Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2700/2021 12.08.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim–Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nazim oğlunun katibliyi, İddiaçı- X1 iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı “pul tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı X4 məhkəməyə müraciət edərək cavabdeh X2 8000 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxaılmasını xahiş etmişdir. İŞİN HALLARİ İddiaçı X4 iddiasını onunla əsaslandırmışdır ki, 2016-cı ildə ona məxsus olan Gəncə şəhəri, Atatürk prospektində, binanın 3-cü mərtəbəsində yerləşən bir otaqlı mənzilin sahəsini artırmaq məqsədilə Gəncə şəhər İcra Hakimiyyətinin Memarlıq şöbəsində işləyən Cavabdeh adlı şəxsə müraciət etmiş, həmin vaxt Cavabdeh ona ilk öncə binanın xaric hissəsi vasitəsilə artırmağına icazə vermiş, lakin bir müddət sonra bunun mümkün olmadığını söyləmişdi. Həmin artırma əvəzinə müraciət edən vətəndaşlar digər yerlərdən torpaq sahəsinin ayrıldığını bildirmiş, bunun üçün ondan hissə-hissə olaraq 8000 AZN məbləğində pul vəsaiti almış, həmin 8000 AZN pulun içərisində həm artırma üçün əvvəllər verdiyi pul, həmçinin torpaq sahəsi üçün verdiyi məbləğ daxil olmuşdur. Cavabdeh onunla razılaşan zaman həmin pulun 3000 manatını Gəncə şəhər Nizami rayonunun keçmiş icra başçısı Məharət Mustafayevə verdiyini demiş, o həmin pulları Cavabdeh verməyinə baxmayaraq ona nə artırma düzəltdirməyə icazə verməmiş, nə də heç bir torpaq sahəsi təqdim olunmamışdır. Bundan sonra məcbur olub Gəncə prokurorluğuna müraciət etmişdir. Gəncə şəhər prokurorunun böyük köməkçisi, İT dərəcəli hüquqşunas X3 11.06.2021-ci il tarixli qərarı ilə Cavabdeh barəsində cinayət işi başlanması rədd edilmiş və Cavabdeh ona borclu olduğu 8000 manat qaytarmaması ilə bağlı mülki qaydada məhkəmə orqanlarına müraciət etmək hüququmun olması izah edilmişdir. Odur ki, bu tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. ETİRAZİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iştirak edən iddiaçı X4 iddia tələbini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir.Əlavə olaraq izahatında bildirdi ki, o cavabdehə inanaraq pul vermiş, pul verərkən onun yanında heç kim olmamış və bu barədə hər hansı qəbzə imza etdirməmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir rəsmi məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə iddiaçının izahatını dinləyərək, onun izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 389.1-ci maddəsinə müvafiq olaraq mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı iki və ya bir neçə şəxsin arasında razılaşdırılmış müqavilə əsasında həyata keçirilir. MM-in 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. İşin hallarından göründüyü kimi iddiaçı torpaq sahəsinin alınması ilə bağlı cavabdehə 8000 manat pulun verilməsini tələb edir. İddia edir ki, cavabdeh hələ də 8000 manat pulu özündə saxlamaqda davam edir.İddiaçı tələbinin hüquqi əsası kimi borc müqaviləsi ilə maddi hüquq normalarına istinad etsə də, izahatından müəyyən edilir ki, tərəflər arasında hər hansı borc münasibətləri yaranmamışdır. Məhkəmə yaranmış münasibətlərə əsassız varlanma ilə bağlı maddi hüquq normalarının tətbiq edilməsini zəruri hesab edir. Belə ki, Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Qeyd edilən Məcəllənin 1091.2-ci maddəsinə görə isə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Göründüyü kimi iddiaçının tələbi sübut etmə ilə bağlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədiyindən iddia tələbi təmin edilə bilməz. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227,238, 240, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı X1 cavabdeh X5 qarşı “pul tələbinə” dair iddia ərizəsi təmin olunmasın. Ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(044)-2700/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2700/2021
12.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver