Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2002/2021 27.08.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rasim Sarı oğlunun sədrliyi, Əliyev Nicat Şirzad oğlunun katibliyi, İddiaçı X1 iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı “vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X3 Cavabdeh qarşı “vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair məhkəmədə iddia qaldıraraq, Cavabdeh iddiaçı X1 xeyrinə 2040(iki min qırx) manat pulun və 30 (otuz) manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı X3 iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yaşayır. Vaz 2107 markalı ** DU *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ona məxsusdur. Həmin avtomobil anası Esmira Hüseynovanın adınadır. O isə avtomobili etibarnamə əsasında idarə edir. 08 mart 2021-ci il tarixdə saat 23 radələrində Gəncə şəhəri, 28 may küçəsi ilə üzü Yeni Gəncə qəsəbəsi istiqamətində saatda təxminən 20- 30 km surətlə öz hərəkət zolağında hərəkətdə olarkən qarşıdan gələn Qaz-24 markalı avtomobil onun yoluna çıxmışdır. O, sükanı sağa çevirib yayınmaq istəsə də həmin avtomobilin sürəti yüksək olduğundan yayına bilməmiş və həmin avtomobillə onun avtomobili toqquşmuşdur. Toqquşma zamanı onun sinəsi, qarnı və başı avtomobilin sükanına dəymişdir. Toqquşmadan sonra avtomobildən düşüb digər sürücüyə yəni, Cavabdeh yaxınlaşmış, cavabdeh isə ondan polisə məlumat verməməyi və avtomobili hadisə yerindən kənarlaşdırmağı xahiş etmişdir. O isə bunun qanunsuz olduğunu bildirib polisə məlumat verəcəyi bildirmiş və həmin vaxt Cavabdeh avtomobilə əyləşib hadisə yerindən uzaqlaşmışdır. Həmin vaxt o, DİN-in 102 xidmətinə zəng edərək məlumat vermiş və polis əməkdaşları hadisə yerinə gəlmişdir. Gəncə şəhəri Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqinin 07.04.2021-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. 19 mart 2021-ci il tarixli qüsur aktına əsasən ona məxsus olan Vaz 2107 markalı 20 DU547 dövlət qeydiyyat nömrə nişanlı avtomobilə ümumilikdə 2040 manat maddi ziyan dəymişdir. Hazırda cavabdeh həmin ziyanı ona ödəməkdən boyun qaçırır və avtomobil yararsız haldadır. Ona görə də məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənlərə əsasən, Cavabdeh iddiaçı X1 xeyrinə 2040(iki min qırx) manat pulun və 30 (otuz) manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında Cavabdeh ərizə təqdim edərək iddiaçı X2 iddia ərizəsində göstərdiyi məbləğdə borcunun olmasını etiraf etmiş və məhkəmədən vurulmuş maddi ziyanın ödənilməsi üçün bir ay vaxt verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X3 iddia ərizəsini müdafiə etdiyini, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının işə qiyabi icraat qaydasında baxılması xahişini nəzərə alır və mübahisəyə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab edir. İddiaçı X3 işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasına etiraz etməmiş və məhkəmə Azərbaycan Respublikası MPM-nin 238.5-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılması barədə qərardad çıxarmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Gəncə avtomotoservis və ticarət müəssisəsi 9 saylı TXE-nin 19 mart 2021-ci il tarixli aktının surətindən görünür ki, Gəncə şəhəri Baş Polis İdarəsinin İstintaq və Təhqiqat idarəsinin şifahi müraciəti əsasında dəvət olunmuş mütəxəssis tərəfindən sərbəst bazar qiymətləri əsasında qəzaya uğramış Vaz 2107 markalı ** DU *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə 2040 manat zərər dəydiyi müəyyən edilmişdir. İş materiallarında olan 07 aprel 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, toplanmış material üzrə Cavabdeh əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882.1-ci maddəsinə görə, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 882.5-ci maddəsinə görə, əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə həmçinin nəzərə almışdır ki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən öhdəlik yerinə yetirilmədiyinə görə o, risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, iddiaçı X1 iddia tələbi təmin edilməli və Cavabdeh iddiaçının xeyrinə 2040(iki min qırx) manat maddi ziyan və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pul tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh 2040(iki min qırx) manat maddi ziyan və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pul alınaraq iddiaçı X2 verilsin. Qiyabi qətnamədən cavabdeh qətnaməni aldıqdan sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış məhkəməyə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Rasim Kazımov
Məhkəmə qərarları › İş №2(044)-2002/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(044)-2002/2021
27.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver