Məhkəmə qərarları › İş №2(044)-2636/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2636/2020

30.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2636/2020 30.11.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi 32 saylı binanın 16 saylı mənzilində yaşayan Cavabdeh ondan nisyə götürdüyü malların dəyəri olan 3500 manatı (üç min beş yüz manatı) 2019-cu ilin avqust ayından bu günə kimi əldən çıxmış faydaya görə, bank faizinin uçot dərəcəsi (yəni 5 faiz) ilə hesablanıb verilməsi və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq, önun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 2004-cü ildən Gəncə şəhəri “Mərkəzi Univarmaqda” qızıl alqı-satqısı ilə məşğul olur və ona vergi idarəsi tərəfindən ********** saylı VOEN şəhadətnaməsi verilmişdir. 2019-cu ilin avqust ayında əvvəllər tanımadığı bir qadın gələrək, həyat yoldaşının rəfiqəsi olan yaxın olduqları, uzun illər bir-birinin evinə gedib-gəldikləri X1 adını verərək ondan nisyə qızıl-almaq istədiyini bildirmişdir. O, razılaşmaq istəməmiş, bu vaxt Sahilə xanım onunla telefon əlaqəsi saxlayaraq, ona Cavabdeh Gəncə şəhəri 39 saylı məktəbdə xarici dil müəlliməsi işlədiyini, etibarlı insan olmasını bildirdi və cavabdehin istədiyi qızılları nisyə verməsini xahiş etdi. O, da üzdən keçə bilməmiş, cavabdehin istədiyi 64 qramlıq, cəmi dəyəri 3500 manat olan bir ədəd qol bağını və boyun bağını (sepini) aralarında 2019-cu ilin dekabr ayının əvvəllərində verməsi şərti ilə razılaşaraq vermiş, aralarında şifahi olaraq nisyə alqı-satqı razılaşması əmələ gəlmişdir. Qızılların pulunu Cavabdeh söz verdiyi vaxtda gətirmədiyindən, o, xx.xx.2020-ci ildə Sahilə xanıma zəng vuraraq, Cavabdeh 2020-ci ilin dekabr ayında pulu ödəməsinə söz verməsinə baxmayaraq pulu ödəmədiyini bildirmişdir. Lakin bundan sonra da Cavabdeh tərəfindən nisyə götürdüyü malların pulu ödənilməmiş, əksinə hədələnmiş, xoşagəlməz hərəkətlər yaranmışdır. Sahilə Xəlilova Cavabdeh hərəkətlərindən Polis İdarəsinə şikayət etmiş, Gəncə şəhəri Kəpəz Rayon Polis İdarəsinin Təhqiqat Şöbləsinin təhqiqatçısı Şəhriyar Yusifzadə tərəfindən araşdırma aparılmış, həmin vaxt Cavabdeh ondan nisyə qızıl almasını etiraf etmiş və maddi imkanının zəif olması ilə bağlı ödəyə bilməməsini bildirmiş və bu qəbul edilmiş qərarda öz əksini tapmışdır. Bu səbəbdən də Ş.Yusifzadə “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmiş, S.Xəlilova həmin qərarla razılaşmadığından məhkəməyə şikayət vermiş, məhkəmənin xx.xx.2020-ci il tarixli 6(043)-8/2020 saylı qərarı ilə S.Xəlilova tərəfindən verilmiş şikayət təmin edilməmiş və qərar qüvvəsində saxlanılmışdır. Cavabdeh tərəfindən 2019-cu ilin avqust ayından bu günə kimi ona maddi ziyan dəymiş və davam etməkdədir, o, cavabdehin hərəkətləri üzündən ziyana düşmüş, bu gündə həmin məbləğin ziyanını ödəyir. Cavabdeh isə könüllü olaraq ona vurduğu ziyanı ödəmək istəmir, yalan, şər, böhtanlara əl atır, onu və Sahilə Xəlilovanı hədələyərək, onların başına oyun açacağını bildirir. Cavabdeh Gəncə şəhəri 39 saylı orta məktəbdə xarici dili müəlliməsi işləməklə aylıq əmək haqqı alır, bundan əlavə hazırlıqlar da keçir, aylıq gəliri yaxşıdır, istəsə həmin məbləği bir başa artıqlaması ilə ödəyər. O, borc içindədir, mallara görə pul borcu vardır, maddi vəziyyəti yaxşı deyil, maddi vəziyyətdən əziyyət çəkir. Buna görədə o, hazırkı iddia tələbi ilə məhkəmədə iddia qaldırmalı olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında bildirdi ki, o, iddia ərizəsində yazılanlarla razı deyildir, iddiaçını tanımır və onu görməmişdir. O, 2019-cu ildə Sahilə Xələfovanı sələm verən kimi tanımışdır. O, Sahilə Xələfovanın vasitəsi ilə Gəncə Univermağında 30 qramlıq 1 ədəd qızıl boyunbağı və 1 ədəd qızıl qolbağını nisyə almış, həmin qızılların dəyərini, yəni qramını 50 manata, cəmi 1500 manat pula İsa adlı şəxslə razılaşmış, aralarında olan razılığa əsasən qızılların pulunu ən geci 6 ay müddətində qaytarmalı idi. Lakin ailəsində müəyyən problemlər olmuş və uşağının təhsil haqqını ödəməli olduğundan pula ehtiyacı yaranmış, İsa adlı oğlandan aldığı həmin qızılları satmaq məcburiyyətində qalmışdır. O, qızılların pulundan 200 manat qaytarmışdır, sonradan onun maddi imkanı olmadığından qızılların qalan pulunu ödəyə bilməmişdir. Məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını, şahid ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, o, İddiaçı ilə ailəvi dostdur, Cavabdeh ilə bir ildən çox bir müddətdir ki, tanışdırlar. Cavabdeh Sevinc X2bağında olan zaman ona zəng vuraraq nisyə qızıl götürmək istədiyini bildirmişdir. O, İddiaçı Cavabdeh nisyə qızıl verməsini xahiş etmişdir. Cavabdeh İddiaçı 3500 manat dəyərində 1 ədəd sep və bir ədəd braslet götürmüşdür və həmin pulu dekabr ayında qaytarmasını razılaşmışlar. Lakin Cavabdeh İddiaçı olan borcunu qaytarmamışdır. Cavabdeh ona demişdir ki, lotoreya oynayıb borcunu qaytaracaqdır. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 6(043)-8/2020 saylı qərarın surətindən görünür ki, X4 tərəfindən verilmiş şikayət təmin edilməmiş, Gəncə şəhər BPİ-nin Kəpəz RPİ-nin TB-nin təhqiqatçısı X3 “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli qərarı qanun hesab edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Qanunvericiliyin sadalanan müddəalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən tələb etdiyi cehiz əşyasına münasibətdə mülkiyyətçi hüququna malikdir və mülkiyyətçi kimi tələb etdiyi əşyalarının qaytarılması iddiası ilə çıxış etmək hüququna malik subyektiv hüququn sahibidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də hazırki mübahisə üzrə məhkəmə aparılmış araşdırmaya əsasən hesab edir ki, mübahisəli cehiz əşyalarına münasibətdə hər bir tərəf öz tələb və etirazlarını sübut etməlidir. Göründüyü kimi, iddiaçı tərəfindən mübahisələndirilən qızl əşyalarının dəyəri olan 3500 manat cavabdeh tərəfindən qismən etiraf edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı qeyd olunan qızıl əşyalarının dəyərinın tələb olunması ilə bağlı subyektiv hüquqa malkdir və bu iş üzrə cavabdehin etirafı qəbul olunmalı, qızıl əşyalarına görə 1500 manat cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə iddia tələbinin 3500 manatın 2019-cu ilin avqust ayından bu günə kimi əldən çıxmış faydaya görə, bank faizinin uçot dərəcəsi - yəni 5 faiz ilə hesablanıb iddiaçıya verilməsi hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbinin həmin hissədə təmin olunması istisnadır. Məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətini təşkil edən 1500 (min beş yüz) manat məbləğində pulu cavabdeh şərtləşdirilmiş müddətdə qaytarmadığından, iddiaçının mülkiyyət hüququnu pozmuşdur. Bununla da iddiaçı qanunsuz sahiblikdən öz əmlakını geri tələb etməkdə haqlıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh tərəfindən öhdəlik yerinə yetirilmədiyinə görə o, risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, iddiaçının mülkiyyət hüququ müdafiə edilməli və Cavabdeh 1500 (min beş yüz) manat və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1500 (min beş yüz) manat və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq, İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar