Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-201/2022 14.03.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh1nun iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun xeyrinə 7352.39 manat əsas, 10393.79 manat faiz, cəmi 17746.18 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edərək bildirmişdir ki, Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış 29.06.2015-ci il tarixli Nağd pul lahiyəsi müqaviləsinə əsasən bank borcluya 60 ay müddətinə, illik 25.2% olmaqla 7775 manat məbləğində kredit vermişdir. Hazırda borclu “Ödəniş cədvəli"nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Borclu ilə aralarında bağlanmış müqavilənin müddətinin bitməsinə baxmayaraq hazırki vaxtadək onun banka olan borcu ödənilməmişdir. Cavabdeh2 ilə bağlanmış zaminlik müqaviləsinə əsasən zamin bank qarşısında öz üzərinə məsuliyyət götürərək kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kreditin qaytarılması ilə bağlı Cavabdeh1 bütün öhdəliklərini icra etməlidir. Sonda iddiaçının nümayəndəsi iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında iddianı qismən qəbul edərək bildirmişdir ki, onun banka olan borcu bir dəfəyə ödəməyə imkanı yoxdur, o, borcunu hissə-hissə ödəyəcəkdir. Sonda o, iddianın qismən təmin edilməsini xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan: - 29 iyun 2015-ci il tarixli RO/10279/52/29 saylı Kredit sazişi müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 60 ay müddətinə illik 25.20% olmaqla 7775 manat məbləğində kredit xətti açılmışdır. Həmçinin borc alan Cavabdeh1 öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdən zamin Cavabdeh2 borc alanla birgə məsuliyyət daşımağı, həmin kredit öhdəliyini tamamilə icra etməyi öhdəsinə götürmüşdür. - 29.06.2015-ci il tarixli, 3007 nömrəli kassa məxaric orderindən görünür ki, borclu Cavabdeh1 7775 manat kredit verilmişdir. - 14.10.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 29 iyun 2015-ci il tarixli RO/10279/52/29 saylı müqaviləsinə əsasən sonuncunun banka 29.06.2020-ci il tarixə 7352.39 manat əsas borcu, 8275.55 manat faiz borcu vardır. - 09.12.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 29 iyun 2015-ci il tarixli RO/10279/52/29 saylı müqaviləsinə əsasən Bank of Baku ASC-yə 15.11.2021-ci il tarixə 7352.39 manat əsas borcu, 10960.28 manat faiz borcu vardır. Məhkəmə iddiaçının nümayəndəsinin və Cavabdeh1nun izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin faktiki halları ilə müəyyən olunur ki, Cavabdeh1 kredit sazişi üzrə öhdəliyini tam icra etmədiyinə görə borcu yaranmışdır. Buna görə də iddiaçı ondan borcun tutulmasını tələb etməkdə haqlıdır. Mülki iş üzrə borcun məbləğinin müəyyən olunması məqsədilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 14.10.2021-ci il tarixli, 2(044)-3271/2021 saylı qərardadına əsasən məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Məhkəmə-mühasibatlıq ekspertizasının 21.01.2022-ci il tarixli, 9/8009 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 29.06.2015-ci il tarixli RO/10279/52/29 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 29.06.2020-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) banka olan əsas və faiz borcu ümumilikdə 15.632,18 manat məbləğində müəyyən olunur. O cümlədən 29.06.2020-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) 7351,54 manat əsas, 8280,64 manat faiz borcu təşkil edir. Məhkəmə faiz borcunun müqavilə müddətinin sonuna qədər hesablanmalı olduğunu nəzərə alaraq hesab edir ki, əsas və faiz borcu ekspert rəyinə uyğun olaraq kredit müqaviləsinin bitdiyi 29.06.2020-ci il tarixə müəyyən olunmuş məbləğdə, yəni əsas borc üzrə 7.351,54 manat, faiz borcu üzrə 8.280,64 manat tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cu maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Bununla belə, məhkəmə iddiaçının Cavabdeh2 qarşı iddia tələbini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtarması, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Bu baxımdan, Cavabdeh2 qarşı irəli sürülmüş iddia tələbi ilə bağlı məhkəmə qeyd edir ki, 29.06.2015-ci il tarixdə 60 ay müddətinə bağlanmış kredit və zaminlik müqaviləsinin müddəti 29.06.2020-ci il tarixdə bitsə də, öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditor İddiaçı Açıq Səhmdar Cəmiyyəti zamin Cavabdeh2 qarşı iddia tələbi irəli sürməmişdir. Bu isə yuxarıda qeyd olunan Zaminlik müqaviləsi və Qanunun normasına əsasən zaminlik öhdəliyinə xitam verildiyinə dəlalət etdiyindən, Cavabdeh2 qarşı iddia tələbi əsassız olduğuna görə rədd edilməlidir. Beləliklə məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin olunmalı, 7351,54 manat məbləğində əsas, 8280,64 manat məbləğində faiz, ümumilikdə 15632,18 manat məbləğində pul vəsaiti Cavabdeh1 iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə iddiaçının dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğində pul vəsaitinin 20 manat məbləğində hissəsi müştərək qaydada cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə məhkəmə – mühasibatlıq ekspertizalarının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaitinin 80 manatı Cavabdeh1, 20 manatı isə iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki – Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 7351,54 manat məbləğində əsas, 8280,64 manat məbləğində faiz, ümumilikdə 15632 (on beş min altı yüz otuz iki) manat 18 (on səkkiz) qəpik məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumunun 20 (iyirmi) manatı tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. İş üzrə məhkəmə – mühasibatlıq ekspertizalarının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaitinin 20 (iyirimi) manatı İddiaçı Açıq Səhmdar Cəmiyyətindən, 80 (səksən) manatı isə Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №2(044)-201/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-201/2022
14.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver