Məhkəmə qərarları › İş №2(044)-2085/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2085/2021

13.07.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2085/2021 13.07.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Cəlalzadə Leyla Şahin qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı “istifadə hüququnun tanınması” tələbinə dair mülki işə Gəncə şəhəri Nizami rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı məhkəməyə müraciət edərək gəlin getdiyi, 2010-cu ildən yaşadığı ünvan 1 ünvanda yerləşən evə istifadə hüququnun tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o Cavabdeh3 15.07.2010-cu ildə rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuş,birgə nikahlarından 02.06.2011-ci il təvəllüdlü X3 və 01.04.2014-cü il təvəllüdlü X6 doğulmuşdur. Ailə quran zaman ona məxsus olan cehiz əşyalarım ünvan 2 ünvandakı iki otaqlı Cavabdeh3 mərhum babası X1 adına olan 44.0 kv.m. sahəli mənzilə yerləşdirilmişdir. Lakin ev sahibi öldüyündən o, evə qeydiyyata salınmamışdır. Musa Mustafayevin övladı olan qaynatası X5 da ailəsi ilə həmin evdə yaşamış və 29.04.2015-ci ildə rəhmətə getmişdir. Sözügedən evdə 9 nəfər qeydiyyatda olsa da, ailə qurduqları vaxtdan bir neçə il sonra qaynanası Rəna, qaynı Elnur, yoldaşı Elton(Eltun) və o uşaqları ilə birlikdə Rusiyanın Peteqorsk şəhərinə getmişlər. Orada həyat yoldaşı 2014-cü ildə həbs edilmişdir. Bir il sonra qaynanası Cavabdeh2 onu uşaqları ilə birlikdə Gəncə şəhərində olan yaşadıqları evə qalmaq üçün yola salmışdır. O, həmin vaxtdan iki azyaşlı övladları ilə evdə tək yaşamışdır. Sözügedən ev Gəncə şəhəri Mənzil İstismar Tresti tərəfindən 1993-cü il tarixdə həyat yoldaşı Cavabdeh3 babası X1 ailə üzvləri nəzərə alınaraq, adına verilmiş və 676 nömrəli şəxsi hesab vərəqəsi açılmışdır. Musa Mustafayevin digər oğlu hazırkı iş üzrə cavabdeh olan Cavabdeh1 olmuş, onun arvadı Tahirə, övladları Elsun və Yaqut olmuş, onlar sözügedən ünvanda olan digər yaşayış sahələrində ayrı təsərrüfatda olmaqla uzun illərdir ki, Rusiyanın Peteqorsk şəhərində ailəlikcə yaşayırlar. Sözügedən ünvanda formal olaraq qeydiyyatda qalırlar. O, Rusiyadan qayıtdıqdan sonra evin kommunal xərcləri onun tərəfindən ödənilmişdir. Qaynanası və qaynı hazırda Rusiyada yaşayırlar. Qaynanası xəstədir, daimi müalicə qəbul edir, qaynı isə ailə qurub. Bu səbəbdən də uzun İllərdir ki, sözügedən evdə yaşamırlar. Həyat yoldaşı Cavabdeh3 hazırda Gəncə şəhər Psixiatriya xəstəxanasında müalicə qəbul edir. Gəncəşəhəri Kəpəz rayon Məhkəməsinin 17.09.2020-ci il tarixli 2(043)-2825/2020 saylı qətnaməsi ilə pozulmuşdur. O, məcbur qalıb məhkəməyə müraciət etmişdir. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir: Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 15.07.2010-cu il tarixli AZ-İ 558782 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh3 ilə X7 arasında nikah bağlanmışdır; Gəncə şəhəri Kəpəz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 09.09.2011-ci il tarixli AZ-İİ 709045 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təstiq olunmuş surətindən görünür ki, X3 02.06.2011-ci il tarixdə Rusiya Federasiyasının, Pyatiqorski, Stavrapol vilayətində anadan olmuşdur. Valideyinləri Cavabdeh3 Qəhraman oğlu ilə X4r; Gəncə şəhəri Kəpəz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 06.05.2014-cü il tarixli AZ-İİİ 292655 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təstiq olunmuş surətindən görünür ki, X6 01.04.2014-cü il tarixdə Rusiya Federasiyasının, Pyatiqorsk şəhərində anadan olmuşdur. Valideyinləri Cavabdeh3 Qəhraman oğlu ilə X4r; Gəncə şəhəri Kəpəz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 03.11.2020-ci il tarixli AZ-İ 357911 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh3 ilə X7 arasında bağlanmış nikah 03.11.2020-ci il tarixdə pozulmuşdur; AR Səhiyyə Nazirliyi Gəncə şəhər Xəstəxanası tərəfindən verilmiş 02.10.2020-ci il tarixli, X/t 2099/20 saylı məktubundan görünür ki, Cavabdeh3 10.09.2020-ci il tarixdən Gəncə şəhər Psixiatriya xəstəxanasında stansionar müalicədədir; AR Dövlət Arxiv idarəsinin Gəncə filialının verdiyi 05.07.2017-ci il tarixli, 739/5 saylı arxiv arayışından görünür ki, X2 ailə tərkibi 9 nəfərdən ibarətdir; ETİRAZİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə dərək iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış, buna baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, gəlməməsinin səbəbləri bаrədə məhkəməyə məlumаt verməmişdir və işə оnun iştirаkı оlmаdаn bаxılmаsı bаrədə məhkəməyə vəsаtət dаxil оlmаmışdır. Azərbaycan Respublikası MPM-nin 185.1-ci madədsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə iddiaçının məhkəmə iclasına gəlməməyinin səbəbini üzürlü hesab etmədiyindən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə, iş materiallarını araşdıraraq, iddiaçının izahatını dinləyərək, iddia tələbinin dəlillərini iş materiallarında olan iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşin mübahisəsiz hallarından müəyyən edilir ki, iddiaçı ünvan 2 ünvanda istifadə hüququnun tanınmasını xahiş edir. İddiaçının həmin evlə bağlı mülki hüquq münasibəti o evə gəlin köçərkən, yəni 2010-cu ildə yaranmışdır.İşin hallarından göründüyü kimi iddiaçının istifadə hüququnun tanınmasını tələb etdiyi ev Kirovabad şəhər Mənzil Təmir İstismar Trestinə aiddir və həmin mənzildə 9 nəfər kirayəşinlər qeydiyyata alınmışdır. İddiaçı həmin evdə kirayəçi kimi qeydiyyata alınmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarına gorə yaşayış sahəsinin mulkiyyətcisi ilə ailə munasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış munasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan munasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin muddəaları tətbiq edilməlidir. Mənzil Məcəlləsinin 59.1-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf–dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 59.4-cü maddəsinə görə sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi üzərində yaranmış hüquqlar qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınır. İşin hallarından göründüyü kimi iddiaçı 2010-cu ildə mübahisəli mənzilə gəlin köçsə də, o sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisi olmadığından onun həmin mənzil üzərində hər hansı hüquqları yaranmamışdır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının hər hansı hüququ yaranmadığından onun həmin mənzilə dair istifadə hüququ tanına bilməz. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə Q ə t e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı “istifadə hüququnun tanınması” tələbinə dair iddia tələbi təmin edilməsin. Ödənilmiş 10 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar