Məhkəmə qərarları › İş №2(044)-2566/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2566/2021

09.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2566/2021 09.09.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh3 iştirakı ilə, iddiaçı X3 Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı kreditin, kredit faizinin ödənilməsi tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Unibank KB ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 onun xeyrinə 7524.03 manat əsas, 866.21 manat faiz, 88.52 manat cərimə, cəmi 8478,76 manat və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia həcmini azaldaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada iddiaçının xeyrinə 7524.03 manat əsas, 212.2 manat faiz borcu olmaqla cəmi 7736,23 manat borcun və 30 manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Elektron Məhkəmə Sistemindən Cavabdeh2 09.11.2020-ci il tarixdə öldüyü məlum olmuş, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 09.09.2021-ci il tarixli 2(044)- 2566/2021 saylı qərardadına əsasən Cavabdeh2 vəfat etdiyi üçün ona aid hissədə iddiaya xitam verilmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək bildirmişdir ki, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 21.04.2020-ci il tarixli kredit müqaviləsinə əsasən sonuncuya istehlak məqsədləri üçün illik 22 faizlə 36 ay müddətinə 7801 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu mqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifad etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Eni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq X2 və Cavabdeh3 ilə aralarında bağlanmış zaminlik müqaviləsinə əsasən zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərlərinə götürmüşlər. Lakin cavabdehlər müqavilənin bu şərtini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduqları kreditinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımı qaydada icra etməmişdir. Hazırda Cavabdeh2 vəfat etdiyi üçün borcun məbləği azaldılaraq digər cavabdehlərdən müştərək qaydada 7524.03 manat əsas, 212.2 manat faiz borcu olmaqla cəmi 7736,23 manat borcun və 30 manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh3 məhkəmə iclas zalında iddia tələbini qismən qəbul edərək iddiaçının tələb etdiyi borcun 50%-ni onadan 50%-ni isə digər Cavabdeh1 tutulmasını xahiş etmişdir. Digər Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barəsində qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onun iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsini mümkün hesab etmişdir. Mülki iş materiallarında olan: - 21.04.2020-ci il tarixli 760nkKPZ/20 saylı Kredit və Bank Hesabı müqaviləsinin surətindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh2 Unibank KB ASC-dən illik 22 faiz ödəmək şərti ilə 36 ay müddətinə 7801 manat məbləğində krediti faizlərlə birlikdə qaytarmağı öhdəsinə götürmüşdür. - 09 sentyabr 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 7524.03 manat əsas, 212.2 manat faiz, cəmi 7736,23 manat borcu vardır. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmalıdır. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında kredit və zaminlik müqavilələri bağlanmış, lakin cavabdeh zaminlik müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərini vaxtı-vaxtında icra etməmiş və onun 5962.68 manat əsas, 59.05 manat faiz, 52.49 manat cərimə, cəmi 6074.22 manat borcu ödənilməmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Sadalanan xüsusatlara və qanunvericilik normalarına əsasən məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, kredit müqaviləsi üzrə zaminlər Cavabdeh1 və Cavabdeh3 öhdəliklərini lazımınca yerinə yetirmədiklərindən iddiaçının onlardan borcun tutulmasını tələb etmək hüququ vardır. Beləliklə də məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iddiaçı X3 Açıq Səhmdar Cəmiyyəti xeyrinə 7524,03 manat əsas, 212,2 manat faiz, cəmi 7736,23 manat borc tutulmalıdır. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 7524,03 qəpik məbləğində əsas, 212,2 manat məbləğində faiz, cəmi 7736 (yeddi min yeddi yüz otuz altı) 23 (iyirmi üç) manat qəpik məbləğində borc və 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı X3 Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar