Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-241/2021 29.04.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, İddiaçı, Cavabdehlərin nümayəndəsi, vəkil X1 iştirakı ilə, İddiaçı İddiaçı cavabdehlər Cavabdeh1 Nağı oğluna, Cavabdeh2 və Cavabdeh3 qarşı «maddi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Gəncə şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 Nağı oğluna, Cavabdeh2 və Cavabdeh3 qarşı «maddi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə vurulmuş zərərin əvəzinin ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin sahibi cavabdehlər Cavabdeh1 Nağı oğlu, Cavabdeh2 və Cavabdeh3 tərəfindən ödənilməsi, pozulmuş hüququnun bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclərin, ona vurulmuş real zərərin, yəni 2000 (iki min) manat məbləğində pul vəsaitinin ona ödənilməsi və ödənilmiş 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında bildirdi ki, onun müraciəti və Gəncə şəhər İcra Hakimiyyəti Başçısı aparatının Memarlıq və Tikinti şöbəsinin rəyi əsasında Azərbaycan Respublikası Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyətinin başçısının 14.11.2012-ci il tarixli 527 saylı Sərəncamına əsasən ona məxsus ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evində əlavə inşa ediləcək yaşayış və köməkçi sahələrin müvafiq qaydada razılaşdırılmış layihə sənədləri əsasında tikinti işləri aparmasına icazə verilmişdir. O, özünə məxsus fərdi yaşayış evində Gəncə şəhər İcra Hakimiyyətinin “Memarlıq və Tikinti” Bölməsi tərəfindən tərtib edilmiş və Gəncə şəhərinin Baş Memarı ilə 01 noyabr 2012-ci il tarixdə razılaşdırılmış layihə sənədləri əsasında yenidənqurma işləri aparmışdır. Onun və ailə üzvlərinin evdə olmamağından sui istifadə edən, ünvan 4 ünvanda yaşayan Cavabdeh1 Nağı oğlu adlı qonşusunun oğlu Samir və Ramin ilə onun darvazasını nərdivanla aşaraq onun inşa etdirdiyi tikilinin bir hissəsini kuvaltla uçuraraq onun əmlakına küllü miqdarda ziyan vurmuşlar. Cavabdeh1 və oğlanları Samir və Raminin qeyri qanuni hərəkətlərinə, özbaşınalıqlarına və qonşuluğa yaraşmayan hərəkətlərinə son qoymalarını, bu barədə qanunla, müəyyən edilmiş qaydada ölçü götürülməsi barədə aidiyyəti Dövlət orqanlarına dəfələrlə müraciətlər etməsinə baxmayaraq heç bir ölçü götürülməmişdir. O, məhkəmə eksperrtizasının rəyi ilə razıdır. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlərin nümayəndəsi, vəkil X2 məhkəmə iclasında bildirdi ki, iddia tələbində göstərilən və iddiaçının iddia etdiyi cavabdehlər tərəfindən iddiaçıya məxsus ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evinə aid mişar daşında inşa olunmuş tikilinin divarlarının sökülməsi nəticəsində dəymiş ziyan tələbi tam əsassızdır. Məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehlərin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, 07.07.1989-cu il tarixli 587-32 saylı qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Kirovabad şəhəri, Myasnikov küçəsi, (Gəncə şəhəri, H.Z.Tağıyev) 106 saylı fərdi yaşayış evi İddiaçı adına qeyd edilmişdir. 28.08.2020-ci il tarixli qərarın surətindən görünür ki, İddiaçı şikayəti əsasında toplanmış material mülki xarakterli olduğundan və heç bir cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16.03.2021-ci il tarixli rəyindən görünür ki, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə aid mişar daşında inşa olunmuş tikilinin divarlarının bir hissəsinin sökülməsi nəticəsində ziyanın dəydiyi müəyyən edilmiş, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə aid mişar daşından inşa olunmuş tikilinin divarlarının bir hissəsinin sökülməsi nəticəsində dəymiş ziyanın aradan qaldırılması üçün aparılmalı tikinti-təmir işlərinin təqribi dəyəri bazar qiymətlərinə uyğun olaraq 175.0 manat məbləğində olduğu müəyyən olunmuşdur (ekspertiza xərci 100 manat). Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, cavabdehlər Cavabdeh1 Nağı oğlu, Cavabdeh2 və Cavabdeh3 tərəfindən iddiaçıya məxsus ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə aid mişar daşında inşa olunmuş tikilinin divarlarının bir hissəsinin sökülməsi nəticəsində İddiaçı 175.0 (yüz yetmiş beş) manat məbləğində ziyan dəymişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. İşin müəyyən olunmuş faktiki hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, cavabdehin iddiaçının əmlakına vurulmuş zərərə görə mülki hüquqi məsuliyyəti yaranmışdır. Zərərin əvəzinin ödənilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə cavabdeh tərəfindən delikt törədildiyi müəyyən olunduğundan məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası da məhz delikt hüququndan irəli gəlir. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Belə ki, Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1 və 1108.2-ci maddələrində isə təsbit edilmişdir ki, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Beləliklə iddia tələbindən göründüyü kimi iddiaçı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə vurulmuş zərərin ödənilməsini tələb edir və həmin zərərin həcmini 2000 (iki min) manat məbləğində qiymətləndirmişdir. Məhkəmə bununla bağlı nəzərə alır ki, iddiaçı onun əmlakına məhz 2000 (iki min) manat məbləğində zərər vurulduğunu təsdiq edən sübut təqdim etməmişdir. Belə olan halda məhkəmə iddia ərizəsində göstərilən tələbi araşdırarkən belə nəticəyə gəlir ki, mötəbər sübut mənbəyi kimi zərərin həcmi kimi ekspert rəyi əsas götürülməli, cavabdehlər tərəfindən törədilmiş delikt nəticəsində iddiaçının əmlakına vurulmuş zərərin həcmi kimi ekspert rəyi mötəbər sübut kimi qəbul edilməli və iddia tələbi həmin məbləğdə 175.0 (yüz yetmiş beş) manat təmin olunmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, cavabdehlərdən iddiaçıya məxsus ünvan 1 ünvan aid mişar daşında inşa olunmuş tikilinin divarlarının bir hissəsinin sökülməsi nəticəsində 175.0 (yüz yetmiş beş) manat məbləğində maddi ziyan və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq pul alınaraq iddiaçıya verilməlidir. İş üzrə məhkəmə ekspertiza xərci 100 manat cavabdehlər Cavabdeh1 Nağı oğlu, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, VÖEN:-**********, müxbir hesab: AZ41NABZ********************, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, hesab № AZ43CTRE********************, SWİFT BİK: STREAZ22, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142319-a ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 Nağı oğlundan, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 175.0 (yüz yetmiş beş) manat və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq, İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə məhkəmə ekspertiza xərci 100 manat cavabdehlər Cavabdeh1 Nağı oğlu, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, VÖEN:-**********, müxbir hesab: AZ41NABZ********************, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, hesab № AZ43CTRE********************, SWİFT BİK: STREAZ22, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142319-a ödənilsin. Qətnamədən bir ay müddətinə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-241/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-241/2021
29.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver