Məhkəmə qərarları › İş №2(044)-2332/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2332/2021

23.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2332/2021 23.09.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim–Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nazim oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı məhkəməyə müraciət edərək Cavabdeh 20000 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxaılmasını xahiş etmişdir. İŞİN HALLARİ İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, onun ünvan 1 ünvanında yaşayış evi vardır. Həmin ev bankda ipoteka olunmuşdur. Təxminən 2016-cı ildə mənim müəyyən probleblərim yaşanmışdı. Bu səbədən o, cavabdehə etibarnamə vermişdir ki, onun evini satsın və bankın borcunu bağlasın. Cavabdeh ev alqı-satqı ilə məşğuldur. Bundan sonra o, məhkəmənin hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəza çəkmək üçün cəzaçəkmə müəssisəsinə göndərilmişdir. Cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra o, notariusa gedib maraqlandıqda ona məlum oldu ki, cavabdeh evi 80.000 manata satıb, həmin puldan isə onun banka olan 60000 manat borcunu ödəyib. O,cavabdehdən pulumun qalığını istəsə də o heç bir əsaslı səbəb göstərmədən pulun qaytarmır. Cavabdeh bildirmişdir ki, qalan 20000 manatı onun başqa borclarına ödəyib. Lakin o, cavabdehdən yalnız evini satıb banka olan borcunun bağlanmasını və qalıq pulun ona qaytarmasını xahiş etmişdir. Odur ki, bu tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir: İş materiallarında olan Gəncə şəhəri 5 saylı notariat kontorunun verdiyi 25.01.2016-cı il tarixli, 7E-1295 reyestr nömrəli etibarnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı, Cavabdeh 3 il müddətinə ümumi etibarnamə vermişdir; Gəncə şəhəri 2 saylı notariat kontorunun verdiyi 16.11.22016-cı il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini X1 80.000 manata satmışdır; DƏDRX-nin verdiyi 30.01.2008-ci il tarixli, MH ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı adınadır; ƏMDK yanında DƏDRX-nin verdiyi 31.08.2013-cü il tarixli RX ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0.04 ha torpaq sahəsi ilə birgə "xxxx"ASC-nin Şəmkir filialında ipoteka ilə yüklü edilmişdir; AR Ədliyyə nazirliyi Penitensiar Xidmətin 16 saylı Cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş 07.09.2020-ci il tarixli, 323 saylı arayışın surətindən görünür ki, İddiaçı 07.09.2016-cı il tarixdən-07.09.2020-ci il tarixədək azadlıqdan məhrum edilmişdir; ETİRAZİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirərək, məhkəmədən işə mahiyyəti üzrə baxılaraq iddianın rədd edilməsinə dair qətnamə qəbul etdiyini xahiş etdi. İddiaçı və onun nümayəndəsinə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir rəsmi məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə cavabdehin izahatını dinləyərək, onun izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 389.1-ci maddəsinə müvafiq olaraq mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı iki və ya bir neçə şəxsin arasında razılaşdırılmış müqavilə əsasında həyata keçirilir. MM-in 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. İşin hallarından, yəni iddiaçının bildirdiklərindən göründüyü kimi iddiaçı ona məxsus fərdi yaşayış evinin satılması ilə bağlı cavabdehə etibarnamə vermiş və həmin fərdi yaşayış evi 80.000 manata satıb, həmin puldan isə onun banka olan 60000 manat borcunu ödəyib. İddiaçı cavabdehdə qalan 20000 manat pulun verilməsini tələb edir. İddia tələbi sübut etmə yükü ilə bağlı olduğundan məhkəmə hesab edir ki, iddiaçı özü sübut etməlidir ki, həqiqətən də onun tərəfindən cavabdehə belə bir tapşırıq verilmiş, cavabdeh isə ona tapşırılmış işi vicdanla görməmişdir.İddiaçı tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmiş, cavabdeh tərəfindən iddia etiraf edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədiyindən iddia tələbi təmin edilə bilməz. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227,238, 240, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair iddia ərizəsi təmin olunmasın. Ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar