Məhkəmə qərarları › İş №2(044)-2576/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2576/2021

06.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2576/2021 06.09.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyev Günay Ələstun qızının katibliyi, iddiaçının nümayəndəsi X1iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada onun xeyrinə 05 oktyabr 2012-ci il il tarixli kredit müqaviləsi üzrə banka 4166,31 manat əsas borc, 3082,70 manat faiz borcu, 16623.58 manat cərimə və kredit müqaviləsi üzrə 05 aprel 2014-cü il tarixdən, 05 oktyabr 2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1093,80 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 24966,39 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edərək izahatında bildirmişdir ki, Cavabdeh2 05 oktyabr 2012-ci il il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 30 faizlə 18 ay müddətinə 10000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə 05 oktyabr 2012-ci il il tarixli zaminilik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 05 may 2021-ci ilədək Cavabdeh2 banka 05 oktyabr 2012-ci il il tarixli kredit müqaviləsi üzrə 4166,31 manat əsas borc, 3082,70 manat faiz borcu, 16623.58 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 23872,59 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırmışdır. Sonda iddiaçının nümayəndəsi iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: - "xxxx" İKB ASC ilə Cavabdeh2 arasında bağlanmış 05 oktyabr 2012-ci il il tarixli, 10-M-1-0-1834-12 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh2 18 ay müddətinə illik 30 % ödəmək şərtilə 10000 manat məbləğində kredit verilmişdir. Borcalan həmin müqavilənin tələblərini vaxtında və lazımi qaydada yerinə yetirməyi öhdəsinə götürmüşdür. - Kassa məxaric orderindən görünür ki, 05.10.2012-ci il tarixdə Nikoil İKB ASC tərəfindən Cavabdeh2 10000 manat pul verilmişdir. - 05.10.2021-ci il tarixli 10-M—0-1834-12 saylı zaminlik müqaviləsindən görünür ki, 05 oktyabr 2012-ci il il tarixli, 10-M-1-0-1834-12 saylı kredit müqaviləsinin təminatı kimi "xxxx" İKB ASC ilə Cavabdeh1 ilə arasında müqavilə bağlanmış və borclu Cavabdeh2 Kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin Cavabdeh1 Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürərək borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. - 20.04.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh2 və Cavabdeh1 kredit müqaviləsi üzrə borcunun qaytarılması barədə xəbərdarlıq edilmişdirlər. - maliyyə arayışından görünür ki, Cavabdeh2 05 may 2021-ci il tarixinə banka olan borcu, əsas borc üzrə 4166.31 manat, faiz borcu üzrə 3082.7 manat, cərimə borcu üzrə 16623.58 manat, əldən çıxmış fayda 1093.8 manat ümumilikdə 24966.39 manat kreditin bitmə tarixinə əsas borc 4166.31 manat, faiz borcu üzrə 1841.54 manat təşkil edir. - Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin 03.02.2021-ci il tarixli Çıxarışının surətindən görünür ki, "xxxx" X2 Açıq Səhmdar Cəmiyyətinin hazırkı adı İddiaçı Açıq Səhmdar Cəmiyyətidir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında kredit və zaminlik müqavilələri bağlanmış, lakin cavabdehlər həmin müqavilələr üzrə üzərlərinə götürdükləri öhdəliklərini vaxtı-vaxtında icra etməmişlər və 4166,31 manat əsas, 3082.7 manat faiz, 16623.58 manat cərimə və 05 aprel 2014-cü il tarixdən, 05 may 2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1093 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 24966.39 manat borc ödənilməmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. - 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Sadalanan xüsusatlara və qanunvericilik normalarına əsasən məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, kredit müqaviləsi üzrə borc alan Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyindən iddiaçının cavabdehdən borcun tutulmasını tələb etmək hüququ vardır. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi üzrə cərimə azaldılaraq 10 manat müəyyən olunmalıdır. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditorun qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Bununla belə, məhkəmə iddiaçının Cavabdeh1 qarşı iddia tələbini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4.-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtarması, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Bu baxımdan, Cavabdeh1 qarşı irəli sürülmüş iddia tələbi ilə bağlı məhkəmə qeyd edir ki, 05 oktyabr 2012-ci il tarixdə 18 ay müddətinə bağlanmış kredit və zaminlik müqaviləsinin müddəti 05.04.2014-cü il tarixdə bitsə də, öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditor İddiaçı ASC zamin Cavabdeh1 qarşı iddia tələbi irəli sürməmişdir. Bu isə yuxarıda qeyd olunan Zaminlik müqaviləsi və Qanunun normasına əsasən zaminlik öhdəliyinə xitam verildiyinə dəlalət etdiyindən, Cavabdeh1 qarşı iddia tələbi əsassız olduğuna görə rədd edilməlidir. Bundan başqa Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cu maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək, faiz borcunun müqavilə müddətinin sonuna qədər hesablanmalı olduğunu nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş 05.05.2021-ci il tarixli maliyyə arayışında göstərilən məlumatlara əsasən faiz borcu kredit müqaviləsinin bitdiyi 05.04.2014-cü il tarixinə hesablanmış 1841.54 manat məbləğində təmin olunmalıdır. Beləliklə də məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 4166.31 manat əsas, 1841.54 manat faiz, 10 manat cərimə və 05 aprel 2014-cü il tarixdən, 05 may 2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1093.80 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 7111,65 manat borc tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən 30 manat dövlət rüsumunun 10 manatı Cavabdeh2 iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 05 oktyabr 2012-ci il il tarixli kredit müqaviləsi üzrə banka 4166.31 manat əsas, 1841.54 manat faiz, 10 manat cərimə və 05 aprel 2014-cü il tarixdən, 05 may 2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1093.80 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 7111 (yeddi min yüz on bir) manat 65 (altmış beş) qəpik borc və 30 manat dövlət rüsumunun 10 (on) manatı tutulsun. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar