Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2593/2021 06.09.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada onun xeyrinə 04 dekabr 2019cu il tarixli kredit müqaviləsi üzrə 5962.68 manat əsas, 59.05 manat faiz, 52.49 manat cərimə, cəmi 6074.22 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 məhkəməyə təqdim etdiyi, Azərbaycan Respublikası Gəncə Asan xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-ll nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən də görünür ki, Cavabdeh2 17 iyun 2020-ci il tarixdə dəqiqləşdirilməmiş ürək çatışmamazlığından vəfat etmişdir, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 06.09.2021-ci il tarixli 2(044)-2593/2021 saylı qərardadına əsasən Cavabdeh2 vəfat etdiyi üçün ona aid hissədə icraata xitam verilmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək bildirmişdir ki, mərhum Cavabdeh2 04 dekabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən Yelo Bank ASC-dən 1 faizlə 60 ay müddətinə 5963.24 manat kredit götürmüşdür. Borcun təminatı kimi Cavabdeh1 ilə 04 dekabr 2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 4 iyun 2021-ci ilədək Cavabdeh2 banka 04 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 5962.68 manat əsas, 59.05 manat faiz, 52.49 manat cərimə, cəmi 6074.22 manat borcu vardır. Hazırda əsas borclu vəfat etdiyi üçün, borcun zamindən tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qismən qəbul edərək bildirmişdir ki, əsas borclu olan Cavabdeh2 qız onun anasıdır, onun anası 17.06.2020-ci ildə vəfat etmişdir. Bu barədə ölüm haqqında şəhadətnaməni məhkəməyə təqdim etmişdir. Banka axrıncı dəfə 11.06.2020-ci il tarixdə ödəniş olmuşdur. O, 2 saylı poliklinikada tibb bacısı işləyir və aylıq gəiri 357 manatdır. Hər ay banka olan borcdan 30-40 manat ödəniş edə bilər. Sonda cavabdeh cərimənin azaldılmasını və iddianın qismən təmin olunmasını xahiş etmişdir. İş materiallarında olan: - İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 04.12.2019cu il tarixli, 10-M-1-0-248-13 saylı problemli kreditlərin restrukturizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtləri müqaviləsindən görünür ki, iddiaçı Cavabdeh2 60 ay müddətinə illik 1 % ödəmək şərtilə 5963.24 manat məbləğində kredit verməyi, sonuncu isə həmin müqavilənin tələblərini vaxtında və lazımi qaydada yerinə yetirməyi öhdəsinə götürmüşdür. - 04.12.2019-cu il tarixli 10-M-1-0-248-13 saylı zaminlik müqavilələrinin surətlərindən görünür ki, 04.12.2019-cu il tarixli 10-M-1-0-248-13 saylı kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 ilə Yelo Bank ASC arasında zaminlik müqaviləsi bağlanmış, borclu Cavabdeh2 Kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin Cavabdeh1 Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürərək borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. - maliyyə arayışından görünür ki, Cavabdeh2 04.06.2021-ci il tarixinə banka olan borcu, əsas borc üzrə 5962.68 manat əsas, 59.05 manat faiz, 52.49 manat cərimə, cəmi 6074.22 manat borc təşkil edir. - 27.05.2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh2 və Cavabdeh1 5 gün müddətində borcun ödənilməsi, əks təqdirdə məhkəmə qaydasında borc tutularaq onun əmlaklarına yönəldiləcəyi və əlavə xərclər tutulacağı barədə məlumat verilmişdir. - Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin 03.02.2021-ci il tarixli Çıxarışının surətindən görünür ki, "xxxx" X2 Açıq Səhmdar Cəmiyyətinin hazırkı adı İddiaçı Açıq Səhmdar Cəmiyyətidir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında kredit və zaminlik müqavilələri bağlanmış, lakin cavabdeh zaminlik müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərini vaxtı-vaxtında icra etməmiş və onun 5962.68 manat əsas, 59.05 manat faiz, 52.49 manat cərimə, cəmi 6074.22 manat borcu ödənilməmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Sadalanan xüsusatlara və qanunvericilik normalarına əsasən məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, kredit müqaviləsi üzrə zamin Cavabdeh1 öhdəliklərini lazımınca yerinə yetirmədiyindən iddiaçının ondan borcun tutulmasını tələb etmək hüququ vardır. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi üzrə cərimə azaldılaraq 10 manat müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyəti xeyrinə 5962.68 manat əsas, 59.05 manat faiz, 10 manat cərimə, cəmi 6031.73 manat borc tutulmalıdır. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə iddiaçının məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğində pul vəsaitinin 28 manat məbləğində hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 5962.68 manat əsas, 59.05 manat faiz, 10 manat cərimə olmaqla ümumilikdə 6031 (altı min otuz bir) manat 73 (yetmiş üç) qəpik məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumunun 28 (iyirmi səkkiz) manat məbləğində hissəsi tutulsun. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №2(044)-2593/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2593/2021
06.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver