Məhkəmə qərarları › İş №2(044)-2427/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2427/2021

15.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2427/2021 15.09.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması və əlavə xərc tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 07 noyabr 2014-cü il təvəllüdlü X2 üçün tutulan 140 manat alimentin 175 manatadək artırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia həcminin artırılması barədə ərizə verərək 07.11.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh tutulan alimentin məbləği artırılaraq hər ay 200 manat sabit pul məbləğinin ona ödənilməsi, həmçinin cavabdehdən uşağın müayinə və müalicəsi üçün 300 manat əlavə xərcin tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək bildirmişdir ki, o, cavabdehlə 2013-cü ildə faktiki olaraq ailə qurmuşlar, birgə nikahdan onların 07 noyabr 2014-cü il təvəllüdlü X5 doğulmuşdur. O, sonradan cavabdehlə ayrılmışdır. Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin 03.06.2020-ci il tarixli qətnaməsi ilə X1 üçün 140 manat alimentin tutulub ona verilməsi qət edilmişdir. Cavabdeh alimentdən başqa heç bir əlavə köməklik etmir. Aldığı aliment uşağın dərmanına, vitaminlərinə çatmır, hal-hazırda o, işləmir, çətinliklə dolanır. 03.06.2020-ci il tarixdə Gəncə şəhər Nizami Rayon Məhkəməsinin qətnaməsi ilə alimentin miqdarı 100 manatdan 140 manatadək artırılmışdır. Ancaq artırılmış aliment uşağın saxlanması üçün kifayət etmir. Sonda iddiaçı iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərdi ki, onun himayəsində üç azyaşlı uşağı var və hazırkı alimenti çətinliklə ödəyir. O, özü usta kimi iş olandan-olana işləyir, aylıq sabit gəliri yoxdur. Həmçinin o, imkanı olduğu müddətdə uşağının müalicəsi ilə bağlı xərcləri də ödəmiş, uşağını həkimə aparmış, lazım olan dərmanları almışdır. Onun hazırda əlavə xərc ödəməyə imkanı çatmır, alimentin miqdarının 10 manat artırılmasına razıdır. Sonda cavabdeh məhkəmədən iddianın qismən təmin olunmasını xahiş etdi. Mülki iş materiallarında olan: - Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin 19 yanvar 2018-ci il tarixli 2(044)- 583/2018 saylı qətnaməsinə əsasən Cavabdeh 18.12.2017-ci il tarixdən başlayaraq 07 noyabr 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində aliment aliment alınaraq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. - Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin 03 iyun 2020-ci il tarixli 2(044)- 976/2020 saylı qətnaməsinə əsasən iddiaçının iddiası qismən təmin edilmiş 07 noyabr 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh tutulan alimentin məbləği dəyişdirilərək, hər ay 140 manat sabit pul məbləğndə aliment Cavabdeh tutularaq İddiaçı ödənilmsi və həmin məbləğdə alimentin tutulması qətnaməyə qanuni qüvvəyə mindiyi gündən hesablanması qət edilmişdir. - Gəncə şəhər Asan xidmət mərkəzi tərəfindən verilmiş atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, 07 noyabr 2014-cü il təvəllüdlü X4 atası Cavabdeh, anası İddiaçı qeyd olunmuşdur. - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin faktiki nikahdan 07 noyabr 2014-cü il təvəllüdlü X5 adlı uşaqları vardır. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü hissəsində qeyd olunmuşdur ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. - 78.1-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu hallarda, habelə uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. - 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. - 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. İddiaçı ərizəsində yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün hər ay 200 manat aliment tutulmasını xahiş etsə də, sabit pul məbləğində tutulmalı olan alimentin hansı səbəbdən həmin məbləğdə tutulmalı olduğunu əsaslandırmamış, bu xüsusatı təsdiq edən hər hansı bir sübutu və cavabdehin gəlirində artım olmasını təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Buna baxmayaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Buna görə də məhkəmə yetkinlik yaşına çatmayan uşağın mənafeyini, onun normal, yəni qida rassionlarına uyğun şəkildə qidalanmağını, fiziki, sosial və əqli cəhətdən inkişafını, təhsili ilə bağlı xərclərinin mövcudluğunu, alimentin artırıldığı 2020-ci ildən bu günə qədər uşaqlar üçün yaşayış minumumunun, malların və xidmətlərin qiymətinin artıdığını, cavabdehin həmin hissədə iddianı qismən qəbul etdiyini nəzərə alaraq hesab edir ki, yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün sabit pul məbləğində tutulmalı olan alimentin məbləği hər ay 150 manat müəyyən edilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 28 mart 2016-cı il tarixli, 8-2\2016 saylı Qərarının 8-ci maddəsinin 12-ci bəndində göstərilir ki, Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır. Bundan başqa Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. İddiaçı 07 noyabr 2014-cü il təvəllüdlü X4 müalicə xərclərinin qarşılanması üçün 300 manat məbləğində pulun ödənilməsini xahiş etsə də, müalicə xərclərinin 300 manat təşkil etməsini tam təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Lakin məhkəmə uşağın xəstəliyi ilə bağlı iddiaçı tərəfindən təqdim olunmuş sənədləri, həqiqətən də bu xəstəliyin müalicəsi ilə bağlı vəsaitin tələb olunduğunu və müalicənin davam etdiyini nəzərə alaraq hesab edir ki, X3 onun müalicəsi ilə bağlı xərclərin məbləği 30 manat müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələbləninin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, 07 noyabr 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh tutulan alimentin məbləği dəyişdirilərək, hər ay 150 manat məbləğində aliment və X4 müalicəsi üçün sağalanadək hər ay 30 manat əlavə xərc Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən məhkəmələrə verilən alimentin verilməsi barədə iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının MPM-nin 112.1 və 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə, 1 illik ödəmənin (əvvəl təyin edilmiş alimentin məbləği ilə hazırda təyin olunan alimentin məbləği arasında olan fərq nəzərə alınmaqla) məcmusu 500 manatdan çox olduğuna və iddia qismən təmin olunduğuna görə məhkəmə hesab edir ki, 10 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 07 noyabr 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh tutulan alimentin məbləği dəyişdirilərək, hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin və həmin məbləğdə alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. 07 noyabr 2014-cü il təvəllüdlü X4 müalicəsi üçün, uşaq sağalanadək Cavabdeh İddiaçı xeyrinə hər ay 30 (otuz) manat məbləğində əlavə xərc tutulsun. İddia qalan hissədə rədd edilsin. İş üzrə 10 (on) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar