Məhkəmə qərarları › İş №2(044)-2435/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(044)-2435/2020

28.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2435/2020 28.09.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclas katibi–Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı X1 iştirakı ilə İddiaçı X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı X3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Gəncə şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək Gəncə şəhəri, Nizami rayonu, S.Qazıyeva küçəsi, 7-ci döngə ev 26-da yaşayan Cavabdeh1 və Gəncə şəhəri, İ.Əliyev küçəsi, ev 28-də yaşayan zamin Cavabdeh2 ona məxsus mağazadan “nisyə alqı-satqı müqaviləsi” əsasında götürdükləri 1 ədəd “Heiner” markalı televizorun dəyəri olan 780 manatın və 1 ədəd “HG” markalı 6kq paltaryuyanın dəyəri olan 900 manatın, həmin məbləğdən 350manat çıxıldıqdan sonra qalan yəni cəmi 1330 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq işə qiyabi icraatın qaydasında baxılmasını və bu barədə qiyabi qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİNHALLARİ İddiaçı X3 iddiasını onunla əsaslandırmışdır ki, o, Gəncə şəhəri Ş.İ.Xətai küçəsi ilə H.Əliyev küçəsinin kəsişməsində yerləşən “Xoşbəxtlik” (Xəmsə Elektronics) mebel mağazasında mebel satışı ilə məşğul olur. Cavabdeh Gəncə şəhəri, Nizami rayonu, S.Qazıyeva küçəsi, 7-ci döngə ev 26-da yaşayan Cavabdeh1 xx.xx.2019-cu il tarixdə mağazaya gələrək dəyəri “Heiner” markalı televizor və dəyəri 900 manat olan 1 ədəd “HG” markalı 6kq paltaryuyan maşını, ümumi dəyəri 1680 manat olan malları “nisyə alqı-satqı müqaviləsi” üzrə 1 il müddətinə hər ay tərtib olunmuş qrafik üzrə 140 manat ödəmək şərti ilə cavabdeh olan Cavabdeh2 zaminliyi ilə götürmüşdür. Cavabdeh iki ay cəmi 350 manat mağazaya ödəniş etmişdir. Cavabdehə dəfələrlə xəbərdarlq edilsə də qalan borcunu ödəməkdən çəkinmişdir. Bunun nəticəsində iddiaçı məhkəməyə müraciət etmişdir. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir: İş materiallarında olan xx xxxxxx 2019-cu il “nisyə alqı-satqı müqaviləsindən” görünür ki, Qafarov X2 Arzu Qasım oğluna 1680 manat məbləğində avadanlıq satmışdır; xx xxxxxx 2019-cu il “zaminlik müqaviləsindən” görünür ki, İddiaçı ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. ETİRAZİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iştirak edən iddiaçı X3 iddia tələbini müdafiə edərək işə qiyabi icraat qaydasında baxılaraq ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etdi.(ərizə iş materiallarına əlavə olunur) Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri və mümkünsüzlyü barədə də məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azər-bay-can Respublikasının Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə iş üzrə təq-dim olunmuş sübutları yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə ala-raq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdı-rıl-masına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz öhdəlik hüququ çərçivəsində dəyərləndirilməlidir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında həqiqətən də xx xxxxxx 2019-cu il “nisyə alqı-satqı müqaviləsi” bağlanmış, həmin müqavilənin şərtlərinə əsasən Qafarov X2 Arzu Qasım oğluna 1680 manat məbləğində borc vermişdir. Məhkəmə hesab edir ki, həqiqətən də cavabdehlə iddiaçı arasında “nisyə alqı-satqı müqaviləsindən” ibarət öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı götürdüyü öhdəliyi yerinə yetirərək, üzərinə düşən hərəkətləri həyata keçirsə də, cavabdeh müqavilə tərəfi kimi üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması–öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Alqı-satqı müqaviləsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-AR MM-in) 29-cu fəslinin normaları ilə tənzimlənir. Alqı-satqı müqaviləsinin anlayışı AR MM-in 567-ci maddəsində aşağıdakı kimi verilmişdir; "Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür" Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Qeyd edilən Məcəllənin 568.2-ci maddəsinə görə isə əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. İş materiallarından göründüyü kimi Cavabdeh1 iddiaçı qarşısında öhdəliklərini təmin edilməsi üçün Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanılmışdır. Məhkəmə hesab edir ki, iddiaçının Cavabdeh2 qarşı da tələbi qanunidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Qeyd edilən Məcəllənin 470.2-ci maddəsinə əsasən isə zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Həmin Məcəllənin 471-ci maddəsinə əsasən isə zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin məcəllənin 76.2. maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlar, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhz iddiaçı iddia ərizəsində göstərilmiş pulun cavabdeh tərəfindən ödənilməli olmasını sübut etməlidir. İddiaçı tərəfindən də iddia tələbini təsdiq edən kifayət qədər mötəbər sübutlar (məsələn, kredit müqaviləsi) məhkəməyə təqdim edilmişdir. Bundan əlavə məhkəmə araşdırması zamanı iddiaçı tərəfin özünün izahatı Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmış və qiymətləndirilmişdir. Beləliklə, yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu və onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, iddiaçı cavabdehə 1680 manat məbləğində avadanlıq vermiş, lakin cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini yerinə yetirməmişdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, borc müqaviləsi ilə bağlı iddiaçının cavabdehə verdiyi 1680 manat pulun qalan hissəsi olan 1330 manat pul cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227,238, 240, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1330 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində qətnamənin ləğvi üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən tərəflər bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar