Məhkəmə qərarları › İş №2(044)-271/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-271/2021

06.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-271/2021 06.04.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Həsənov Ayxan Rasim oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh2 və onun nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh2 qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 1279 manat məbləğində zərərin əvəzinin ödənilməsi və dövlət nəfinə ödədiyi 30 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirmişdir ki, o, Cavabdeh1 ilə 17 iyun 2005-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. Ailə qurandan sonra qayınanası Cavabdeh2 adına olan evə gəlin köçmüşdür. Birgə yaşadıqları 18.08.2017-ci il tarixli və 29.04.2018-ci il tarixli müqavilələrə əasən “xxxx” MMC-dən illik 18 ay müddətində 306 manat məbləğində “Hoffman X play” və 24 ay müddətində 2010 manat məbləğində “Samsung” LED televizor avadanlıqları almışlar. 16 noyabr 2017-ci ildə məhkəmə yolu ilə boşansa da, əri və cavabdeh qayınanası Cavabdeh2 ilə barışıb bir ailədə yaşamışlar. Lakin onların hərəkətlərinə dözə bilməyib 13 iyun 2019-cu ildən ayrı yaşayırlar. Adına kreditlə alınan “Samsung” markalı televizor isə onların evində qalmışdır. 14 avqust 2019-cu ildə televizoru Cavabdeh2 sındıraraq aparıb “xxxx” MMC-yə təhvil vermiş və orada akt tərtib edilmişdir. Qeyd etdiyi televizor üçün 945 manat ödəniş etmişdir. Hazırda heç bir yerdə işləmir, himayəsində iki uşağı var, dolanışıq onun üçün çox çətindir. Krediti ödəyə bilmədiyi üçün “xxxx” MMC onu məhkəmə məsuliyyətinə vermişdir, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 16.04.2020-ci il tarixli, 2(044)-847/2020 saylı qətnaməsi ilə 1279 manat pulun ondan alınaraq “xxxx” MMC-nin xeyrinə verilməsi qət edilmişdir. Həmin televizordan o, istifadə etməmişdir, sadəcə olaraq həmin evdə gəlin olduğu üçün onun adına alınmışdır. Cavabdeh2 ona dəymiş ziyanı qarşılamaqdan boyun qaçırır. Həmin televizoru qayınanası Cavabdeh2 sındırmış, sonra aparıb həmin mağazaya təhvil vermişdir. “xxxx” MMC isə kreditlə alınmış həmin televizorun qiymətinin ödənilməmiş hissəsini, yəni 1279 manat pulu ondan tələb edir. Hesab edir ki, həmin televizoru Cavabdeh2 sındırdığından 1279 manat pul Cavabdeh2 tutularaq ona ödənilməlidir. Qeyd etdiklərinə əsasən məhkəmədən Cavabdeh2 1279 manat pulun və dövlət rüsumu kimi ödədiyi 30 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, o, iddia tələbini qəbul etmir. Belə ki, keçmiş gəlini İddiaçı onlarla birlikdə yaşayarkən “xxxx” MMC-dən öz adına kreditlə “Samsung” markalı televizor almışdır. Oğlu ilə İddiaçı rəsmi boşansalar da, onlar bir müddət birlikdə yaşamışlar. Lakin sonradan oğlu ilə gəlini yola getmədikləri üçün ayrı yaşamağa başlamışlar. İddiaçı onların evindən çıxıb getdikdən sonra “xxxx” MMC-dən tez-tez onların evinə zəng edib, İddiaçı kreditlə aldığı həmin televizorun pulunun ödənilməsi tələb edilmişdir. Sonuncu dəfə “xxxx” MMC-dən televizorun kredit pulunun ödənilməsi tələbi ilə bağlı zəng edilərkən ona bildirmişlər ki, ya kredit borcu ödənilməlidir və yaxud həmin televizoru aparıb “xxxx” MMC-yə təhvil verməlidir. O da “xxxx” MMC-dən gələn zənglərdən bezib həmin televizoru aparıb “xxxx” MMC-yə təhvil vermişdir. Həmin televizor “xxxx” MMC-də təhvil alınarkən orada bildirmişlər ki, televizorun ekranında hər hansı qüsur (çat) var. Sonra mağazada bu barədə akt tərtib edilərək, televizor ondan təhvil alınmışdır. Televizorda aşkar edilmiş həmin qüsurdan onun heç bir məlumatı yoxdur. O, ümumiyyətlə həmin televizora baxmamışdır. Həmin televizor həmişə İddiaçı otağında olmuşdur. Qeyd etdiklərinə əsasən iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 cavabdehin izahatına uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 16.04.2020-ci il tarixli, 2(044)-847/2020 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Hoffman X Play üçün 70 manat ödənilməmiş hissə, 7 manat cərimə və Samsung LED televizor üçün 1065 manat ödənilməmiş hissə, 107 manat cərimə, ümumilikdə 1249 manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu alınaraq “xxxx” MMC-yə verilməsi qət edilmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilməli fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü də iddiaçı tərəfin üzərinə düşür. İddiaçı Cavabdeh2 1279 manat pul tələb etməsinin hüquqi əsasını iddiaçıya məxsus “Samsung” markalı televizora cavabdeh tərəfindən zərər yetirilməsi ilə əlaqələndirmişdir. Ona görə də məhz iddiaçı qeyd etdiyi həmin halı, yəni ona məxsus “Samsung” markalı televizora cavabdeh tərəfindən zərər yetirilməsini sübut etməlidir. İddiaçı isə istinad etdiyi hallara dair hər hansı sübutlar məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Qanunvericiliyinə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişinə təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutemə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, İddiaçı irəli sürdüyü iddia tələbi ilə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilmədiyi və tələbində göstərdiyi hallar məhkəmə tədqiqi zamanı mötəbər sübutlarla öz təsdiqini tapmadığı üçün onun iddia tələbi rədd edilməlidir. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh2 qarşı pul tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən bir ay müddətinə Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar