edilmiş avtomaşınlar üzrə birgə mülkiyyətin iştirakçılarının payları hər birinə ½ hissədə olmaqla qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. Lakin həmin avtomaşınlar təyinatı dəyişdirilmədən bölünə bilməyən əşya olduğundan bölünməz əşyalar sayılır və belə olan halda mülkiyyətçilərin payının naturada bölünməsi (ayrılması) mümkün deyildir.
17. Əmlakın bölünməsi və ya ondan payın naturada ayrılması mümkün olmadıqda, əmlakın bölünməsinin və ya payın ayrılmasının yeganə ağlabatan üsulu pul kompensasiyasının ödənilməsidir.
18. Lakin hazırkı işdə iddiaçı bildirmişdir ki, o, cavabdehlə dəfələrlə əlaqə saxlayaraq, onun payının dəyərinin əvəzində ona kompensasiya ödəməsini cavabdehə təklif etmiş, lakin təklifinə müsbət cavab almamış, cavabdeh buna razılıq verməmişdir. Ona görə də, payın əvəzində pul kompensasiyasının ödənilməsi mümkün olmamışdır.
19. Ona görə də, iddiaçı olan İddiaçı ona məxsus ½ payı üzərində mülkiyyət hüququnu həyata keçirə bilmədiyini əsas gətirərək, hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.
20. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülkiyyətçilərdən hər hansı birinin əmlaka sahiblik, istifadə və sərəncamla əlaqədar hüquqları digərlərinin hüquqlarından üstün sayıla bilməz. Mülkiyyət hüququnun həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalıdır.
21. Konstitusiya Məhkəməsinin Plenumu da bir çox qərarlarında ifadə etmişdir ki, Konstitusiyada təsbit edilmiş hər hansı hüquqların, o cümlədən mülkiyyət hüququnun məhdudlaşdırılması mütənasiblik prinsipi gözlənilməklə həyata keçirilməlidir. Həmçinin, hər hansı hüquqa, o cümlədən mülkiyyət hüququna qanuni müdaxilə mütənasib olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin konstitusiya hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olunmaqla həyata keçirilməlidir.
22. Hazırkı işdə isə İddiaçı **-XU-*** dövlət qeydiyyat nişanlı, Hundai-Elantra markalı və **-FK-*** dövlət qeydiyyat nişanlı, Mercedes C180 markalı avtomaşınlara münasibətdə Cavabdeh ilə eyni mülkiyyətçi hüquqlarına malik olsa da, həmin hüquqları həyata keçirə, realizə edə bilmir. Belə olan halda, həm qanunvericiliyin tələbləri baxımından, həm ədalətli tarazlıq baxımından iddiaçı ümumi mülkiyyətdə olan sözügedən avtomaşınların açıq hərracdan satılması və satış pulunun mülkiyyətçilərin payına mütənasib bölüşdürülməsi tələbində haqlı olmuşdur.
23. İddia təmin edildiyi üçün Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə müvafiq olaraq məhkəmə xərcləri cavabdehə aid edilməli, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya, habelə ekspertiza tədqiqatının dəyəri olan 200 manat məbləğində xərc isə Cavabdeh tutularaq, "xxxx" MMCnin hesabına ödənilməlidir.
24. Yuxarıda göstərilənləri rəhbər tutaraq və nəzərə alaraq, məhkəmə
Qət etdi:
İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh birgə nikah dövründə əldə etdikləri və hər birinin 1/2 paylarının müəyyən edildiyi **-XU-*** dövlət qeydiyyat nişanlı, Hundai-Elantra markalı və **-FK-*** dövlət qeydiyyat nişanlı, Mercedes C180 markalı avtomaşınlar açıq hərracdan satılsın. İlkin satış qiyməti kimi **-XU-*** dövlət qeydiyyat nişanlı, Hundai-Elantra markalı avtomaşının likvid dəyəri 12.600 manat, **-FK-*** dövlət qeydiyyat nişanlı, Mercedes C180 markalı avtomaşının likvid dəyəri 6.300 manat məbləğində müəyyən edilsin. Əmlaklar satıldıqdan sonra əldə edilmiş satış pulu birgə mülkiyyətin iştirakçıları arasında hər bir avtomaşın üzrə onların payına uyğun, yəni 1/2 hissədə bölüşdürülsün. İddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq, iddiaçıya ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 200 manat məbləğində xərc Cavabdeh tutularaq, "xxxx" ASC-nin Qara Qarayev filialı, kod 200145, VÖEN **********, SWİFT kod AİİBAZ2X, M/h AZ37NABZ********************, hesab AZ90AİİB********************4, VÖEN********** ("xxxx" MMC-nin hesabına) ödənilsin. Qətnamədən bir ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Gündüz Şirinov