Məhkəmə qərarları › İş №2(044)-2413/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2413/2021

11.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2413/2021 11.08.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlu, X4 Səhmdar Cəmiyyətinin (ASC) Cavabdeh qarşı borc tələbi barədə mülki işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: Yelo Bank ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək sonuncudan onun xeyrinə 16.04.2019-cu il tarixli kredit müqaviləsi üzrə 119.31 manat əsas borc, 4.77 manat faiz borcu, 7.42 manat cərimə və kredit müqaviləsi üzrə 16.01.2021 il tarixdən 25.05.2021 il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1.2 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 132.7 manat borcun və 20 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" İKB ASC ilə Cavabdeh arasında bağlanmış 16.04.2019-cu il tarixli kredit müqaviləsinə əsasən sonuncuya 18 ay müddətinə, illik 28 faiz olmaqla 1000 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsinin şərtlərinə əsasən kredit borcunu və faizləri ödəməyi öhdəsinə götürsə də, öhdəliyi tam icra etməmişdir. Cavabdehin iddiaçıya 16.04.2019-cu il tarixli kredit müqaviləsi üzrə 119.31 manat əsas borc, 4.77 manat faiz borcu, 7.42 manat cərimə və kredit müqaviləsi üzrə 16.01.2021 il tarixdən 25.05.2021 il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1.2 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 132.7 manat borcu yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edirəm ki, təqdim olunmuş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması üçün əsaslar vardır. Ərizəyə əlavə olunmuş: - 16.04.2019-cu il tarixli kredit müqaviləsi və 1 saylı Əlavədən görünür ki, Cavabdeh X1 Bankı ASC-dən illik 28 faizlə 18 ay müddətinə ödəmək şərti ilə 1000 manat məbləğində krediti faizlərlə birlikdə qaytarmağı öhdəsinə götürmüşdür. - İşə əlavə olunmuş maliyyə arayışından görünür ki, Cavabdeh 119.31 manat əsas, 4.77 manat faiz, 7.42 manat cərimə borcu, cəmi 132.7 manat borcu vardır. - 28.04.2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 5 gün müddətində borcun ödənilməsi, əks təqdirdə məhkəmə qaydasında borc tutularaq onun əmlaklarına yönəldiləcəyi və əlavə xərclər tutulacağı barədə məlumat verilmişdir. - Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin 03.02.2021-ci il tarixli Çıxarışının surətindən görünür ki, "xxxx" X2 Açıq Səhmdar Cəmiyyətinin hazırkı adı İddiaçı Açıq Səhmdar Cəmiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.4-cü maddəinin 1-ci cümləsinə əsasən icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. - 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin faktiki hallarından görünür ki, Cavabdeh müvafiq olaraq kredit müqaviləsinə əsasən Yelo Bank ASC-nin qarşısında üzərinə götürdüyü öhdəliyə tam əməl etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. - 445.1-ci maddəsinə əsasənicranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. - 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Tərəflər arasında bağlanmış 16.04.2019-cu il tarixli kredit müqaviləsində ödənişin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Qeyd edilənlərə əsasən hesab edirəm ki, iddia təmin olunmalı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5.3, 284-6.1, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh 16.04.2019-cu il tarixli müqaviləyə əsasən 119.31 manat əsas, 4.77 manat faiz, 7.42 manat cərimə və kredit müqaviləsi üzrə 16.01.2021-ci il tarixdən, 25.05.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1.2 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 132 ( yüz otuz iki ) manat 7 ( yeddi ) qəpik borc və 20 (iyirmi) manat dövlət rüsumu tutularaq X4 Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar