Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2693/2021 22.09.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rasim Sarı oğlunun sədrliyi, Əliyev Nicat Şirzad oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin və əlavə xərcin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin və əlavə xərcin artırılması” tələbinə dair iddia ərizəsi ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən 13.10.2004-cü il tarixdə doğulmuş X5 və 22.11.2006-cı il tarixdə doğulmuş X1 üçün müəyyən edilmiş alimentin artırılaraq hər ay hər uşağa 250 manat olmaqla cəmi 500 manat məbləğdə, habelə X5 xəstəliyi ilə əlaqədar cavabdehin cəlb edildiyi əlavə xərclərin artırılaraq 150 manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun Cavabdeh ilə nikahından 13.10.2004cü il tarixdə X13 və 22.11.2006-cı il tarixdə X8 adlı iki uşaqları doğulmuşdur. Cavabdehlə ailə münasibətləri pozulduğundan onlar ayrılmışlar. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 05.10.2015-ci il tarixli, 2(044)-3911 saylı qətnaməsi ilə tərəflərin birgə nikahından 13 oktyabr 2004-cü il tarixdə doğulmuş X5 xəstəliyi ilə əlaqədar olaraq 27.08.2015-ci il tarixdən başlayaraq, əlavə xərclərə görə hər ay 40 manat məbləğdə alimentin Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir. Həmin qətnamə Gəncə Apellyasiya Məhkəməsinin 14.12.2015-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanmışdır. Həmçinin Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 22.02.2017-ci il tarixli, 2(044)-871 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmış, 23.01.2017-ci il tarixdən başlayaraq Cavabdeh 13.10.2004-cü il tarixdə anadan olmuş X5 və 22.11.2006cı il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 110 manat olmaqla cəmi 220 manat sabit məbləğdə aliment müəyyən edilmişdir. Cavabdeh fərdi əməklə məşğuldur, qazancı qeyri-müəyyən olmaqla dəyişkəndir. Xeyli gəlir əldə etməsinə baxmayaraq uşaqların saxlanılması üçün alimentdən başqa yardım göstərmir. Özü isə uşaqları saxlamaqda çətinlik çəkir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədi və izahatında göstərdi ki, “X24” MMC-nin tabeliyində əmək müqaviləsi əsasında əmək haqqısı 250 manat olmaqla “Azəriqaz” İB-nin X23 İdarəsinin xidmət sahəsində işləyir. Əmək haqqısının 70 faizi Gəncə şəhəri üzrə İcra İdarəsinin məktubuna əsasən iddiaçının bank hesabına köçürülür. Geri qalan pulla isə himayəsində olan iki azyaşlıya baxır. İkinci ailəsindən də ayrılmışdır və anası xətsəliyə tutulduğu üçün uşaqları onun himayəsinə vermişdir. Bundan başqa iddiaçının himayəsində olan uşaqların sağlamlıqlarında hər hansı xəstəlik yoxdur. Bu barədə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin məktubu da vardır. Qeyd olunanlara əsasən iddianın rədd olunmasını xahiş etdi. Mülki iş materiallarında olan: 09.04.2009-cu il tarixdə Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X4 nikahlarının pozulması 09.04.2009-cu il tarixdə qeydə alınmışdır. Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X13 13.10.2004-cü il tarixdə, X8 22.11.2006-cı il tarixdə doğulmuşdur. Onların valideynləri kimi Cavabdeh və İddiaçı göstərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14.12.2015-ci il tarixli, 2(104)-2148 saylı qətnaməsindən görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 05.10.2015-ci il tarixli, 2(044)-3911 saylı qətnaməsinin «Cavabdeh 13.10.2004-cü il təvəllüdlü X5 və 22.11.2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 108 manat olmaqla cəmi 216 manat sabit məbləğdə alimentin müəyyən edilməsi» hissəsində dəyişdirilməsi, Cavabdeh 13.10.2004-cü il təvəllüdlü X5 və 22.11.2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 90 manat olmaqla cəmi 180 manat sabit məbləğdə alimentin tutulub İddiaçı verilməsi, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 05.10.2015-ci il tarixli, 2(044)-3911 saylı qətnaməsi «tərəflərin birgə nikahından 13.10.2004-cü il tarixdə doğulmuş X5 xəstəliyi ilə əlaqədar olaraq 27.08.2015-ci il tarixdən başlayaraq, əlavə xərclərə görə hər ay 40 manat məbləğdə alimentin Cavabdeh tutularaq İddiaçı verilməsi» hissəsində dəyişdirilmədən saxlanması qət edilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 22.02.2017-ci il tarixli, 2(044)-872 saylı qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14.12.2015-ci il tarixli, 2(104)-2148 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılması, 23.01.2017-ci il tarixdən başlayaraq Cavabdeh 13.10.2004-cü il tarixdə anadan olmuş X5 və 22.11.2006-cı il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 110 manat olmaqla cəmi 220 manat sabit pul məbləğdə alimentin İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Sosial arayışdan görünür ki, Cavabdeh “X24” MMC-də sosial işçi kimi çalışır və aylıq əmək haqqısı 250 manat təşkil edir. AZ İİ 556413 və AZ İV 434668 saylı doğum haqqında şəhadətnamələrdən görünür ki, 16.09.2010-cu il təvəllüdlü X14 və 29.04.2020-ci il təvəllüdlü X2 atası Cavabdeh, anası isə X6r. Gəncə şəhəri 1 saylı Uşaq Poliklinikasının 14 dekabr 2015-ci il tarixli 676 saylı məktubundan görünür ki, 13 oktyabr 2004-cü il təvəllüdlü X13 11.12.2015-ci il tarixdə poliklinikada müayinədən keçdikdən sonra laborator və müxtəlif müayinələrə göndərilmiş, müayinələr zamanı baş beyinin bioelektrik aktivliyində sağ yarımkürənin ön mərkəz və gicgah paylarında paroksizmal aktivlik aşkar edilmiş, hər iki yarımkürənin qanla təchizi zəifləmiş, bundan başqa uşaq yaşlarının nevrozu, enurez, maye sıxlıqlı kista, revmatizm, qeyri-fəal faza və damar badamcıqlarının hipertrofiyası İ dərəcə diaqnozları qoyulmuşdur. Xəstə «Penicillin», «Bicillin», «İbuprofen», «Undevid», «Kalsi Qlükonat», «Pantoqam», «Driptan» dərmanlarından istifadə etmişdir. Uşaq hal-hazırda yuxarıda göstərilən diaqnozlarla qeydiyyatda saxlanılır, ağır xəstəlik kimi qeydə alınıb, xəstəyə 6 aydan bir mütləq şəkildə stasionar şəraitdə kompleks müalicə vacibdir. 17 iyun 2015-ci il tarixdə X12 tərəfindən X5 müayinə olunması protokolun surətindən görünür ki, X9 «Lateral mədəciklərin ön buynuzları arasında hipodens maye sıxlıqlı kista» aşkar edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 03.11.2016-cı il tarixli, 5617 saylı məktubundan görünür ki, X13 və X8 05.07.2016-cı il tarixdə Ximdətdə müayinə edilmiş, müavinətin təyin edilməsinə əsas verəcək patofunksional ağırlaşmalar aşkar edilmədiyinə görə “sağlamlıq imkanları məhdudluğu” təyin edilməməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə işin hallarına dair proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyi əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsində göstərilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iş materiallarında olan sübutları tədqiq edib Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, tərəflərin nikahından 13.10.2004-cü il tarixdə Yaşar və 22.11.2006-cı il tarixdə İsmayıl adlı uşaqları doğulmuşdur. Tərəflər aralarında olan narazılığa görə boşanmış və aralarında olan nikah pozulmuşdur. Hazırda cavabdeh iddiaçıya qətnamə əsasında 13.10.2004-cü il tarixdə anadan olmuş X5 və 22.11.2006-cı il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 110 manat olmaqla cəmi 220 manat sabit pul məbləğdə aliment, habelə 13.10.2004-cü il tarixdə doğulmuş X5 xəstəliyi ilə əlaqədar olaraq əlavə xərclərə görə hər ay 40 manat məbləğdə aliment ödəyir. 13.10.2004-cü il təvəllüdlü X13 «uşaq yaşlarının nevrozu, enurez, maye sıxlıqlı kista, revmatizm, qeyri fəal faza və damar badamcıqlarının hipertrofiyası, İ dərəcə» xəstəliyindən əziyyət çəkir. Eyni zamanda müəyyən edilmişdir ki, Cavabdeh 14.05.2012-ci il tarixdə X10 ilə evlənmiş, həmin nikahdan 16.09.2010-cu il tarixdə Həmzə və 29.04.2020-ci il tarixdə Zəhranur adlı uşaqları doğulmuşdur. Onlar ayrılsa da, azyaşılar Cavabdeh himayəsindədir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə göstərir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri valideynin aliment, habelə məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və valideynin əlavə xərclərdə iştirakı ilə bağlı yaranan mübahisədir və Azərbaycan Respublikası Ailə Məcəlləsinin aşağıdakı müddəaları əsasında həll olunmalıdır. İddia tələbinin alimentin artırılması hissəsi ilə bağlı qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Alimentin müəyyən olunmuş miqdarının dəyişdirildiyi hər bir halda, alimentin miqdarı Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə əsasən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmçinin «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikası «Uşaq Hüquqları» haqqında Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən uşaqlar üçün yaşayış minimumu 175 (yüz yetmiş beş manat) manat məbləğində müəyyən edilmişdir. Sadalanan hüquq normaları əsasında işin halları sistemli şəkildə araşdırıldıqda müəyyən olunur ki, aliment müəyyən olunan vaxtdan sonra uşaqlar üçün qanunla nəzərdə tutulmuş yaşayış minimumu artırılaraq 2021-ci il üçün 175 manat müəyyən edilmişdir. Hazırda uşaqlar üçün cavabdehdən tutulan alimentin miqdarı, uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu ilə müqayisədə azdır və uşağın saxlanması üçün yetərli deyildir. Uşağın yaşayış minimumunun artması alimentin məbləğinin artırılması üçün qanuni əsas sayıla bilər. Ona görə də, məhkəmə bu nəticəyə gəlir ki, uşağa təyin olunmuş alimentin artırılması üçün Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmuşdur. Alimentin məbləği artırılarkən həm də nəzərə alınmalıdır ki, uşaqları saxlamaq hər iki valideynin vəzifəsidir və onların maddi tələbatları valideynlərinin hər biri tərəfindən ödənilməlidir. Valideyn (işləmədikdə belə) uşağın normal maddi təminatını ödəməyə, uşağın zəruri dolanışıq səviyyəsini təmin etməyə borcludur. Qeyd olunmalıdır ki, tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar, uşağın minimal dolanışıq səviyyəsindən də aşağı aliment müəyyən olunmasına əsas vermir. Çünki, tərəflərin maddi vəziyyəti və diqqətəlayiq digər hallarla müqayisədə uşaqların mənafelərinə üstünlük verilməli, uşağın maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, yuxarıda göstərilən hallar, həmçinin cavabdehin ailə və maddi vəziyyəti nəzərə alınaraq uşaqlar üçün təyin ediləcək alimentin məbləğinin artırılaraq hər uşağa 130 manat məbləğdə müəyyən edilməsi qanunauyğun və əsaslı olar. Həmçinin bu məbləğ cavabdehin maddi vəziyyətinə uyğun olmaqla ikinci nikahı üzrə onun himayəsində olan uşaqların mənafelərinə xələl gətirməyəcəkdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. İddia tələbinin əlavə xərcin artırılması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin 81.1-ci maddəsinə görə alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən, valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Ailə Məcəlləsinin 81.3-cü maddəsində məhkəmənin valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edilməsinin mümkünlüyündən bəhs edilir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27.01.2015-ci il tarixli qərarında qeyd olunmuşdur ki, valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştirakları fərqləndirilir. Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, yetkinlik yaşına çatmış övladlarına münasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını isə Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Bu hallara övladın ağır xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və s. daxildir. Ailə Məcəlləsinin 81.1-ci maddəsinin “və digər hallarda” müddəası əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidməti və ya müalicə ilə bu və ya digər şəkildə əlaqədar olan tibbi xidmətləri ehtiva edir. İş materialları ilə müəyyən edilir ki, 13.10.2004-cü il təvəllüdlü X7 baş beyinin bioelektrik aktivliyində sağ yarımkürənin ön mərkəz və gicgah paylarında paroksizmal aktivlik aşkar edilmiş, hər iki yarımkürənin qanla təchizi zəifləmiş, bundan başqa uşaq yaşlarının nevrozu, enurez, maye sıxlıqlı kista, revmatizm, qeyri fəal faza və damar badamcıqlarının hipertrofiyası İ dərəcə diaqnozları qoyulmuşdur. Onun tibbi müailcəyə ehtiyacı vardır və Ailə Məcəlləsinin 81.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan şərt mövcud olduğundan cavabdeh 40 manat məbləğdə əlavə xərclərə cəlb edilmişdir. Lakin hazırda iddiaçı 13.10.2004-cü il təvəllüdlü X11 görə xərclərin artması, həmin xərclərin nədən ibarət olması barədə iddiaçı tərəf mötəbər sübutlar təqdim etməmişdir. Ona görə də iddia tələbini həmin hissədə məhkəmə əsaslı hesab etmir. Qeyd olunanları nəzərə alaraq iş üzrə tədqiq edilmiş sübutlara yuxarıda sadalanan qanunvericiliyin tələbləri baxımından hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq Cavabdeh 13.10.2004-cü il tarixdə anadan olmuş X5 və 22.11.2006-cı il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 130 manat olmaqla cəmi 260 manat sabit pul məbləğdə alimentin tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Həmçinin məhkəmə göstərir ki, iddiaçı dövlət rüsumundan azad olduğu üçün Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə görə ödəməli olduğu rüsum cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Rüsumun məbləğinə gəldikdə isə məhkəmə göstərir ki, Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə uyğun olaraq aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti ilə müəyyən edilir. Odur ki, cavabdehdən 30 manat alınaraq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsində göstərilmişdir ki, İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 22.02.2017-ci il tarixli, 2(044)-872 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın. Qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq Cavabdeh 13.10.2004-cü il tarixdə anadan olmuş X5 və 22.11.2006-cı il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 130 manat olmaqla cəmi 260 manat sabit pul məbləğdə aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı ödəməkdən azad edildiyi dövlət rüsumunun əvəzi kimi 30 manat pul Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rasim Kazımov
Məhkəmə qərarları › İş №2(044)-2693/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2693/2021
22.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver