Məhkəmə qərarları › İş №2(044)-1934/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1934/2021

03.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1934/2021 03.08.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi ilə, İddiaçı Cavabdeh oğluna qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh oğluna qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tutulan alimentin miqdarı artırılaraq, 27.09.2005-ci il tarixdə anadan olmuş Fəridin, 29.06.2007-ci ildə anadan olmuş Aylının saxlanmaları üçün yetkinlik yaşına çatana qədər hər ay hər uşağa görə 150 manat, cəmi 300 manat müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 2004-cü ildə ailə qurmuş və onalrın birgə nikahlarından 27.09.2005-ci il tarixdə Bağır-zadə Fərid Pərviz oğlu və 29.06.2007-ci il tarixdə Bağır-zadə Aylı Pərviz qızı adlı iki uşaqları anadan olmuşdur. Cavabdehlə münasibətləri pozulduğundan məhkəmə qətnaməsi ilə onların nikahları pozulmuş, cavabdehdən hər iki uşağa görə 80 manat məbləğində alimentin onun xeyrinə tutulması qət edilmişdir. O, sonradan alimentin artırılması tələbi ilə məhkəməyə müraciət etmiş və məhkəmə qətnaməsi ilə hər uşağa 70 manat, cəmi 140 manat məbləğində alimentin onun xeyrinə tutulması qət edilmiş, lakin Pərviz Bağırzadə birinci qrup əlil olduğundan, ayda yalnız iki uşağa görə cəmi 50 manat məbləğində aliment tutularaq ona verilmişdir. Sonradan cavabdehin pensiyası artdığından hər ay 100 manat məbləğində aliment alınaraq ona verilmişdior. Hazırda cavabdeh ona hər ay 105 manat məbləğində aliment ödəyir. O, orta məktəbdə operator işləyir və onun aylıq əmək haqqı 200 manat təşkil edir. O, bu məbləğlə uşaqlarının saxlanmasında çətinlik çəkir, hazırkı vəziyyətdə aldığı alimentlə uşaqların tələbatlarını ödəyə bilmir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. İddiaçı tərəfindən 26.07.2021-ci il tarixdə məhkəməyə daxil olmuş ərizədə, hazırda xəstəliyi ilə əılaqədar Bakı şəhərində müalicə alması ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və işə onun iştirakı olmadan baxıb qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 14.06.2016-cı il tarixli 2(044)- 3750/2016 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 03 iyun 2015-ci il tarixli 2(044)-2036/2015 saylı qətnaməsi əsasında müəyyən olunmuş alimentin məbləği artırılaraq, Cavabdeh 27 sentyabr 2005-ci il tarixdə anadan olmuş Bağır-zadə Fərid Pərviz oğlunun və 29 iyun 2007-ci il tarixdə anadan olmuş Bağır-zadə Aylı Pərviz qızının yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay, hər uşaq üçün 70 (yetmiş) manat, cəmi 140 (yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq, iddiaçı Nəsibova (Bağır-zadə) Səbinə Şahsuvar qızına verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməsi, artırılmış alimentin tutulmasına Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin bu iş üzrə 14.06.2016-cı il tarixli 2(044)-3750/2016 saylı qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlanması qət edilmişdir. 09 noyabr 2005-ci il tarixdə Gəncə şəhər Nizami rayon VVADQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə Bağırzadə Səbinə Şahsuvar qızının birgə nikahlarından 27 sentyabr 2005-ci il tarixdə Bağırzadə Fərid Pərviz oğlu anadan olmuşdur. 18 iyul 2007-ci il tarixdə Gəncə şəhər Nizami rayon VVADQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə Bağırzadə Səbinə Şahsuvar qızının birgə nikahlarından 29 iyun 2007-ci il tarixdə Bağır-zadə Aylı Pərviz qızı anadan olmuşdur. Azərbaycan Respublikası MPM-nin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edilə bilər. Beləliklə məhkəmə hesab edir ki, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 14.06.2016-cı il tarixli 2(044)-3750/2016 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq, Cavabdeh 27 sentyabr 2005-ci il tarixdə anadan olmuş Bağır-zadə Fərid Pərviz oğlunun və 29 iyun 2007-ci il tarixdə anadan olmuş Bağır-zadə Aylı Pərviz qızının yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay, hər uşaq üçün 130 (yüz otuz) manat, cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində alimentin tutularaq, İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda- bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Buna görə də cavabdehdən 1 (bir) il müddətində tutulacaq alimentin miqdarı 3120 manat təşkil etdiyinə görə, cavabdehdən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci və 9.4.-cü maddələrinin tələblərinə uyğun olaraq 30 (otuz) manat dövlət rüsumu xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 14.06.2016-cı il tarixli 2(044)-3750/2016 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq, Cavabdeh 27 sentyabr 2005-ci il tarixdə anadan olmuş Bağır-zadə Fərid Pərviz oğlunun və 29 iyun 2007-ci il tarixdə anadan olmuş Bağır-zadə Aylı Pərviz qızının yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay, hər uşaq üçün 130 (yüz otuz) manat, cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində alimentin tutularaq, İddiaçı qızına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı qızı ödəməkdən azad edildiyi dövlət rüsumu 30 manat Cavabdeh tutularaq dövlət mədaxilinə keçirilsin. Artırılmış alimentin tutulmasına Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin bu iş üzrə 03.08.2021-ci il tarixli 2(044)-1934/2021 saylı qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlansın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar