Məhkəmə qərarları › İş №2(044)-2551/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2551/2021

29.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2551/2021 29.09.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, iddiaçı Bank "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsinin ləğv edilməsi, kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında məhkəmənin binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, iddiaçı Bank "xxxx" ASC-nin “Gəncə” filialı ilə Cavabdeh1 arasında bağlanmış 27.05.2019-cu il tarixli RPF-00004-06/19A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn 20.04.2021-ci il tarixinə ödənilməmiş 2793.86 (iki min yeddi yüz doxsan üç manat, səksən altı qəpik) manat əsas borc, 27.46 (iyirmi yeddi manat, qırx altı qəpik) manat faiz borcu, ümumilikdə 2821.32 (iki min səkkiz yüz iyirmi bir manat, otuz iki qəpik) manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı Bank "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Gəncə” filialı ilə Cavabdeh1 arasında 27.05.2019-cu il tarixli RPF-00004-06/19A saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən, Bank "xxxx" ASC 2799.13 (iki min yeddi yüz doxsan doqquz manat, on üç qəpik) manat məbləğində krediti illik 1 faizlə 12 ay güzəşt müddəti tətbiq edilməklə 60 ay müddətinə Cavabdeh1 mülkiyyətinə vermiş, Cavabdeh1 isə həmin kreditdən iddiaçı ilə bağlanmış DK-00029-06/17A saylı 25 oktyabr 2017-ci il tarixli kredit müqaviləsi üzrə kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədi ilə istifadə etməyi və krediti 27 may 2024cü il tarixinədək faizi ilə birlikdə Bank "xxxx" ASC-yə qaytarmağı öhdəsinə götürmüşdür. Bank "xxxx" ASC-nin “Gəncə” filialı ilə Cavabdeh1 arasında “Problemli kreditləri restruktruzasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtləri” barəsində RPF-0004-06/19A saylı 27 may 2019-cu il tarixli Kredit müqaviləsinə 2 saylı əlavə bağlanmışdır. Cavabdeh2 27.05.2019-cu il tarixdə iddiaçıyla RPFZ-00004- 06/19A saylı zaminlik müqaviləsi bağlayaraq Cavabdeh1 həmin kredit müqaviləsi üzrə kreditinə zamin durmuşdur. Cavabdeh1 kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Borcluya və zaminə dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq kredit müqaviləsi üzrə öhdəliklərinin icrasında gecikmə əmələ gəlmişdir. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir: Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 27.05.2019-cu il tarixli RPF-00004-06/19A saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh1 12 ay güzəşt müddəti tətbiq edilməklə 60 ay müddətinə, illik 1 %-lə 2799.13 (iki min yeddi yüz doxsan doqquz manat, on üç qəpik) manat məbləğində kredit verilmişdir; Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin maliyyə arayışından görünür ki, Cavabdeh1 27.05.2019-cu il tarixli RPF-00004-06/19A saylı kredit müqaviləsi üzrə Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 2793.86 (iki min yeddi yüz doxsan üç manat, səksən altı qəpik) manat əsas borc, 27.46 (iyirmi yeddi manat, qırx altı qəpik) manat faiz borcu, cəmi 2821.32 (iki min səkkiz yüz iyirmi bir manat, otuz iki qəpik) manat borcu yaranmışdır; 27.05.2019-cu il tarixli RPFZ-00004-06/19A saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 borcalanın 27.05.2019-cu il tarixli RPF-00004-06/19A saylı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürür. ETİRAZİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iştirak etmiş iddiaçı Bank "xxxx" ASC-nin nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmışlar. Buna baxmayaraq cavabdehlər məhkəmə iclasında iştirak etməmiş, gəlməməsinin səbəbləri bаrədə məhkəməyə məlumаt verməmişlər və işə оnların iştirаkı оlmаdаn bаxılmаsı bаrədə məhkəməyə vəsаtət dаxil оlmаmışdır. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə cavabdehlərin məhkəmə iclasına gəlməməyinin səbəbini üzürlü hesab etmədiyindən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, onun izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdehlər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin şərh olunmuş normaları və tərəflər arasında bağlanmış 27.05.2019-cu il tarixli RPF-00004-06/19A saylı Kredit müqaviləsinin yuxarıda qeyd olunmuş müddəaları baxımından Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, onun tərəfindən kredit öhdəlikləri üzrə bir müddət ödənişlər edilsə də, sonradan ödənişlərin edilməsi dayandırılmışdır. Bu halda öhdəliyin lazımınca icra edilməməsinə görə onun məsuliyyət məsələsi Mülki Məcəllənin 443.1-ci maddəsinə görə həll edilməlidir. Həmin maddəyə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Beləliklə, iddiaçının Cavabdeh1 qarşı tələbi qanuni və əsaslıdır. Məhkəmə belə nəticəyə gəlir ki, cavadeh Cavabdeh1 Bankla bağladığı kredit müqaviləsinin şərtlərini yerinə yetirmədiyindən, borclu kimi Azərbaycan Respublikası MMin 448-ci maddəsinə əsasən öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə eyni zamanda hesab edir ki, iddiaçının, cavabdeh (zamin) Cavabdeh2 münasibətdə də tələbi qanuni və əsaslıdır. Belə ki, Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Yuxarıda da qeyd olunduğu kimi iddiaçı ilə cavabdeh arasında bağlanmış zaminlik müqaviləsindən müəyyən olunmuşdur ki, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır və kreditor borclu tərəfindən kredit müqaviləsinin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda həm borclu, həm də zaminə qarşı kredit müqaviləsi üzrə tələblərini irəli sürə bilər. Məhkəmə onu da qeyd edir ki, hazırki mübahisənin hüquqi və faktiki halları baxımından cavabdehlər kreditor olan iddiaçının qarşısında müqavilədən irəli gələn birgə borclular kimi çıxış edirlər və müvafiq olaraq da götürdükləri öhdəliklər də birgə öhdəlik kimi qiymətləndirilməlidir. Məhkəmə belə nəticəyə gəlir ki, cavadehlər Cavabdeh1 və Cavabdeh2 Bankla bağladığı kredit və zaminlik müqaviləsinin şərtlərini yerinə yetirmədiklərindən, borclu kimi Azərbaycan Respublikası MM-in 448-ci maddəsinə əsasən öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdirlər. Beləliklə, məhkəmə hesab edir ki, cavadehlər kredit və zaminlik müqaviləsi üzrə üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirmədiklərindən və bu fakt iş materialları ilə sübut olunduğundan iddia təmin edilməli, cavabdehlər üzərilərinə düşən öhdəliyi icra etməli, yəni kredit borcu cavabdehlərdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə hesab edir ki, cavadeh Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən və bu fakt iş materialları ilə tam sübut olunduğundan iddia təmin edilməli, cavabdehlər üzərilərinə düşən öhdəliyi icra etməli, yəni kredit borcu, ona hesablanmış faiz borcunu, eləcə də 30 (otuz) manat ödənilmiş dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual-Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. İddiaçı Bank "xxxx" ASC-nin “Gəncə” filialı ilə Cavabdeh1 arasında bağlanmış 27.05.2019-cu il tarixli RPF-00004-06/19A saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 27.05.2019-cu il tarixli RPF-00004-06/19A saylı kredit müqaviləsi üzrə 2793.86 (iki min yeddi yüz doxsan üç manat, səksən altı qəpik) manat əsas borc, 27.46 (iyirmi yeddi manat, qırx altı qəpik) manat faiz borcu, cəmi 2821.32 (iki min səkkiz yüz iyirmi bir manat, otuz iki qəpik) manat pul, dövlət rüsumu və bank xidmət haqqı kimi ödənilmiş 30.40 (otuz manat, qırx qəpik) manat pul tutularaq Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə qəbul edildiyi gündən 01 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar