Məhkəmə qərarları › İş №2(044)-2109/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2109/2021

16.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2109/2021 16.08.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nazim oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh X1 iştirakı ilə, İddiaçı cavabdeh X2 qarşı «aktın etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdeh X4 tərəfindən imzalanmış 12.03.2020-ci il tarixli aktın etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, tanışı Qasımov Vüsal ilə bəzi vaxtlarda birgə xırda alverlə məşğul olmuşlar. Təxminən iki il bundan əvvəl o, bildirdi ki, Cavabdeh adlı şəxsdən sələmə 44 000 manat pul götürmüşdür. Vüsal təklif etdi ki, pulu sənə verim şərikli alver edib,həm biz qazanarıq,həm də borcu qaytararıq. Alverlə məşğul olanda o, qazanclarını cavabdehə verirmiş.O isə 15 gündən bir iddiaçıya 2000 ABŞ dolları məbləğində faiz verirdi. Lakin sonradan alver çox zəiflədi demək olar ki, heç qazancları olmurdu. Buna baxmayaraq iddiaçı hər ay Vüsaldan sələmini tələb edirdi. Son vaxtlar o, Vüsaldan ayda 7000 manat ödəniş etməyini tələb etmişdir. İddiaçı əvvəllər sələmi 4-5 faizə versə də Vüsalın üzü yola adam olduğunu görüb pulun məbləğini hər dəfə qaldırırdı. Vəziyyət o həddə çatmışdı ki, hər şeyi satıb ona verməli olmuşlar. Vüsal ona verdiyi pulun hesabını iddiaçıya inandığı üçün sənədləşdirməmişdir. Koronovirus Pandemiyası başlayanda isə alver tam dayandı,heç bir gəlir olmadı,əksinə mallar qiymətdən düşdü, ziyan etdilər. O, 2020-ci ilin əvvəllərində eşitmişdir ki,cavabdeh Vüsalı oğurlayıb aparıb,ona sataşmaq istəyib,öldürməklə hədələyib.Onu xilas etmək məqsədi ilə iddiaçı ilə görüşüb, söz vermişdir ki, pulunun qalanını imkanları olan kimi ödəyəcəklər. Belə razılaşmışlar ki, 12.03.2021-ci il tarixdə Ramizin çayxanasında yığışıb şahidin iştirakı ilə akt tərtib etsinlər, aktı notariusda təsdiq edilsin. Lakin çayxanaya gələndə iddiaçı əlində hazır akt gətirdi. Onlar cavabdehin hədələrindən qorxduqları üçün akta imza etmişlər. Latın qrafikasını bilmədikləri üçün orada nə yazıldığını bilməmişlər. Akta imza edən cavabdehin dostu Qurbanov Rahib onların cavabdehlə olan haqhesabından xəbəri olmayıb. O, iddiaçının tərtib etdiyi akta dostluq xatirinə imza etmişdir. Aktı cavabdehin həyat yoldaşı yazmışdır. Ancaq axirinci cümləni o, öz xətti ilə yazmışdır. Onlar akta imza edəndə orada pul olmayıb. Cavabdeh məhkəmədə onlara qarşı pul tələbinə dair iddia qaldırmışdır. Nizami rayon məhkəməsinin 02.02.2021-ci il tarixli 2(044)-393/2021 saylı qətnaməsi ilə Cavabdeh iddiası qismən təmin edilmiş, X3 və ondan müştərək qaydada 46000 (qırx altı min) ABŞ dolları ödəniş vaxtına manatın məzənnəsi üzrə alınaraq ona verilməsi qət olunmuşdur. Akt notarius tərəfindən təsdiq edilməmişdir. Aktda göstərilir ki, guya o cavabdehə 44000 (qırx dörd min) manat məbləğində pul borcludur. Əslində isə o, heç vaxt ona borc pul verməmişdir. Onun qətnamədəki ifadəsindən də görünür ki, o, pulu Vüsala vermişdir. Sonradan isə, Vüsal cəmi 44000 manat pul vermişdir. O, həmin puldan 17000 manatını Vüsalla birlikdə Rufata qaytarmışdır. Cavabdehdən o, heç vaxt pul almamışdır. Buna baxmayaraq Vüsala dəstək olmaq, onu düşdüyü ağır vəziyyətdən çıxarmaq üçün o akta imza etmişdir. Aktda Rufat öz xətti ilə qeyd edir ki, hər ay biz ona 500 manatdan 5000 manatadək pul ödəməliyik.Özü də pulu manatla ödəyəcəyik. Bundan sonra o, hər dəfə 500 manat olmaqla iki dəfə Rufata pul göndərmişdir. Lakin koronovirus pandemiyası ilə əlaqədar olaraq onlar demək olar ki, qazanc əldə etmirlər. Vüsal da, o da əlində, evində nə varsa sələmçi cavabdehə vermək məcburiyyətində olmuşlar. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir: Belə ki, iş materiallarında olan, 12.03.2020-ci il tarıxli, alyazmadan görünür ki, akt tərtib edilir ondan ötəri ki, X4, X5 və İddiaçı, X7 iştirakı ilə 46000 ABŞ dolları alver məqsədi ilə pul vermişdir. Pulun bir hissəsini, yəni 26000 ABŞ dollarını ayda 3000 AZN verməklə razılaşmışlar. Ödəniş hər ayın 25-nə kimi İddiaçı və X9 ödəməyə razılıq vermişdir; Gəncə şəhər Nizami rayon Məhkəməsinin 02.02.2021-ci il tarixli, 2(044)-393/2021 saylı qətnaməsindən görünür ki, cavabdehlər İddiaçı və X3 müştərək qaydada 46000 ABŞ dolları ödəniş vaxtına manatın məzənnəsi üzrə və ödənilmiş 30 manat dövlət rüsumu lınaraq iddiaçı X2 ödənilməsi qət edilmişdir; ETİRAZİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh X4 iddia tələbini qəbul etmədiyi və iddianın təmin olunmamasına dair qətnamə çıxarılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyərək, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəllənin 14.1-ci maddəsinə əsasən Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir (MM-nin 14.2.1-ci maddəsi) MM-in 390-cı maddəsində müəyyən edilmiş müqavilə azadlığı Konstitusiyanın 29-cu və MM-in 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Sözügedən müddəa ilə fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar. Müqavilə azadlığı prinsipi yalnız mülki hüquq prinsipi kimi deyil, eyni zamanda, konstitusiya prinsipi kimi də qəbul olunur. Bu prinsipə təkcə hüquqi baxımdan deyil, həmçinin iqtisadi və etik normalar baxımından da yanaşmaq lazımdır. MM-in “Müqavilə hüququ” adlı 20-ci Fəslində yer alan və bütün müqavilələrə şamil olunan 399 və 399.3-cü maddələri baxımından müqavilə azadlığı prinsipinə formal bərabərlik kimi baxıla bilər. Lakin konstitusiya prinsipi olan müqavilə azadlığı prinsipinə əsaslanaraq kredit müqavilələrini tənzimləyərkən, qanunverici elə bir tənzimləmə şəraiti yaratmalıdır ki, müqavilədə iqtisadi cəhətdən zəif olan tərəfə müəyyən üstünlüklər təqdim etməklə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi zamanı bərabərlik prinsipinin gözlənilməsini real təmin etmiş olsun.(Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarı). İstənilən halda məhkəmələr bu kimi məsələlərə baxarkən müqavilə azadlığı, azad sahibkarlıq fəaliyyəti, sosial dövlət və s. kimi müxtəlif konstitusiya dəyərləri arasında balansı gözləməli, işlə əlaqədar hər hansı qərarı qəbul etməmişdən əvvəl onun iqtisadi və sosial nəticələrini qabaqcadan görməlidirlər. Qanunvericilik mülki dövriyyə iştirakçılarına müqavilə azadlığını təqdim edərkən hüququn ümumi prinsipinə müvafiq olaraq onların vicdanlı olmaları ehtimalından çıxış etmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” 2012-ci il 12 mart tarixli Qərarı). Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 342.4 və 324.5-ci maddələri). Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Bu məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Daşınmaz əşyaların (o cümlədən yaşayış mənzilinin) alqı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Əqdin notariat qaydasında təsdiqlənməsi Mülki Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Əqdin notarial təsdiqlənməsi qaydası notariat haqqında qanunla müəyyənləşdirilir (Mülki Məcəllənin 329.1, 334.1, 334.2, 334.3.1 və 647.1-ci maddələri). «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin müddəalarına görə notariat hərəkətlərinin aparılması qaydaları bu Qanun, Azərbaycan Respublikasının digər qanunvericilik aktları və onların əsasında Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi müvafiq təlimatla, Azərbaycan Respublikasının konsulluqlarında aparılan notariat hərəkətlərinin qaydaları, həmçinin Azərbaycan Respublikasının Konsul Nizamnaməsi, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının birgə təsdiq etdiyi təlimatla müəyyən edilir. Həmin Qanunun 46-cı maddəsində göstərilir ki, qeydiyyatdan keçməli olan əmlakın özgəninkiləşdirilən və ya girov qoyulan əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədlər, habelə ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlanması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. İddiaçı müqavilənin(aktın)etibarsızlığını bir sıra dəlillərlə əsaslandırmışdır. İddiaçı iddia edir ki, əqd notariat kontorunda bağlanmamışdır. Məhkəmə bu dəlillə bağlı onu qeyd edir ki, Mülki Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə görə isə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Göründüyü kimi Mülki Məcəllədə borc müqaviləsinin notarial qaydada bağlanılması ilə bağlı imperativ göstəriş nəzərdə tutulmamışdır. Müqavilənin predmeti olan pulun mövcud olmaması ilə bağlı məhkəmə onu qeyd edir ki, Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İş materiallarında olan Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 02.02.2021-ci il tarixli qətnaməsindən müəyyən edilir ki, mövcud müqavilə borcun etirafı müqaviləsi olmuşdur. Bu hal pul tələbinə dair işə baxılarkən şahid X8 ifadəsi ilə də müəyyən edilmişdir. Mülki Məcəllənin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Müəyyən edildiyi kimi qeyd olunan maddi hüquq norması tələbin qanuni əsası kimi çıxış etməklə mübahisə olunan hüquq münasibətinə tətbiqi belə nəticəyə gəlməyə əsas verir ki, bir tərəfdən Cavabdeh digər tərəfdən isə Qasımov Vüsal və Həsənov Xaqani olmaqla tərəflərin öz aralarında 12.03.2020-ci ildə bağlanmış sadə yazılı razılaşmadan görünür ki, X6 cavabdeh qarşısında vəzifələrini müəyyən edən öhdəlik münasibətləri yaranmışdır. İş materialları ilə müəyyən olunur ki, borclu kredit müqaviləsinə əsasən müəyyən olunmuş öhdəliyini tam yerinə yetirməmiş, öhdəliyin şərtlərini pozmuşdur. Məhkəmə hədə təsiri altında aktın imzalanması ilə bağlı dəlilləri də əsassız hesab etmir. Belə ki, iddiaçı 12.03.2020-ci ildə müqaviləni imzaladıqdan sonra hədə mövcud olduğu halda hüquq mühafizə orqanlarına müraciət etməmiş, hazırda da hədənin nədən ibarət olmasına dair sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Mülki Məcəllənin 339.4-cü maddəsinə görə əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Göründüyü kimi iddiaçının yaşı, onun kişi cinsindən olması, müqavilə bağlanarkən tək olmaması onu deməyə əsas verir ki, həmin vaxt onun şəxsən özünü real təhlükə gözləməsi inandırıcı deyildir. Məhkəmə iddia tələbini digər əsasla da əsassız hesab edir. Belə ki, iddiaçı akta imza etdiyi vaxtdan hüquqlarının pozulmasından xəbərdar olsa da, aktın etibarsızlığı ilə bağlı məhkəməyə bir ildən sonra müraciət etmişdir. Halbu ki, Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin məcəllənin 76.2. maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlar, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü də iddiaçının üzərinə düşür. Məhz iddiaçı iddia ərizəsində göstərilmiş müqavilələrin etibarsızlığı üçün əsas olan halları təsdiq edən sənədi təqdim etməlidir. Hazırki mübahisənin həlli ilə əlaqədar olaraq qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə ilk növbədə iddiaçı tərəfin öz tələblərini əsaslandıran bütün faktları və onları dəstəkləyən sübutlarını məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçı tərəfin mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqinə dair təqdim etdiyi sübutlara əsasən iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yaranadığı zaman quvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 10 manat məbləğində dövlət rüsumu onun özlərinə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdeh X2 qarşı «aktın etibarsız hesab edilməsi» tələbinə dair iddia tələbi təmin edilməsin. Ödənilmiş 10 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində Gənçə şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar