Məhkəmə qərarları › İş №2(044)-2099/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2099/2020

20.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2099/2020 20.08.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, X5 oğlunun katibliyi, iddiaçı Camalova (Tağıyeva) Xəyalə Muhəmməd qızının iştirakı ilə, iddiaçı Camalova (Tağıyeva) Xəyalə Muhəmməd qızının Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Camalova (Tağıyeva) Xəyalə Muhəmməd qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh tutulan alimentin məbləğinin artırılaraq hər ay hər uşaq üçün 200 manat tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək bildirmişdir ki, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(044)-2375/2019 saylı qətnaməsi ilə xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün xx.xx.2019-cu il tarixdən başlayaraq, Cavabdeh onun xeyrinə hər ay cəmi 200 manat məbləğində aliment tutulması qət edilmişdir. Hazırkı dövrdə bir uşağa 100 manat aliment çox aşağıdır, aylıq 200 manat aliment uşaqların tələbatını ödəmir. Cavabdehin gəliri olmasına baxmayaraq xəstəliyini bəhanə edərək alimenti vaxtında ödəmədiyi üçün borcu yaranmışdır. Sonda iddiaçı iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, o, hər ay cəmi 200 manat alimenti ödəməkdə çətinlik çəkir, buna görə də onun aliment borcu yaranmışdır. Həmçinin o, ağır şəkər xəstəsi olduğu üçün işləyə bilmir və alimentin tutulduğu müddətdən onun gəlirlərində heç bir artım olmamışdır. O, xəstəliyi ilə əlaqədar dərmanlarını almaq da çətinlik çəkir. Sonda cavabdeh məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Mülki iş materiallarında olan: - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahdan xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X3 adlı 2 uşaqları vardır. - Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə Camalova (Tağıyeva) Xəyalə Muhəmməd qızı arasında olan nikah xx.xx.2020-ci il tarixdə pozulmuşdur. - X9 Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(044)-2375/2019 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə Camalova (Tağıyeva) Xəyalə Muhəmməd qızı arasında olan nikah pozulmuş, xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün xx.xx.2019-cu il tarixdən başlayaraq, Cavabdeh Camalova (Tağıyeva) Xəyalə Muhəmməd qızının xeyrinə hər ay hər uşağa 100 manat olmaqla, cəmi 200 manat məbləğində aliment tutulması qət edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş Gədəbəy rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsi Konsultativ poliklinika şöbəsi tərəfindən verilmiş arayışın surətindən görünür ki, Cavabdeh Şəkər xəstəliklər qeydiyyatında İİ tip ağır şəkərli diabet diaqnozu ilə qeydiyyata alınmışdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü hissəsində qeyd olunmuşdur ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. Qeyd olunan normaların məzmunundan görünür ki, uşaqların saxlanması yalnız atanın deyil, hər 2 valideynin həm vəzifəsi, həm də hüququ kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Normanın məzmunundan göründüyü kimi, alimetin miqdarının dəyişməsi üçün əsas şərt tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişikliyin olmasıdır. Hazırki halda isə aliment tutulması ilə bağlı qətnamə çıxdığı xx.xx.2019-cu il tarixdən keçən 8 ay müddətində cavabdehin maddi vəziyyətində dəyişikliyin olmasına dair iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Halbuki Azərbaycan Respublikası Mülki – Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə uşaqların saxlanılmasının hər iki valideynin vəzifəsi olduğunu, cavabdeh tərəfindən uşaqların saxlanılması üçün iddiaçıya ümumilikdə 200 manat sabit pul məbləğində alimentin ödənilməsinə dair məhkəmə qətnaməsinin mövcudluğunu, cavabdehin xəstəliyini və gəlirlərində artım olmadığını nəzərə alaraq hesab edir ki, alimentin məbləğinin dəyişdirilməsi üçün əsaslar olmadığına görə iddia rədd edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: iddiaçı Camalova (Tağıyeva) Xəyalə Muhəmməd qızının Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində X9 Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar