Məhkəmə qərarları › İş №2(044)-2585/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2585/2021

24.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2585/2021 24.08.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, iddiaçının nümayəndəsi X3, Cavabdeh1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun xeyrinə 26 avqust 2013-cü il tarixli kredit müqaviləsi üzrə 1556.32 ABŞ dolları əsas borc, 3359.74 ABŞ dolları faiz borcu, 8459.81 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 26 avqust 2015 il tarixdən, 02 aprel 2021 il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 5463 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 13922.17 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun tutulmasını tələb etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edərək izahatında bildirmişdir ki, kreditor "xxxx" İKB ASC ilə borclu Cavabdeh1 arasında bağlanmış 26 avqust 2013-cü il tarixli kredit müqaviləsinə əsasən sonuncuya 24 ay müddətinə illik 28% ödəmək şərtilə 5000 ABŞ dolları məbləğində kredit verilmişdir. Borcun təminatı olaraq Cavabdeh2 ilə 26 avqust 2013-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. 2 aprel 2021-dək Cavabdeh1 banka 26 avqust 2013-cü il tarixli kredit müqaviləsi üzrə 1556.32 ABŞ dolları əsas borc, 3359.74 ABŞ dolları faiz borcu, 8459.81 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 26 avqust 2015 il tarixdən, 02 aprel 2021 il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 546.3 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 13922.17 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Sonda iddiaçının nümayəndəsi məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyib ərizə verərək Yelo Bank ASC tərəfindən ona qarşı irəli sürülmüş iddia üzrə iddia müddətinin ötürüldüyü üçün iddianın rədd edilməsini xahiş etmişdir. Digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümükün hesab etmişdir. İş materiallarında olan: - "xxxx" İKB ASC ilə Cavabdeh1 oğlu arasında bağlanmış 26 avqust 2013-cü il tarixli, 10-M-2-0-1048-13 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh1 24 ay müddətinə illik 28 % ödəmək şərtilə 5000 ABŞ dolları məbləğində kredit verilmişdir. Borcalan həmin müqavilənin tələblərini vaxtında və lazımi qaydada yerinə yetirməyi öhdəsinə götürmüşdür. - 26 avqust 2013-cü il tarixli 10-M-2-0-1048-13 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, - 26 avqust 2013-cü il tarixli 10-M-2-0-1048-13 saylı kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 ilə X1 Bankı ASC arasında zaminlik müqaviləsi bağlanmış, borclu Cavabdeh1 Kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin Cavabdeh2 Bank qarşısında tam məsuliyyəti öz üzərlərinə götürərək borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. - 26.08.2013-cü il tarixli məxaric qəbzinin surətindən görünür ki, Rzayeva X4 5000 ABŞ dolları pul almışdır. - Maliyyə arayışından görünür ki, Cavabdeh1 02.04.2021-ci il tarixinə banka olan borcu, əsas borc üzrə 1556.32 ABŞ dolları, faiz borcu üzrə 3359.74 ABŞ dolları , 8459.81 ABŞ dolları cərimə borcu, 546.3 ABŞ dolları əldən çıxmış fayda, cəmi 13375.87 ABŞ dolları borc təşkil edir. - Xəbərdarlıqdan görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 5 gün müddətində borcun ödənilməsi, əks təqdirdə məhkəmə qaydasında borc tutularaq onun əmlaklarına yönəldiləcəyi və əlavə xərclər tutulacağı barədə məlumat verilmişdir. - Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin 03.02.2021-ci il tarixli Çıxarışının surətindən görünür ki, "xxxx" X2 Açıq Səhmdar Cəmiyyətinin hazırkı adı İddiaçı Açıq Səhmdar Cəmiyyətidir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın rədd edilməsinə dair qətnamə çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. - 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. - 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İş materiallarından görünür ki, iddia müddətinin tətbiqi barədə Cavabdeh1 tərəfindən ərizə verilmişdir. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. İşin faktiki halları ilə təsdiq olunur ki, tərəflər arasında kredit müqaviləsi 26.08.2013cü il tarixdə bağlanmış, müqavilənin 24 ay müddətinə bağlanması nəzərə alınmaqla həmin müqavilə üzrə öhdəliklərin icrası üçün nəzərdə tutulmuş müddət 26.08.2015-ci il tarixdə bitmiş və iddia müddətinin axımı başlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli qərarında qeyd olunmuşdur ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. İddiaçının nümayəndəsi iddia müddətinin tətbiq olunmasını məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. - 380-cı maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə, iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. - 383-cü maddəsinə əsasən borclu və ya digər mükəlləfiyyətli şəxs vəzifəsini iddia müddəti keçdikdən sonra icra etmişsə, icra zamanı icra müddətinin bitdiyini bilməmiş olsa da, icra etdiyini geri tələb edə bilməz. Qeyd olunan hüquq normalarının müqayisəli təhlilindən görünür ki, qanunvericilikdə iddia müddətinin axımının başlama və bitmə anları dəqiq müəyyən edilmişdir. Müqavilə tələbləri üzrə iddia müddətinin axımının başlanması anı öhdəliklərin icrası müddətinin bitməsi, qurtarma anı isə həmin vaxtdan 3 il müəyyən olunmuşdur. Mülki Məcəllənin 380-cı maddəsində qeyd olunan “müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə, iddia müddətinin axımı kəsilir” müddəası onu göstərir ki, şəxsin borcu etiraf etməsini göstərən hərəkətlərin edilməsi yalnız iddia müddəti daxilində baş verdikdə həmin müddətin axımının kəsilməsinə səbəb olur. Çünki müddət bitdikdən sonra həmin müddətin axımının kəsilməsi mümkün deyildir və məntiqə ziddir. Mülki Məcəllənin 383-cü maddəsinin adı (İddia müddəti bitdikdən sonra vəzifənin icrası) isə bu mübahisənin həllini bir daha konkretləşdirir, yəni, həmin maddədə iddia müddətinin keçdikdən sonra vəzifənin icrasının hüquqi nəticəsi əks olunur, həmin hüquqi nəticə isə yalnız borclunun iddia müddəti keçdikdən sonra borcu ödəmişsə icra etdiyini geri tələb edə bilməməsindən ibarətdir. Mülki Məcəllənin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Beləliklə, işin faktiki halları ilə müəyyən olunur ki, iddianın əsasını təşkil edən 26.08.2013-cü il tarixli kredit müqaviləsi üzrə iddia müddətinin başlanğıcı 26.08.2015-ci il tarixdə başlanmış və 26.08.2018-ci il tarixdə bitmişdir. İddiaçı ASC isə iddia ərizəsi ilə 02.07.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Yəni, kredit və zaminlik müqavilələri üzrə borcun tutulması barədə iddia üzrə iddia müddəti keçmişdir. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia rədd edilməli, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) aymüddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədirlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar