Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-2074/2021 24.06.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 10.10.2019-cu il tarixli qətnaməsi ilə “Mersedes Benz E 220 CDİ”markalı ** EC *** nömrə nişanlı avtomaşının ½ hissəsi üzərində mülkiyyət hüququ tanınmışdır. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 14.10.2020-ci il tarixli qərardadı ilə avtomaşının real dəyərinin müəyyən edilməsi üçün qiymətləndirmə həyata keçirilmiş və qiymətləndirmə zamanı 23.11.2020-ci tarixə avtomaşının dəyərinin 15.700 manat olması müəyyən edilmişdir. Avtomaşın hərraca çıxarılan zaman onun dəyərinin qiymətləndirilmədən xeyli aşağı olduğu bəlli olmuşdur. Cavabdeh avtomaşının hissələrini sökmüş, nəticədə avtomaşının dəyəri 6353 manata enmişdir. İddiaçı dəymiş ziyanın əvəzi olan 9347 manat pulun cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək göstərdi ki, hazırda iş hərrac mərhələsindədir. Avtomobilin detalları cavabdeh tərəfindən satıldığından hərracda avtomobilin aşağı qiymətə satılması qaçılmazdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, işə məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, göründüyü kimi iddiaçı dəymiş ziyanı onunla əlaqələndirir ki, avtomaşının detalları cavabdeh tərəfindən satıldığından avtomaşının real dəyəri aşağı düşmüşdür. Hərracda da aşağı qiymətə avtomobilin satılması qaçılmaz olacaqdır. Məhkəmə bununla bağlı onu qeyd edir ki, göründüyü kimi avtomobillə bağlı hərrac hələ keçirilməmişdir. Mülki Məcəllənin 415.5-ci maddəsinin mənasına görə hərraca çıxarılmış əmlakın satılıb-satılmamasından asılı olmayaraq auksionun və ya müsabiqənin keçirildiyi gün səbəbləri göstərilməklə hərracın nəticələri haqqında protokol imzalanmalıdır. Həmin Məcəllənin 221-ci maddəsinə əsasən isə ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Odur ki, məhkəmə hesab edir ki, nə qədər ki, hələ hərrac keçirilməyib, bununn baş tutub-tutuması ilə bağlı protokol tərtib edilməyib və nəhayət iddiaçının hərracın nəticələrini mübahisələndirmək imkanı itirilmədiyindən hazırda ərizəyə məhkəmədə baxıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2 və 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA A L D İ M: İddiaçı Cavabdeh qarşı ziyanın əvəzinin ödənilməsi tələbinə dair iş üzrə iddia ərizəsinin məhkəmənin icraata qəbul olunmasından imtina edilsin, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. İddiaçıya hərrac təşkilatına müraciət etmək və onun nəticələri ilə bağlı yekun protokolu mübahisələndirmək, hüquqi marağı təmin edilmədikdə isə hazırki iddia ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. İddiaçı tərəfindən bank vasitəsi ilə dövlət büdcəsinə ödənilmiş 30 manat manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. İddiaçıya izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(044)-2074/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-2074/2021
24.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver