Məhkəmə qərarları › İş №2(044)-2512/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2512/2021

30.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2512/2021 30.09.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nazim oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «vurulmuş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı MMC cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4036.23 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə cavabdeh arasında bağlanmış 09.08.2019-cu il tarixli əmək müqaviləsinə əsasən cavabdehə 3 aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı vəzifəsinə işə qəbul olunmuş və tam maddi məsuliyyət haqqında müqavilə imzalamışdır. 20.09.2019-cu il tarixli 413-K saylı əmrlə administrator vəzifəsinə keçirilmiş, 12.02.2020-ci il tarixində 069-K saylı əmrlə öz ərizəsi əsasında işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. 16.12.2019-cu il tarixdə Oba- mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində cavabdehin cəmiyyətə zərər vurması müəyyən edilmiş, 16.12.2019-cu il tarixli, “İnventarizasiya Nəticələrinə” dair akta əsasən 5061 manat məbləğində zərər vurmuşdur. Maliyyə arayışından məlum olurki, ümumi qalıq borcdan keçən dövr ərzində 1010.09 manat güzəşt edilmiş və 14.65 manat şirkətdən alacağı vəsait hesabına qarşılanıb. Qalıq borc 4036.23 manat təşkil edir.Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, cavabdeh ziyanı ödəməkdən imtina etmişdir. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir: İddiaçı MMC-nin verdiyi çıxarışdan görünür ki, 09.08.2019-cu il tarixdən cavabdeh 3 aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə baş satıcı vəzifəsinə işə qəbul olunmuşdur. Əmək haqqı ştat cədvəlinə görə 280 manatdır; İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış əmək müqaviləsindən görünür ki, 09.08.2019-cu il tarixdə Cavabdeh 3 aylıq sınaq müddəti tətbiq edilməklə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuşdur; Eyni zamanda tam maddi məsuliyyət barədə müqavilə də həmin müqavilənin tərkib hissəsidir. İddiaçı MMC-nin verdiyi çıxarışdan görünür ki, 20.09.2019-cu il tarixdən cavbdeh Administrator vəzifəsinə keçirilmişdir. Əmək haqqı ştat cədvəlinə görə 345 manatdır; İddiaçı MMC-nin 21.12.2020-ci il tarixli maliyyə arayışından görünür ki, təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında 5060.97 manat çatışmamazlıq müəyyən edilmişdir.Yekun olaraq şəxsin şirkət qarşısında 4036.23 manat borcu qalmışdır; ETİRAZİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ İddiaçı MMC-nin nümayəndəsi 29.09.2021-ci il tarixdə məhkəməyə teleqram ünvalayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qəbul etməyərək, məhkəmədən iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edi. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə, cavabdehin izahatını dinləyərək, onun izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, işin hallarından, o cümlədən iddia tələbinin məzmunundan müəyyən edildiyi kimi iddiaçı öhdəlik və tam maddi məsuliyyət daşıma haqqında müqavilənin tələblərinin yerinə yetirilməməsi nəticəsində İddiaçı MMC-yə vurulmuş maddi zərərin ödnilməsini tələb edir. Məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında yaranmış hüquq münasibətləri əmək hüquq münasibətləri nəticəsində yaranmış və bu səbəbdən də mübahisənin həlli baxımından yaranmış hüquq münasibətlərinə Əmək Məcəlləsinin normalarının tətbiqini məhkəmə zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin vəzifələri və prinsiplərindən bəhd edən Əmək Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi;mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması;maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında 09.08.2019-cu ildə 3 ay sınaq müddətinə satıcı vəzifəsinə işə qəbul edilmişdir. Daha sonra isə onunla bağlanılmış əmək müqaviləsinə diyişiklik edilərək 20.09.2019-cu ildə administrator vəzifəsinə qəbul edilmişdir. 16.12.2019-cu ildə İddiaçı MMC mağazasında inventarizasiya aparılmış və nəticədə müəyyən çatışmamazlığın olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 200-cü maddəsinə əsasən istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. Həmin Məcəllənin 3.1-ci maddəsinə əsasən isə işçi — işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 5-ci bəndinə əsasən işə götürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Göründüyü kimi işə götürən 16.02.2019-cu ildə ona ziyan vurulmasını aşkar etdiyi halda, həmin halın onlara məlum olduğu gündən 1 il müddətində məhkəməyə müraciət etməmişdir və bununla da qanunla nəzərdə tutulmuş müddəti ötürmüşdür. Beləliklə bu əsasla məhkəmə iddia tələbinin rədd edilməsi qənaətinə gəlir. Belə ki, Əmək Məcəlləsinin 296.5-ci maddəsində xüsusi norma kimi işə götürənin hazırki iddia tələbi ilə 1 il müddətində məhkəməyə müraciət edə bilməsi göstərilmiş, iddia tələbinin həmin əsasla rədd edilməsini mübahisə tərəfinin iddia müddətinin tətbiqi barədə ərizə verməsindən asılı etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 3 iyun 2013-cü il tarixli qərarında göstərmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasınıtəmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı.Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarındagöstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir.Belə ki,potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Göstərilənlərlə yanaşı, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Bundan başqa da Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci bəndinə əsasən aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Hazırki işdə ziyanın həqiqətən vurulduğu aşkar olsa da təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyinin qanuna zidd olması və təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqənin olması sübuta yetirilməmişdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddia tələbi təmin edilməsin. Ödənilmiş 30 manat məbləğində dövlət rüsumu rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Gəncə şəhər Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar