Məhkəmə qərarları › İş №2(044)-2538/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2538/2021

05.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2538/2021 05.11.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Əlsətun qızının katibliyi, Cavabdeh iştirakı ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borc üzrə 1061.74 ABŞ dolları, faiz borcu üzrə 621,89 ABŞ dolları, cəmi 1683,63 ABŞ dolları və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq onun hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iştirak etdiyi məhkəmə iclasında iddianı müdafiə edərək bildirmişdir ki, "xxxx" ASC ilə Cavabdeh arasında 16.06.2015-ci il tarixdə №13-15-11- 026947 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, Cavabdeh şəxsi məqsədləri üçün illik 29% olmaqla 48 ay müddətinədək 1980 dollar məbləğində kredit verilmişdir. Lakin Cavabdeh tərəfindən 16.06.2015-ci il tarixdə № 13-15-11026947 saylı kredit müqaviləsini müddəaları pozularaq, müqavilədə göstərilən öhdəlikləri lazımınca icra etməmiş, aralarında bağlanmış 16.06.2015-ci il tarixdə № 13-15-11-026947 saylı kredit müqaviləsinin şərtləri Cavabdeh tərəfindən pozulmuşdur. Belə ki, 16.06.2015-ci il tarixdə № 13-15-11-026947 saylı kredit müqaviləsinin 4.5-ci bəndinə əsasən müqavilə üzrə nəzərdə tutulmuş kredit və ona hesablanmış faiz məbləğləri əlavədəki cədvələ uyöun olaraq vaxtında ödənilmədikdə, qismən ödənildikdə və tərəflər müddətin uzadılması barədə razılığa gəlmədikdə gecikdirilmiş borc yaranır və gecikdirilmiş borc hesablarında əks etdirilir. Gecikdirilmiş borc yarandıqda borc alan borc verənə hər gecikdirilmiş gün üçün icra edilməmiş öhdəliyin 0.16% miqdarında dəbbə pulu ödəyir. Mərkəzi Bank tərəfindən cavabdehə hesablanmış kompensasiya məbləği çıxılmış, qalan məbləğin restruktruzasiya edilərək yeni müqavilə bağlanması cavabdehə təklif edilmiş, lakin sonuncu razılaşmamışdır. İddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək məhkəmədən iddianın təmin olunmasını və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən onun kredit borcu restrukturizasiya olunmuş, onun banka heç bir borcu qalmamışdır. Məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. İş materiallarında olan: - X1 Cəmiyyəti Cavabdeh arasında bağlanmış 16.06.2015-ci il tarixli 13-15-11- 026947 saylı bank kredit müqaviləsindən görünür ki, Cavabdeh 48 ay müddətinə illik 29 % ödəmək şərtilə 1980 ABŞ dolları məbləğində kredit verilmişdir. - 22 aprel 2021-ci il tarixli arayışlardan görünür ki, Cavabdeh 16 iyun 2019-cu il tarixə banka olan borcu 16.06.2015-ci il tarixli 13-15-11-026947 saylı Kredit müqaviləsinə üzrə cəmi borcu 1683.63 ABŞ dolları, əsas borcu 1061,74 ABŞ dolları, faiz borcu üzrə 621,89 ABŞ dolları təşkil edir. 648,68 ABŞ dolları əsas məbləğdən 19.04.2019-cu il tarixdə, 11 ABŞ isə faiz məbləğindən ödənilmiş (güzəşt edilmiş) vəsait Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli 551 saylı Fərmanına əsasən ödənilmiş kompensasiya məbləğləridir. Məhkəmə tərəfləri dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin faktiki hallarından görünür ki, Cavabdeh kredit müqaviləsinə əsasən "xxxx" ASC qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Mülki iş üzrə borc məbləğinin dəqiq müəyyən olunması məqsədilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 11.08.2021-ci il tarixli, 2(044)-2538/2021 saylı qərardadına əsasən məhkəmə – mühasibatlıq ekspertizası təyin olunmuşdur. Ekspertizanın 11 oktyabr 2021-ci il tarixli, 9/6644 saylı rəyində qeyd olunmuşdur ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 16.06.2015-ci il tarixli 13-15-11-026947 saylı kredit müqaviləsi üzrə Cavabdeh 16 iyun 2019-cu il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) banka olan borcu ümumilikdə 1228,05 ABŞ dolları məbləğində müəyyən olunur. O cümlədən 16 iyun 2019-cu il tarixə (müqavilənin müddəti bitdiyi tarixə) əsas borc üzrə 1202,86 ABŞ dolları, faiz borcu üzrə 25,19 ABŞ dolları, qeyd edilmişdir ki, hazırki ekspertiza zamanı hesabdan çıxarış və maliyyə arayışı məlumatlarından göründüyü kimi, Cavabdeh tərəfindən 16.06.2019-cu il tarixdən sonrakı dövrdə 132,07 ABŞ dolları məbləğində ödəniş aparılmışdır. Lakin borc məbləğinin hesablanma tarixi 16.06.2019-cu il tarixə göstərildiyindən 132,07 ABŞ dolları məbləğində ödənişlər nəzərə alınmamışdır. Buna görə də məhkəmə ekspertin hesabladığı 16.06.2019-cu il tarixdən sonra ödənilmiş 132.07 ABŞ dollarının 25.19 ABŞ dollarını faiz borcundan, 106,88 ABŞ dollarını isə əsas borcundan çıxaraq hesab edir ki, ekspert rəyinə əsasən iddiaçının hazırda 1095,98 ABŞ dolları məbləğində əsas borcu var, faiz borcu yoxdur. Beləliklə müəyyən edilmişdir ki, 16.06.2015-ci il tarixli kredit müqaviləsi üzrə ekspert rəyi ilə müəyyən edilmiş əsas borcun məbləği iddia ərizəsində göstərilmiş əsas borc məbləğindən çoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, 16.06.2015-ci il tarixli kredit müqaviləsi üzrə əsas borcun məbləği iddia tələbinə nisbətdə ekspert rəyində daha çox göstərildiyindən əsas borc həmin müqavilələr üzrə iddia tələbinə uyğun tutulmalıdır. Sadalanan xüsusatlara və qanunvericilik normalarına əsasən məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, borc alan Cavabdeh kredit müqavilələri üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyindən iddiaçının cavabdehdən borcun tutulmasını tələb etmək hüququ vardır. Beləliklə də məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 16.06.2015-ci il tarixli 13-15-11-026947 saylı kredit müqaviləsi üzrə 1061,74 ABŞ dolları məbləğində əsas borc tutulmalıdır. Məhkəmə iddiaçıya ödənilməli olan pul məbləğinin ödənilməsi üsulu və qaydasını araşdıraraq hesab edir ki, tərəflər arasında debitor-kreditor hüquq münasibətləri ABŞ dolları ilə yaranmış olsa da, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağan olunduğundan, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən, pul öhdəliyi manatla ifadə edilməli olduğuna görə, cavabdehdən alınan vəsait ödənildiyi anda Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun 18 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalı, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaitinin 37 manatı iddiaçıdan, 63 manatı isə cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Yuxarıda qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 16.06.2015-ci il tarixli 13-15-11-026947 saylı kredit müqaviləsi üzrə 1061,74 ABŞ dolları məbləğində pul vəsaiti (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və ödənilmiş 30 manat dövlət rüsumunun 18 (on səkkiz) manatı tutulsun. Qalan hissədə iddia rədd edilsin. Məhkəmə – mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaitinin 37 (otuz yeddi) manatı "xxxx" ASC-dən, 63 (altmış üç) manatı isə Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar