Məhkəmə qərarları › İş №2(044)-2495/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(044)-2495/2021

25.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2495/2021 25.08.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Yunis oğluna qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Yunis oğluna verdiyi 3500 manat pulu və 30 manat dövlət rüsumunu, cəmi 3530 manat pulun alınıb onun xeyrinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçı iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, o, cavabdehlə birlikdə Gəncə şəhərində yerləşən “Paris de” kafesində birlikdə işləmişdir. Cavabdeh 2020-ci ilin may ayında ona müraciət edərək, yoldaşının xəstə olduğunu və onun müalicəsi üçün borc pula ehtiyacı olduğunu bildirmişdir. O, cavabdehə müxtəlif vaxtlarda 200, 300, 500 manat borc vermiş, əvvəllər sonuncu aldığı pulları vaxtında qaytadığı üçün, o, sonuncuya kömək məqsədi üçün müxtəlif məbləğlərdə ümumilikdə 4000 manat borc pul vermişdir. Həmin vaxtdan borclu dəfələrlə pulunu qaytaracağını desə də, bu günə kimi onun pulundan cəmi 500 manat qaytarıb qalan 3500 manatı isə qaytarmamışdır. Sonda o, iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci madəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, işə qiyabi icraata baxılmasını xahiş etmiş, buna görə də işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Mülki iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinin 24.11.2020-ci il tarixli 121- 25425İ-3220 saylı məktubundan görünür ki, İddiaçı 04.11.2020-ci il tarixli Gəncə şəhər Nizami RPİ-nə yazmış olduğu ərizəsinə cavab olaraq bildirilimişdir ki, ərizə əsasında vətəndaş Cavabdeh Gəncə şəhər Nizami RPİ-nə dəvət olunmuşdur. Cavabdeh ona olan 3500 manat pul borcu olduğunu səmimi etiraf etmiş və həmin pulu hissə-hissə ödəyəcəyini bildirmişdir. Məhkəmənin sorğusuna əsasən Gəncə şəhər Nizami RPİ-dən göndərilmiş materialda olan 09.11.2020-ci il tarixli protokoldan görünür ki, həmin idarənin baş əməliyyat müvəkkili X1 Cavabdeh ilə mobil telefon vasitəsi ilə əlaqə saxlamış, sonuncu həqiqətən İddiaçı cəmi 3500 manat borcu olduğunu etiraf etmiş, həmin borcu hissəhissə ödəyəcəyinə söz vermişdir. Məhkəmə iddiaçını dinləyib, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 442.1-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. İşin faktiki halları ilə təsdiq olunur ki, cavabdeh iddiaçıdan müxtəlif vaxtlarda 200, 300 və 500 manat olmaqla aldığı cəmi 4000 manat borcu qısa zamanda iddiaçıya qaytarmağı öhdəsinə götürsə də, həmin borcdan 500 manat qaytarmış, lakin qalan cəmi 3500 manat borcunu qaytarmayaraq öhdəliyini icra etməmişdir. Beləliklə, məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh Yunis oğlundan 3500 manat məbləğində borc alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. - 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia təmin edildiyindən məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 242-244, 357, 358 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Yunis oğlundan 3500 (üç min beş yüz) manat məbləğində borc və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar