Məhkəmə qərarları › İş №2(044)-2569/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2569/2021

03.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2569/2021 03.09.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, iddiaçı "xxxx" X4 Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə İddiaçı "xxxx" X4 Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 oğluna, Cavabdeh2 və Cavabdeh3 qarşı “kreditin, kredit faizinin və cərimənin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında məhkəmənin binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" X4 Səhmdar Cəmiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada "xxxx" X4 Səhmdar Cəmiyyətinin xeyrinə 9002.8 manat əsas, 2304.28 manat faiz, 0 manat cərimə, cəmi 11307.08 (on bir min üç yüz yeddi manat səkkiz qəpik) manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ "xxxx" X4 Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" X4 Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 28.11.2019-cu il tarixli əsas kredit müqaviləsi üzrə 150.000 manat 120 ay müddətinə kredit xətti ayrılmış və 28.11.2019-cu il tarixli əlavə kredit müqaviləsi üzrə cavabdehə 24 ay müddətinə illik 25 faiz ödəmək şərti ilə 10.000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit xətti müqaviləsinin 1.1-ci bəndinə əsasən bu müqaviləyə görə borcverən müqavilədə qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh2 və Cavabdeh3 ilə "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış zaminlik müqaviləsinə əsasən zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürüb. Lakin cavabdehlər müqavilənin bu şərtini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduqları kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişlər. Nəticədə cavabdehin 06 aprel 2021ci il tarixinə kredit müqaviləsi üzrə "xxxx" KB ASC-yə 9002.8 manat əsas, 2304.28 manat faiz, 0 manat cərimə, cəmi 11307.08 (on bir min üç yüz yeddi manat səkkiz qəpik) manat borcu yaranmışdır. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir: "xxxx" X4 Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 28.11.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh1 24 ay müddətinə, illik 25 % ödəmək şərti ilə 10.000 (on min) manat məbləğində kredit verilmişdir; "xxxx" X4 Səhmdar Cəmiyyətinin maliyyə arayışından görünür ki, Cavabdeh1 28.11.2019-cu il tarixli 1442micGNDJ/19 saylı kredit müqaviləsi üzrə "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinə 9002.8 manat əsas borcu, 2304.28 manat faiz borcu, 0 manat cərimə, cəmi 11307.08 (on bir min üç yüz yeddi manat səkkiz qəpik) manat borcu yaranmışdır; 28.11.2019-cu il tarixli 1442micGNDJ/19 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 və Cavabdeh3 kreditor qarşısında 28.11.2019-cu il tarixli 1442micGNDJ/19 saylı Əlavə Kredit Müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürürlər. ETİRAZİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iştirak etmiş iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etdiyini, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasına etiraz etmədiyini bildirmişdir. Digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmışlar. Buna baxmayaraq həmin cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər, gəlməmələrinin səbəbləri bаrədə məhkəməyə məlumаt verməmişlər və işə оnların iştirаkı оlmаdаn bаxılmаsı bаrədə məhkəməyə vəsаtət dаxil оlmаmışdır. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə həmin cavabdehlərin məhkəmə iclasına gəlməmələrinin səbəbini üzürlü hesab etmədiyindən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə iddiaçının nümayəndəsinin və məhkəmə iclasında iştirak edən cavabdehin izahatını dinləyərək, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdehlər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin şərh olunmuş normaları və tərəflər arasında bağlanmış 28.11.2019-cu il tarixli 1442micGNDJ/19-EM saylı Əsas Kredit və X3 üzrə, 28.11.2019-cu il tarixli 1442micGNDJ/19 saylı Əlavə Kredit müqaviləsinin yuxarıda qeyd olunmuş müddəaları baxımından Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, onun tərəfindən kredit öhdəlikləri üzrə bir müddət ödənişlər edilsə də, sonradan ödənişlərin edilməsi dayandırılmışdır. Beləliklə, iddiaçının Cavabdeh1 qarşı tələbi qanuni və əsaslıdır. Məhkəmə belə nəticəyə gəlir ki, cavadeh Cavabdeh1 Bankla bağladığı kredit müqaviləsinin şərtlərini yerinə yetirmədiyindən, borclu kimi Azərbaycan Respublikası MMin 448-ci maddəsinə əsasən öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə eyni zamanda hesab edir ki, iddiaçının, cavabdehlər (zaminlər) Cavabdeh2 və Cavabdeh3 münasibətdə də tələbi qanuni və əsaslıdır. Belə ki, Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Yuxarıda da qeyd olunduğu kimi iddiaçı ilə cavabdeh arasında bağlanmış zaminlik müqaviləsindən müəyyən olunmuşdur ki, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır və kreditor borclu tərəfindən kredit müqaviləsinin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda həm borclu, həm də zaminə qarşı kredit müqaviləsi üzrə tələblərini irəli sürə bilər. Məhkəmə onu da qeyd edir ki, hazırki mübahisənin hüquqi və faktiki halları baxımından cavabdehlər kreditor olan iddiaçının qarşısında müqavilədən irəli gələn birgə borclular kimi çıxış edirlər və müvafiq olaraq da götürdükləri öhdəliklər də birgə öhdəliklər kimi qiymətləndirilməlidir. Məhkəmə belə nəticəyə gəlir ki, cavadehlər Bankla bağladıqları kredit və zaminlik müqaviləsinin şərtlərini yerinə yetirmədiklərindən, borclu kimi Azərbaycan Respublikası MM-in 448-ci maddəsinə əsasən öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdirlər. Beləliklə, məhkəmə hesab edir ki, cavadehlər kredit və zaminlik müqaviləsi üzrə üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirmədiklərindən və bu fakt iş materialları ilə sübut olunduğundan iddia təmin edilməli, cavabdehlər üzərilərinə düşən öhdəliyi icra etməli, yəni kredit borcu cavabdehlərdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə hesab edir ki, cavadeh Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən və bu fakt iş materialları ilə tam sübut olunduğundan iddia təmin edilməli, cavabdehlər üzərilərinə düşən öhdəliyi icra etməli, yəni kredit borcu, ona hesablanmış faiz borcunu, eləcə də 30 (otuz) manat ödənilmiş dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual-Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada əsas borc üzrə 9002,8 manat, faiz borcu üzrə 2304,28 manat, cərimə borcu üzrə 0 manat, cəmi 11307,08 (on bir min üç yüz yeddi manat səkkiz qəpik) manat pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul tutularaq "xxxx" X4 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə qəbul edildiyi gündən 01 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar