Məhkəmə qərarları › İş №2(044)-265/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-265/2022

07.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-265/2022 07.04.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit borcu» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC-ti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit borcu»tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 08.09.2020-ci il tarixli 800804-922441/1 saylı kredit müqaviləsi üzrə əsas borc 4297.71 manat, faiz borcu üzrə 2581.56 manat, cəmi 6879.27 manat və ödənilmiş 89.20 manat məbləğində dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 08.09.2020-ci il tarixli kredit müqaviləsinə əsasən sonuncuya 18 ay müddətinə 4500 manat məbləğində kredit verilmiş, kreditin təmini kimi bank ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş, kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri vaxtında və lazımınca yerinə yetirməmiş və nəticədə 6879.27 manat məbləğində borcu yaranmışdır. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında bildirdi ki, iddiaçı ilə arasında bağlanmış 08.09.2020-ci il tarixli kredit müqaviləsinə əsasən ona 18 ay müddətinə 4500 manat məbləğində kredit verilmiş, kreditin təmini kimi bank ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. O, ilk aylar banka ödənişlər etmiş, lakin sonradan maddi imkanı olmadığından ödənişlər edə bilməmişdir. Məhkəmə tərəfindən ona müəyyən vaxt verilrsə o, banka olan borcunu hissə-hissə ödəyə bilər. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmasına baxmayaraq gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və Cavabdeh1 izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, 08.09.2020-ci il tarixli 800804-922441/1 saylı kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 18 ay müddətinə 4500 manat məbləğində kredit verilmiş, kreditin təmini kimi bank ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. 22.10.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 22.10.2021-ci il tarixinə banka əsas borc üzrə 4297.71 manat, faiz borcu üzrə 2581.56 manat, cəmi 6879.27 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23.02.2022-ci il tarixli 9/784 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış 08.09.2020-ci il tarixli, 800804-922441/1 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınaraq iddiaçı tərəfindən Cavabdeh1 İddiaçı ASC-yə sualda qeyd olunan tarixə yəni 22.10.2021-ci il tarixə olan borcu 5185.0 manat (əsas borc üzrə 4202.88 manat, faiz borcu üzrə 982.12 manat) məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyi tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əsas borc üzrə 4202.88 manat, faiz borcu üzrə 982.12 manat, cəmi 5185 manat və ödənilmiş 89.20 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. İş üzrə məhkəmə ekspertiza xərci 100 (yüz) manat Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əsas borc üzrə 4202.88 manat, faiz borcu üzrə 982.12 manat, cəmi 5185 manat və ödənilmiş 89.20 mana dövlət rüsumu İddiaçı ASC -nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə məhkəmə ekspertiza xərci 100 (yüz) manat Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, VÖEN:- **********, müxbir hesab: AZ41NABZ********************, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, hesab № AZ43CTRE********************, SWİFT BİK: STREAZ22, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142319-a ödənilməlidir. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar