Məhkəmə qərarları › İş №2(044)-2476/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2476/2021

30.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2476/2021 30.08.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rasim Sarı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Nicat Şirzad oğlunun katibliyi ilə, İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi X3 oğlunun, Cavadeh Cavabdeh2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında məhkəmənin binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh2 və Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 13.11.2019 cu il tarixli 916.82 manat əsas, 1.3 manat faiz borcu olmaqla, 3.74 manat cərimə və kredit müqaviləsi üzrə 31.05.2021-ci il tarixədək gecikdirlimiş vaxt üçün illik 5 (beş) fazilə hesablanmış 124.55 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 1046.41 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 13.11.2019-cu il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh2 bank tərəfindən illik 1 faizlə 60 ay müddətinə 945.51 manat məbləğində kredit verilmişdir. Lakin, borclu Cavabdeh2 müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 və Cavabdeh3 ilə 13 noyabr 2019-cu il tarixdə bank arasında 10-MZ2-2-0- 1646-14 nömrəli zaminlik müqaviləsi bağlanmışdır.Lakin 31.05.2021-ci il tarixdək gecikdirilmiş olan vaxt üçün illik 5(beş) faizlə hesablanmış 124.55 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 1046.41 manat borc yaranmışdır. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddia ərizəsini müdafiə edərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, 13.11.2019-cu il tarixdə bankla kredit müqaviləsi bağlayaraq 945.51 manat məbləğində kredit almışdır. Bir müddət ödənişlər etdikdən sonra maddi imkanı aşağı olduğundan kredit müqaviləsi üzrə qalıq borcu ödəyə bilmir. Borcun qalan hissəsini yalnız hissə-hissə ödəyə bilər. Odur ki, iddia tələbinin qismən təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə də məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 13.11.2019-cu il tarixli 10-MZ2-2-0-1646-14 saylı “bank hesab, kredit və zaminlik” müqaviləsindən görünür ki, İddiaçı ASC ilə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 (sonradan kredit müqaviləsinə uyğun Borcalan və Zamin) arasında bağlanan 13.11.2019-cu il tarixli 10-MZ2-2-0-1646-14 saylı “bank hesab, kredit və zaminlik” müqaviləsinə əsasən Cavabdeh2 illik 1 faizlə 60 ay müddətinə 945.51 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 13 noyabr 2019-cu il tarixli 10-MZ2-2-0-1646-14 nömrəli zaminlik müqaviləsinə əsasən zaminlər kredit alanın öhdəliklərini tam həcmdə yerinə yetirməsinə görə məsuliyyəti tam olaraq öz üzərilərinə götürüblər. İş materiallarında olan 13.11.2019-cu il tarixli 10-MZ2-2-0-1646-14 nömrəli kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, ödəniş gecikdirildiyi halda, hər gecikən gün üçün gecikdirilən məbləğin 0.5% həcmində cərimə tətbiq edilir. İş materiallarında olan 31.05.2021-ci il tarixli maliyyə arayışından görünür ki, 13.11.2019-cu il tarixli kredit müqaviləsi üzrə banka 916.82 manat əsas borc, 1.3 manat faiz borcu, 3.74 manat cərimə və kredit müqaviləsi üzrə 31.05.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faiz olmaqla hesablanmış 124.55 manat məbləğində əldən çıxmış fayda, ümumilikdə 1046.41 manat borc yaranmışdır. İş materiallarında olan İddiaçı ASC tərəfindən cavabdehlərə ünvanlanmış 08.05.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, borc məbləği könüllü şəkildə ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra-Mülki Məcəllə)14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdehlər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının cavabdehlərdən kredit, ona hesablanmış faiz və cərimə borcu tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin şəxsin kreditoru qarşısında hımin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2 maddəsinə əsasən: “Əgər zaminlik müqaviləsində ayrı qaydada nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır”. Ona görə də əsas kredit öhdəliyi üzrə zamin durmuş digər cavabdehlər Cavabdeh3 və Cavabdeh1 münasibətdə də iddia tələbi qanuni və əsaslıdır. Belə ki, yuxarıda da qeyd olunduğu kimi sonuncu zaminlik müqaviləsini imzalamış, həmin müqavilədə zaminin birgə məsuliyyəti nəzərdə tutulmuşdur. Bu mənada hazırkı mübahisənin hüquqi və faktiki halları baxımından cavabdehlər kreditor (iddiaçı) qarşısında müqavilədən irəli gələn birgə borclular kimi çıxış edirlər, kredit müqaviləsi üzrə borc məbləği onlardan müştərək qaydada tutulmalıdır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin şərh olunmuş normaları və tərəflər arasında bağlanmış 13.11.2019-cu il tarixli 10-MZ2-2-0-1646-14 saylı “bank hesab, kredit və zaminlik” müqaviləsinin yuxarıda qeyd olunmuş müddəaları baxımından Cavabdeh2 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, onun tərəfindən kredit öhdəlikləri üzrə müəyyən ödənişlər edilsə də, sonradan ödənişlərin edilməsi dayandırılmışdır. Bu halda öhdəliyin lazımınca icra edilməməsinə görə onun məsuliyyət məsələsi Mülki Məcəllənin 443.1-ci maddəsinə görə həll edilməlidir. Həmin maddəyə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Beləliklə, iddiaçının cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı tələbi qanuni və əsaslı olduğu üçün qismən təmin edilməlidir. Məhkəmə kredit müqaviləsi üzrə 31.05.2021-ci il tarixədək gecikdirlimiş vaxt üçün illik 5 (beş) fazilə hesablanmış 124.55 manat məbləğində əldən çıxmış faydanı əsaslı hesab etmir. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu, pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair XXXX-cü il tarixli qərarı). Məhkəmə xüsusilə vurğulayır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Bu baxımdan, hər hansı obyektiv və ağlabatan əsas olmadan, kredit üzrə qanuna əsasən hesablanmış gecikdirmə faizi (illik 5%) azaldıla və ya silinə bilməz. Məhkəmə hesab edir ki, cavabdehdən dəbbə pulunun tutulması bankın itirdiyi məbləğləri dəbbə pulu ilə əhatə etmiş olur. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 13.11.2019-cu il tarixli 10-MZ2-2-0-1646-14 saylı “bank hesab, kredit və zaminlik” müqaviləsinə əsasən borclu müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 916.82 manat əsas, 1.3 manat faiz borcu, 3.74 manat cərimə olmaqla, cəmi 921.86 manat borc tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 916.82 manat əsas, 1.3 manat faiz borcu, 3.74 manat cərimə olmaqla, cəmi 921.86 manat borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə qəbul edildiyi gündən 01 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rasim Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar