Məhkəmə qərarları › İş №2(044)-243/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-243/2021

18.02.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-243/2021 18.02.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rasim Sarı oğlunun sədrliyi, Əliyev Nicat Şirzad oğlunun katibliyi ilə, İddiaçı, eyni zamanda İddiaçı2 etibarnamə üzrə nümayəndəsi İddiaçı1 və onların vəkili X14 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Gəncə şəhəri 5 saylı Notariat Kontoruna və maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti 3 saylı Ərazi İdarəsinə qarşı «bağışlanma müqavilələrinin etibarsızlığı və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi, miras əmlakın bölünməsi» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Gəncə şəhəri 5 saylı Notariat Kontoruna və maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti 3 saylı Ərazi İdarəsinə qarşı «bağışlanma müqavilələrinin etibarsızlığı və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi, miras əmlakın bölünməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri 5 saylı Notariat kontorunda bağlanılmış xx.xx.2012-ci il tarixli, 4Ə-1-159 saylı bağışlanma müqaviləsinin etibarsız hesab edilərək, Gəncə şəhəri, Nizami rayonu, Təbriz küçəsi 183 saylı mənzilə dair Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 3 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, hər birinin vərəsə tanınmaqla Gəncə şəhəri, Nizami rayonu, Təbriz küçəsi 183 saylı mənzilin ½ hissəsinin vərəsələr arasında bölünməsi və miras mülkdə paylarının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Nizami rayonu, Təbriz küçəsi 183 saylı fərdi yaşayış evi X11 məxsus olmuşdur. Nənələri Cavabdeh1 öldükdən sonra 2006-cı ildə həmin mənzil vərəsəlik qaydasında övladları X12 və Cavabdeh3 adlarına keçmiş və adlarına xx.xx.2006-cı il tarixli, ********** nömrəli çıxarış verilmişdir. Daha sonra cavabdeh Arif X1 yaşlı olmasından və xəstəliyindən istifadə edərək onu aldatmış və ondan digər cavabdeh arvadı Cavabdeh2 adına etibarnamə almışdır. Daha sonra həmin etibarnamə əsasında həmin mənzilin X12 aid olan ½ hissəsini bağışlama yolu ilə qızları Cavabdeh1 adına keçirmişlər. Əmlakın bağışlanması Gəncə şəhəri 5 saylı notariat ofisində, xx.xx.2012-ci il tarixli etibarnamə və xx.xx.2012-ci il tarixli 4Ə-1-159 saylı bağışlama müqavilə əsasında həyata keçirilmişdir. Onlar həmin bağışlama müqaviləsini etibarsız hesab edirlər. Belə ki, X20un həmin mənzili qardaşı qızı Cavabdeh1 bağışlamaq məqsədi olmamışdır. Həmin müqavilə onun iradəsini əks etdirmir. Onun bu bağışlama müqaviləsindən və verilmiş etibarnamədən xəbəri belə olmamışdır. Belə ki, Q.Bayramov doğulandan həmin mənzildə yaşayıb, ailə qurub və ailəsi ilə birlikdə orada yaşamağa davam edib. Onlar da həmin məzildə doğulub böyümüşlər. X4 oğlu 80-ci illərdə Rusiyaya işləmək üçün getmiş və orada işəməyə başlamışdır. Hazırki vaxta qədər bir neçə dəfə Azərbaycana gəlmişdir. Sonuncu dəfə 2019-cu ilin iyul ayında gəlmiş və onun yanında yaşamağa başlamışdır. Gəncə şəhəri, Nizami rayonu, Təbriz küçəsi 183 saylı mənzildə isə o, qızı İddiaçı2 ilə birlikdə yaşayır. 2019-cu ilin dekabr ayında atası Gəncə şəhəri, Təbriz küçəsi 183 saylı mənzilin mülkiyyətində olan ½ hissəsini ona bağışlamaq istəyini bildirdi. Onlar bu məqsədlə Gəncə ASAN Xidmət Mərkəzinə müraciət etdilər. Lakin orada onlara bildirildi ki, atasının həmin məzilə olan payı bağışlama müqaviləsi əsasında Cavabdeh2 tərəfindən qızı Cavabdeh1 verilmişdir. X20 bu barədə həmin vaxt məlumat aldı. Atası Asan Xidmətin əməkdaşlarına belə bir bağışlama əməliyyatı aparmadığını bildirib etiraz etdi və bu barədə məlumatının olmadığını bildirdi. Daha sonra onlar birlikdə vəkilə müraciət edərək vəkil sorğusu əsasında əldə etdikləri sənədlər əsasında öyrəndilər ki, Cavabdeh3 Qəzənfər Bayramovun yaşlı olmasından və xəstəliyindən istifadə edərək onu aldatmış və ondan arvadı digər Cavabdeh2 adına etibarnamə almışdır. Daha sonra həmin etibarnamə əsasında həmin mənzilin atasına aid olan ½ hissəsini bağışlama yolu ilə qızları Cavabdeh1 adına keçirmişlər. Əmlakın bağışlanması Gəncə şəhəri 5 saylı notariat ofisində, xx.xx.2012-ci il tarixli etibarnamə və xx.xx.2012-ci il tarixli 4Ə-1-159 saylı bağışlama müqavilə əsasında həyata keçirilmişdir. Bundan sonra X15 məhkəməyə müraciət edərək həmin bağışlama müqaviləsini ləğv etdirmək qərarına gəldi. Lakin o, xx.xx.2019-cu il tarixdə vəfat etdi. Onlar dəfələrlə cavabdehlərə müraciət edərək etdikləri bu qanunsuz əməldən əl çəkmələrini bildirsələr də heç bir nəticəsi olmamışdır. Onlar atalarının vərəsələri olaraq belə bir iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Ona görə də cavabdehlər arasında bağlanılmış bağışlama müqaviləsi məhkəmə qaydasında etibarsız hesab edilməlidir. Məhkəmə iclasında iddiaçı, eyni zamanda İddiaçı2 etibarnamə üzrə nümayəndəsi İddiaçı1 iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçıların vəkili X19 iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Gəncə şəhəri 5 saylı Notariat Kontoru və maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti 3 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə rəsmi məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Gəncə şəhəri 5 saylı Notariat Kontorunun və maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti 3 saylı Ərazi İdarəsinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçı, eyni zamanda İddiaçı2 etibarnamə üzrə nümayəndəsi İddiaçı1 və onların vəkili X14 izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, xx xxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 3 saylı Ərazi İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, Kirovabad şəhər Xalq Məhkəməsinin xx.xx.1981-ci il tarixli 2-235/81 saylı qətnaməsinə əsasən Kirovabad şəhəri, Kommunist küçəsi, 183 saylı fərdi yaşayış evinin X11 məxsus olması faktı müəyyən edilmişdir. Kirovabad şəhər X17 İcraiyyə Komitəsinin xx.xx.1982-ci il tarixli 152.8 saylı qərarı, Tikinti və memarlıq işləri şöbəsinin xx.xx.1982-ci il tarixli layihəsinə əsasən X11 mülkdə yeni yaşayış evinin tikintisinə icazə verilmişdir. Yeni inşa edilmiş tikililər (61.6 kvm yaşayış sahəsi, 75.9 kvm qeyri-yaşayış sahəsi, 60.3 kvm zirzəmi, 27.0 kvm həyət tikililəri) Gəncə şəhər İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin xx.xx.2005-ci il tarixli fərdi yaşayış evinin qəbulu aktı və xx.xx.2005-ci il tarixli 10-571 saylı məktubuna əsasən istismara qəbul edilmişdir. 1 saylı notariat kontorunun xx.xx.2006-cı il tarixli 2V-1-161 saylı qanun üzrə vərəsəlik hüququna dair şəhadətnaməsinə əsasən hal-hazırda ünvanı Gəncə şəhəri, Nizami rayonu, Təbriz küçəsi, 183 olan bu mülk Cavabdeh3 və X7 adlarına keçmişdir, vərəsələrin adlarına xx.xx.2006-cı il tarixli ********* qeydiyyat nömrəli çıxarış verilmişdir. 5 saylı notariat kontorunun xx.xx.2012-ci il tarixli 4Ə-1-159 saylı bağışlama müqaviləsinə əsasən X15 bu əmlakda olan 1/2 payını Cavabdeh1 bağışlamışdır. Cavabdeh3 1/2 pay və Cavabdeh1 1/2 pay adlarına Təbriz küçəsi, 183 saylı fərdi yaşayış evinə dair xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. İş materiallarında olan İV-ЖГ № 292625 saylı Azərbaycan SSR Kirovabad şəhəri Bağmanlar ZAQS şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 ilə X8 birgə nikahlarından xx xxxxxxxx 1948-ci il tarixdə Cavabdeh3 anadan olmuşdur. İş materiallarında olan İ-ИЕ № 758926 saylı Kirovabad şəhəri ZAQS şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ilə X7 birgə nikahlarından xx xxxx 1959-cu il tarixdə X9 anadan olmuşdur. İş materiallarında olan İİ-ИЕ № 123260 saylı Azərbaycan SSR Kirovabad şəhəri Bağmanlar ZAQS şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ilə X7 birgə nikahlarından xx xxxxxx 1961-ci il tarixdə İddiaçı1 anadan olmuşdur. İş materiallarında olan ЖФ № 115691 saylı nikah haqqında şəhadətnamədən görünür ki, xx.xx.1957-ci il tarixdə X5 ilə X7 nikahları qeyd edilmişdir. İş materiallarında olan Gəncə “ASAN” xidmət mərkəzi tərəfindən verilmiş AZ-İİ № 053818 seriyalı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X15 xx xxxxxx 2019-cu il tarixdə Gəncə şəhərində vəfat etmişdir. İş materiallarında olan Gəncə şəhər Nizami rayonu qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ № 031679 seriyalı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X3 xx xxxxxx 2020-ci il tarixdə Gəncə şəhərində vəfat etmişdir. İş materiallarında olan Kirovabad şəhər X17 İcraiyyə Komitəsinin xx.xx.1982-ci il tarixli 152.8 saylı qərarı, Tikinti və memarlıq işləri şöbəsinin xx.xx.1982-ci il tarixli layihəsinə əsasən X11 mülkdə yeni yaşayış evinin tikintisinə icazə verilmişdir. İş materiallarına əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən №1415971 saylı çıxarışın surətindən görünür ki, ünvan 2 nömrəli ünvanda 0.0196 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə Cavabdeh1 ½ pay adına dövlət reyestrində 4 nömrəli reyestr kitabının 20 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan 1 saylı notariat kontorunun xx.xx.2006-cı il tarixli 2V-1-161 saylı qanun üzrə vərəsəlik hüququna dair şəhadətnaməsindən görünür ki, xx.xx.1982-ci ildə vəfat etmiş X10 vərəsələri ünvan 3 ünvanında yaşayan Cavabdeh3 və ünvan 4 ünvanında yaşayan X13r. Onların hər biri miras əmlakdan bərabər hissələrdə irs almalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı № ******* saylı çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Təbriz küçəsində X7 istifadəsində olan 0.01958 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 61.6 kv.m yaşayış, 15.2 kv.m qeyri-yaşayış, 60.7 kv.m köməkçi sahədən ibarət 183 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə X7-1/2, Cavabdeh3 1/2 adlarına daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 20 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Gəncə filialı tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli № 249/4 saylı arxiv arayışından görünür ki, Gəncə şəhəri Nikah evi arxiv fondunun sənədlərinə əsasən vətəndaşların doğum qeydlərinin aktları kitabından Qəzənfər Əsgərovun xx xxxx 1935-ci il tarixdə anadan olması məlum olmuşdur. İş materiallarında olan Gəncə şəhəri 5 saylı Notariat Kontorunda bağlanmış 4Ə-1- 159 saylı xx xxxxxxxx 2012-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin X24 verdiyi xx.xx.2012-ci il tarixli 2131 №-li arayışına və reyestr nömrəsi **********04-10301, qeydiyyat nömrəsi 150602413, xx.xx.2006-cı il tarixli çıxarışa əsasən mülkiyyətçiyə məxsus olan Gəncə şəhəri, Təbriz küçəsi, 183 nömrəli ünvanda yerləşən Liter A-2 otaqlı, yaşayış sahəsi 61.6 kv.m, yardımçı sahə 60, 7 kv.m, ümumi sahəsi 122,3 kv.m olan fərdi yaşayış evinin ½ hissəsi X7 etibarnaməsi əsasında Cavabdeh2 tərəfindən Cavabdeh1 bağışlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə görə bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin bağışlama müqaviləsinin formasına dair müddəalar müəyyən edən 668.1.1-ci maddəsində isə təsbit edilmişdir ki, daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə etibarlı hesab edilir. Göründüyü kimi qanunvericilik daşınmaz əşyalara dair bağlanacaq bağışlama müqaviləsinin formasının yazılı şəkildə notariat qaydada təsdiqlənməklə bağlanılmalı olduğunu imperativ qaydada müəyyən edir. Bu mənada, hazırki mübahisə üzrə bağışlama müqaviləsinin forma tələbinə əməl edilmişdir. Bundan başqa, qanunvericilik bağışlama müqaviləsinin şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilməsinin və ya edilməməsinin mümkünlüyünü nəzərdə tutur. Mübahisələndirilən bağışlama müqavilələrinin məzmunundan isə görünür ki, həmin müqavilələr şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilməmişdir. İddiaçılar bağışlama müqaviləsinin ləğv edilməsinə dair tələbini həmin müqaviləni aldadılma təsiri altında bağlanması ilə əsaslandırmışlar. Bununla bağlı olaraq məhkəmə aşağıdakıları qeyd edir. Mülki Məcəllənin 339-cu maddəsində hansı hallarda əqdin aldatma nəticəsində bağlanmış hesab edilməklə etibarsız sayıla biləcəyi müəyyən olunur. Buna görə şəxs əqd bağlanması məqsədi ilə aldadıldıqda, həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin (339.2 və 339.3-cü maddələr). Məhkəmə nəzərə alır ki, iddiaçı aldadıldığına istinadla bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə dair tələblə çıxış etsə də, aldadıldığını təsdiq edən qanunvericiliyin yuxarıda göstərilən müddəalarına uyğun kifayət edən və mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. İddiaçının atasının imzaladığı bağışlama müqaviləsinin mətnindən görünür ki, orada müqavilənin onun iradəsinə uyğun tərtib edildiyinə dair müddəa vardır, həmçinin notarius müqaviləni tərəflərin şəxsən özlərinin onun iştirakı ilə imzaladığını təsdiq etmişdir. Beləliklə, iddiaçılar iddia tələbinin əsası kimi istinad etdikləri halları sübut edə bilməmişlər. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. X25 Məhkəməsi "X2rşı” qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (bax, Makhmudov v. Russia, No. 35082/04, xx xxxx 2007-ci il, § 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (bax, Gavazov v. Bulgaria, No. 54659/00, xx xxxx 2008-ci il, § 93). Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı tərəfindən tutarlı əsas gətirilmədən cavabdehin ailə hüquq münasibətlərindən irəli gələn və müqavilə bağlanarkən sonuncunun üzərinə qoyulmuş öhdəlikləri pozduğunu bildirilmiş, bu barədə hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 354.2.-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. - 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia tələbini əsassız sayır və onun rədd edilməsi qənaətinə gəlir. Mübahisə üzrə nəticəyə gələrkən məhkəmə həmçinin əqdlərin etibarsızlığı ilə bağlı Mülki Məcəllənin ümumi yanaşmasını da nəzərə alaraq qeyd edir ki, əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən heç olmasa biri qüsurlu olmalıdır: subyekt tərkibinə görə; məzmununa görə; formasına görə; iradə və iradə ifadəsinə görə. İşin müəyyən edilmiş faktiki hallarını və onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi bağışlama müqaviləsini və çıxarışların etibarsız hesab edilməsi üçün sadalanan qüsurlardan heç biri mövcud deyildir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçılar mübahisəli evə dair bağışlama müqaviləsini mübahisələndirmişlər və mübahisəni əsaslı arqumentlərlə izah edə bilməmişlər. Məhkəmə eyni zamanda iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi bağışlamanın etibarsız hesab edilməsi tələbinə münasibətdə hesab edir ki, qeyd olunan iddia tələbi iddiaçıların istinad etdiyi formal mülahizələrə əsasən təmin edilə bilməz. Məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Gəncə şəhəri 5 saylı Notariat Kontoruna və maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti 3 saylı Ərazi İdarəsinə qarşı «bağışlanma müqavilələrinin etibarsızlığı və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi, miras əmlakın bölünməsi» tələbinə dair iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Gəncə şəhəri 5 saylı Notariat Kontoruna və maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti 3 saylı Ərazi İdarəsinə qarşı «bağışlanma müqavilələrinin etibarsızlığı və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi, miras əmlakın bölünməsi» tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rasim Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar