Məhkəmə qərarları › İş №2(044)-2616/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2616/2021

01.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2616/2021 01.09.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və uşağın xəstəliyi ilə əlaqədar cavabdehin əlavə xərclərə cəlb edilməsi” tələbinə dair mülki işə Gəncə şəhəri Nizami rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və uşağın xəstəliyi ilə əlaqədar cavabdehin əlavə xərclərə cəlb edilməsi” tələbinə dair məhkəmədə iddia qaldıraraq, Cavabdeh 28 fevral 2006-cı il tarixdə anadan olmuş X1 üçün müəyyən edilmiş alimentin miqdarının artırılaraq, hər ay sabit pul məbləğində 350 manat müəyyən edilməsinə və uşağın xəstəliyi ilə əlaqədar hər ay 300 manat alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında bildirmişdir ki, Cavabdeh ilə birgə nikahlarından 28 fevral 2006-cı il tarixdə X6 adlı bir övladları anadan olmuşdur. Cavabdehlə münasibətləri pozulmuşdur, birgə nikahlarından olan uşaq onun himayəsində yaşayır. Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 30 oktyabr 2014-cü il tarixli qətnaməsi ilə cavabdehdən uşağın saxlanması üçün 103 manat aliment tutulub ona ödənilməsi qət edilmişdir. Cavabdeh qeyd edilən məbləğdən başqa heç bir maddi və mənəvi dəstək göstərmir. O, uşağı saxlamaqda çətinlik çəkir. Cavabdeh fərdi əməklə məşğuldur, maddi vəziyyəti yaxşıdır və sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Həmçinin övladı X6 17 fevral 2021-ci ildə yıxılmış və ayağından ciddi xəsarət almışdır. İki dəfə bununla əlaqədar cərrahi əməliyyat olunmuş, daima fizioterapiya və müalicələrdədir. Hələ də övladı yataq şəraitində müalicə olunur. O, uşağın əməliyyatı üçün 800 manat və 3500 manat pul xərcləmişdir. Həmçinin onun tərəfindən uşağın dərmanlarına 421 manat, şinalara 335 manat, 3 dəfə MRT-cəmi 390 manat, 120 manat həkim qəbulu, 250 manat fizioterapiya üçün pul xərclənmişdir. Bundan əlavə uşağın Bakıya həkimə aparılıbgətirilməsi və digər xərclər də olmuşdur. O, uşağına 6000 manatdan çox pul xərcləmişdir. Bu xərclər günü-gündən artır və müalicə hələ uzun müddət davam edəcəkdir. Cavabdeh uşağın xərcləri ilə əlaqədar əlavə xərclərə cəlb edilməlidir. Alimentin məbləğinin artırılaraq hər ay sabit pul məbləğində 350 manat müəyyən edilməsini, həmçinin uşağın xəstəliyi ilə əlaqədar hər ay cavabdehdən 300 manat alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, mübahisənin həllində tətbiq edilməli olan hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 30 oktyabr 2014-cü il tarixli, 2(043)-3121/2014 saylı qətnaməsindən görünür ki, X3 ilə Cavabdeh arasında 13 noyabr 2004-cü il tarixdə 381 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından 28 fevral 2006-cı il tarixdə anadan olmuş X4 anası X2 yanında qalması, 30.10.2014-cü ildən başlayaraq, Gəncə şəhəri, Gülüstan qəsəbəsi, ev 36, mənzil 8-də yaşayan Cavabdeh oğlundan 28 fevral 2006-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 103 manat sabit pul məbləğində alimentin Gəncə şəhəri, N.Nərimanov küçəsi, ev 34, mənzil 20-də yaşayan X2 xeyrinə tutulması qət edilmişdir. İş materiallarına əlavə edilmiş 16.09.2008-ci il tarixdə Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından 28 fevral 2006-cı il tarixdə X6 adlı uşaqları anadan olmuşdur. İş materiallarına əlavə edilmiş “X7 xəstəxanası”nın hesabına ödənilmiş 08.05.2021-ci il tarixli, 31.03.2021-ci il tarixli, 28.02.2021-ci il tarixli, 11.03.2021-ci il tarixli, 27.02.2021-ci il tarixli, 30.04.2021-ci il tarixli, 28.02.2021-ci il tarixli, 27.05.2021-ci il tarixli qəbzlərdən görünür ki, X4 müalicəsinə müvafiq olaraq 100 manat, 40 manat, 130 manat, 35 manat, 40 manat, 150 manat, 130 manat, 130 manat məbləğində xərc çəkilmişdir, həmçinin 16.06.2021-ci il tarixli mədaxil orderindən görünür ki, “Avrasiya Hospitalı”nın hesabına 3500 manat məbləğində depozit qoyulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 34.4-cü maddəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə görə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edilə bilər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yetkinlik yaşına çatmayan uşaq üçün aliment təyin edilərkən təyin ediləcək alimentin miqdarı yetkinlik yaşına çatmayan uşağın hüquq və mənafeləri, o cümlədən onun psixi və fiziki inkişafına uyğun həddə təyin edilməli, hər bir halda uşağın hüquq və mənafeləri birinci gözlənilməlidir. Bundan başqa, 2014-cü ildən alimentlə bağlı məhkəmə qətnaməsi qəbul edildikdən sonra minimum istehlak səbəti də artmış, uşaq 7 yaş da böyüyərək onun təlabatlarının da artması qaçılmaz olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 30 oktyabr 2014-cü il tarixli, 2(043)-3121/2014 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay 170 manat sabit pul məbləğində müəyyən edilməlidir. Eyni zamanda məhkəmə alimentin 350 manat məbləğində təyin edilməsinin qeyrimümkünlüyünü onunla izah edir ki, təyin ediləcək alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların maddi və ailə vəziyyəti nəzərə alınmalı, onların hüquqlarını pozmamalıdır. Bu hal uşağın hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. Qeyd edilən tələblər gözlənilmədən birtərəfli qayda qeyri-mütənasib aliment miqdarının müəyyən edilməsi uşağın hüquq və mənafeləri ilə müəyyən qədər uzlaşsa da, bu öhdəliyi yerinə yetirən şəxsin hüquq və mənafeləri ilə ziddiyyət təşkil edəcəkdir. Bu yerinə yetirilməsi mümkün olmayan aliment miqdarının müəyyən edilməsi alimentin ödənilməsi imkanının azaldılmasına, qəbul edilmiş yekun məhkəmə aktının icra olunmamasına şərait yaradacaqdır. İddiaçının cavabdehin qazanc mənbəyi barədə sübut təqdim edə bilməməsi onu deməyə əsas verir ki, alimentin iddia tələbində göstərilən həddə təmin edilməsi məhkəmə aktının icra olunmamasına şərait yarada bilər. Bundan başqa, iddia tələbinin “cavabdehin əlavə xərclərə cəlb edilməsi” ilə bağlı hissəsi ilə əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çamış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideyinlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən valideyinlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideyinlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcədə tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən məhkəmə valideyinləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Qanunvericilik aktlarının bu normalarını tətbiq edən məhkəmə hesab edir ki, tərəflərin birgə nikahlarından 28 fevral 2006-cı il tarixdə anadan olmuş X4 xəstəliyi ilə bağlı əlavə xərclərin mövcudluğu məhkəmə araşdırması zamanı təsdiq edildiyindən Cavabdeh bu xərclərə cəlb edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə hesab edir ki, Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 30 oktyabr 2014-cü il tarixli, 2(043)-3121/2014 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq, 28 fevral 2006-cı il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün sabit pul məbləğində 170 (yüz yetmiş) manat aliment və X4 xəstəliyi ilə bağlı əlavə xərclərə görə 60 (altmış) manat məbləğində pul hər ay Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən məhkəmələrə verilən alimentin verilməsi barədə iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının MPM-nin 112.1 və 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda, iddiaçı alimentə görə dövlət rüsumunu ödəməkdən azad edildiyinə, alimentin artırılmış məbləğinin 1 illik məcmusu 500 manatdan çox olduğuna və iddia tələbi qismən təmin olunduğuna görə məhkəmə hesab edir ki, cavabdehdən 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Alimentin artırılmış məbləğinin hansı tarixdən tutulması məsələsi ilə bağlı məhkəmə aşağdakıları qeyd etməyi zəruri hesab edir. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 5-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də məhkəmə hesab edir ki, alimentin dəyişdirilmiş miqdarı və əlavə xərclərlə bağlı ödəniş məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 30 oktyabr 2014-cü il tarixli, 2(043)- 3121/2014 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq, 28 fevral 2006-cı il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün sabit pul məbləğində 170 (yüz yetmiş) manat aliment və X4 xəstəliyi ilə bağlı əlavə xərclərə görə 60 (altmış) manat məbləğində pul hər ay Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Alimentin dəyişdirilmiş miqdarı və əlavə xərclərlə bağlı ödəniş məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar