Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2242/2021 29.07.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərli Roman Nəriman oğlu, İddiaçı LPO "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəyə baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı LPO "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı məhkəmədə iddia qaldıraraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı LPO "xxxx" ASC-nin xeyrinə 969.35 (doqquz yüz altmış doqquz manat, otuz beş qəpik) manat əsas borc, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 378.56 (üç yüz yetmiş səkkiz manat, əlli altı qəpik) manat faiz borcu, cəmi 1347.91 (min üç yüz qırx yeddi manat, doxsan bir qəpik) manat borc və iş üzrə ödənilmiş 30 manat 40 qəpik dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İŞİN HALLARİ İddiaçı LPO "xxxx" ASC tələbini onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Gəncə şəhər 22 saylı filialı ilə Cavabdeh1 arasında bağlanmış 22 fevral 2012-ci il tarixli, İK090F22/12 saylı kredit müqaviləsinə əsaəsn cavabdehə 12 ay müddətinə illik 30 faiz dərəcəsi ilə 1500 (min beş yüz) manat məbləğində istehlak xərclərinin ödənilməsi üçün kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə Bank arasında 22 fevral 2012-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 3.2-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin 3.9-cu bəndinə əsasən Cavabdeh1 müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. 12.02.2021ci il tarixə Cavabdeh1 kredit üzrə cəmi borcu 1347.91 (min üç yüz qırx yeddi manat, doxsan bir qəpik) manat təşkil edir. Bundan 969.35 (doqquz yüz altmış doqquz manat, otuz beş qəpik) manat əsas borcu, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 378.56 (üç yüz yetmiş səkkiz manat, əlli altı qəpik) manat faiz borcu təşkil edir. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********27 saylı 23.02.2021-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun banka qaytarılmasını təmin etməmişdir. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir: 22 fevral 2012-ci il tarixli, İK090F22/12 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh1 LPO "xxxx" ASC tərəfindən illik 30 faizlə 12 ay müddətinə 1500 (bir min beş yüz) manat məbləğində kredit verilmişdir; 22 fevral 2012-ci il tarixli, İKZ090F22/12 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliklərin borcalan tərəfindən yerinə yetirilmədiyi və ya lazımınca yerinə yetirilmədiyi təqdirdə bank qarşısında birgə məsuliyyət daşıyırlar. PROSESSUAL MƏSƏLƏLƏR Ərizəyə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə görə ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Qeyd edilən Məcəllənin 284-5.2-ci maddəsinə əsasən isə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri yoxlayaraq, iddia ərizəsinin dəlillərini və iddiaya qarşı əsaslandırılmış etirazın olmamasını nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması–öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin şərh olunmuş normaları və tərəflər arasında bağlanmış 22 fevral 2012-ci il tarixli, İK090F22/12 saylı kredit müqaviləsinin yuxarıda qeyd olunmuş müddəaları baxımından Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, onun tərəfindən kredit öhdəlikləri üzrə müəyyən ödənişlər edilsə də, sonradan ödənişlərin edilməsi dayandırılmışdır. Bu halda öhdəliyin lazımınca icra edilməməsinə görə onun məsuliyyət məsələsi Mülki Məcəllənin 443.1-ci maddəsinə görə həll edilməlidir. Həmin maddəyə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Beləliklə, iddiaçının Cavabdeh1 münasibətdə tələbi qanuni və əsaslı olduğu üçün təmin edilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, iddiaçının cavabdeh (zamin) Cavabdeh2 münasibətdə də tələbi qanuni və əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Yuxarıda da qeyd olunduğu kimi iddiaçı ilə cavabdeh (zamin) Cavabdeh2 arasında bağlanmış 22 fevral 2012-ci il tarixli, İKZ090F22/12 saylı zaminlik müqaviləsindən müəyyən olunmuşdur ki, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır və kreditor borclu tərəfindən kredit müqaviləsinin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda həm borclu, həm də zaminə qarşı kredit müqaviləsi üzrə tələblərini irəli sürə bilər. Məhkəmə onu da qeyd edir ki, hazırki mübahisənin hüquqi və faktiki halları baxımından cavabdehlər kreditor olan iddiaçının qarşısında müqavilədən irəli gələn birgə borclular kimi çıxış edirlər və müvafiq olaraq da götürdükləri öhdəliklər də birgə öhdəliklər kimi qiymətləndirilməlidir. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçının cavabdehlərin hər ikisinə qarşı eyni zamanda hazırki iddia tələbi ilə çıxış etmək və onlardan kredit borcunun, faizlərin və cərimənin müştərək qaydada tutulmasını tələb etmək hüququ həm də Mülki Məcəllənin 500-cü maddəsinin müddəalarından irəli gəlir. Həmin maddəyə görə əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. Nəhayət, məhkəmə hesab edir ki, zaminə Mülki Məcəllənin 475-ci maddəsində nəzərdə tutulmuş hüquqları izah edilməlidir. Həmin maddəyə görə öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 284-6.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Qeyd edilən qətnamənin 284-6.3-cü maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 22 fevral 2012-ci il tarixli, İK090F22/12 saylı kredit müqaviləsi üzrə iddiaçı LPO "xxxx" ASC-nin xeyrinə 969.35 (doqquz yüz altmış doqquz manat, otuz beş qəpik) manat əsas borc, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 378.56 (üç yüz yetmiş səkkiz manat, əlli altı qəpik) manat faiz borcu, cəmi 1347.91 (min üç yüz qırx yeddi manat, doxsan bir qəpik) manat borc və 30 manat 40 qəpik dövlət rüsumu tutularaq ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 22 fevral 2012-ci il tarixli, İK090F22/12 saylı kredit müqaviləsi üzrə iddiaçı LPO "xxxx" ASC-nin xeyrinə 969.35 (doqquz yüz altmış doqquz manat, otuz beş qəpik) manat əsas borc, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 378.56 (üç yüz yetmiş səkkiz manat, əlli altı qəpik) manat faiz borcu, cəmi 1347.91 (min üç yüz qırx yeddi manat, doxsan bir qəpik) manat borc və 30 manat 40 qəpik dövlət rüsumu ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Gəncə şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 01 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №2(044)-2242/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2242/2021
29.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver