Məhkəmə qərarları › İş №2(044)-2091/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2091/2021

13.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2091/2021 13.07.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili X7 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair mülki işə Gəncə şəhəri Nizami rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair məhkəmədə iddia qaldıraraq, 25.07.2012-ci il tarixdə anadan olmuş X2 və 31.12.2015-ci il tarixdə anadan olmuş X1 üçün Cavabdeh tutulacaq alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat aliment tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini müdafiə etməklə izahatında bildirmişdir ki, o, Cavabdeh ilə 2011-ci ildə rəsmi nikah qaydasında evlənmişlər. Birgə nikahlarından 25.07.2012-ci il tarixdə X5 və 31.12.2015-ci il tarixdə X8 adlı iki övladları dünyaya gəlmişdir. Aralarındakı nikah Gəncə şəhəri Nizami rayon Məhkəməsini 02.05.2016-cı il tarixli, 2(044)-199/2016 saylı qətnaməsinə əsasən pozulmuş, uşaqlar onun himayəsində saxlanılmış və uşaqların saxlanılması üçün hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat aliment qət edilmişdir. Daha sonra Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 05.09.2019-cu il tarixli, 2(044)-2779/2019 saylı qətnaməsinə əsasən müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək uşaqların saxlanılması üçün hər ay 130 manat olmaqla, cəmi 260 manat aliment müəyyən edilmişdir. Uşaqların bütün qayğısını özü çəkir. O, heç bir yerdə işləmir, cavabdeh alimenti zorla verir. Uşaqlara baxmaqda maddi cəhətdən çox əziyyət çəkir, cəmi 260 manat aliment çox azdır. Cavabdeh fərdi əməklə məşğul olur, qazancı var. Cavabdeh nümayəndəsi və vəkili X10 məhkəmə iclasında bildirmişdir ki, Cavabdeh hal-hazırda Rusiya Federasiyasındadır. İşləmir. İmkanı olmasa da valideynlərinin köməyi ilə alimenti vaxtlı-vaxtında ödəyir. Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 05.09.2019cu il tarixli, 2(044)-2779/2019 saylı qətnaməsi ilə alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 130 manat, cəmi 260 manat məbləğində müəyyən edilmişdir. Alimentin ikinci dəfə artırılmasına etiraz edir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, mübahisənin həllində tətbiq edilməli olan hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş 21.11.2019-cu il tarixdə Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı nikahları 04 oktyabr 2016-cı il tarixdə 276 saylı akt qeydi ilə ləğv edilmişdir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahından 25.07.2012-ci il tarixdə X5 və 31.12.2015-ci il tarixdə X8 adlı uşaqları anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 02.05.2016-cı il tarixli, 2(044)-199/2016 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh oğlu ilə İddiaçı arasında 23.09.2011-ci il tarixdə Gəncə nikah evində 337 saylı akt qeydilə qeydiyyata alınmış nikahın pozulması, boşanmadan sonra 25.07.2012-ci il təvəllüdlü X2 və 31.12.2015-ci il təvəllüdlü X3 anası X4 yanında saxlanılması, 25.07.2012-ci il təvəllüdlü X2 və 31.12.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün 02 may 2016-cı il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimentin alınaraq X6 verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 05.09.2019-cu il tarixli, 2(044)-2779/2019 saylı qətnaməsinin surətindən görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 02.05.2016-cı il tarixli, 2(044)-199/2016 saylı qətnaməsinə əsasən müəyyən olunmuş alimenin məbləği dəyişdirilməklə, 25.07.2012-ci il təvəllüdlü X2 və 31.12.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 130 manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 34.4-cü maddəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə görə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edilə bilər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment təyin edilərkən təyin ediləcək alimentin miqdarı yetkinlik yaşına çatmayan uşaqların hüquq və mənafeləri, o cümlədən onların psixi və fiziki inkişafına uyğun həddə təyin edilməli, hər bir halda uşaqların hüquq və mənafeləri birinci gözlənilməlidir. Bundan başqa, 2019-cu ildən alimentlə bağlı məhkəmə qətnaməsi qəbul edildikdən sonra minimum istehlak səbəti də artmış, uşaqlar 2 yaş da böyüyərək onların təlabatlarının da artması qaçılmaz olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 05.09.2019-cu il tarixli, 2(044)-2779/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 140 manat olmaqla, cəmi 280 manat sabit pul məbləğində müəyyən edilməlidir. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci hissəsində məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə araşdırması zamanı alimentin məbləğinin artırılaraq, hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat məbləğində tutulmasına dair hüquqi əsaslar müəyyən edilməmişdir. Belə ki, iddiaçı bununla bağlı sübutlarını məhkəməyə təqdim edə biıməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 05.09.2019-cu il tarixli, 2(044)-2779/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq hər ay hər uşaq üçün 140 manat olmaqla, cəmi 280 manat sabit pul məbləğində müəyyən edilməli, iddia tələbi qalan hissədə təmin edilməmildir. Alimentin artırılmış məbləğinin hansı tarixdən tutulması məsələsi ilə bağlı məhkəmə aşağdakıları qeyd etməyi zəruri hesab edir. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 5-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də məhkəmə hesab edir ki, alimentin dəyişdirilmiş miqdarı məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. 25.07.2012-ci il tarixdə anadan olmuş X2 və 31.12.2015-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh tutulan alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 140 manat olmaqla, cəmi 280 manat sabit pul məbləğində müəyyən edilsin. 25.07.2012-ci il tarixdə anadan olmuş X2 və 31.12.2015-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 140 manat olmaqla, cəmi 280 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Alimentin dəyişdirilmiş miqdarı məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar