Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2724/2021 25.08.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, X1, iddiaçı X2, cavabdeh Əmrahov Elman Cavabdeh oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Əmrahov Elman Cavabdeh oğluna qarşı mənzildən istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən evə onun və övladlarının - 27 yanvar 2009-cu il təvəllüdlü Əmrahov Elman Cavabdeh oğlu və 06 iyun 2017-ci il təvəllüdlü X3 istifadə hüquqularının tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, o, cavabdeh Əmrahov Cavabdeh ilə nikahlarını 26 aprel 2008-ci il tarixdə Gəncə şəhər “Nikah Evi”ndə 19 saylı akt nömrəsi ilə rəsmləşdirməklə ailə qurmuşdur. Onların birgə nikahdan 27.01.2009-cu il təvəllüdlü Əmrahov Elman Cavabdeh oğlu və 06.06.2017-ci il təvəllüdlü X4 adlı iki övladı doğulmuşdur. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 25 dekabr 2018-ci il tarixli 2(044)-5050/2018 saylı qətnaməsi ilə nikahları pozulmuş və aliment qət edilmişdir. Cavabdeh Əmrahov Cavabdeh ilə ailə qurarkən ona məxsus ünvan 1 ünvanına gəlin köçmüşdür, hal-hazırda da orada yaşayır, hətta onun 05.05.2009-cu il tarixdən, uşaqlarının isə anadan olandan pasport qeydiyyatı həmin ünvandır. Başqa yerdə yaşayış yeri olmadığından, həmin evə istifadə hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddianı etiraf edərək İddiaçı, Əmrahov Elman Cavabdeh oğlunun, Əmrahov Murad Cavabdeh oğlunun ünvan 2 ünvanına istifadə hüququnun tanınmasına razı olduğunu bildirmiş bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Mülki iş materiallarında olan: - MH seriyalı, ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Məhrəsə bağında istifadədə olan 0.09415 ha torpaq sahəsində yerləşən 8 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində yerləşən 68.1 kv.m ümumi, 47.5 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 3 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə Əmrahov Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 73 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Əmrahov Elman Cavabdeh oğlunun birgə nikahdan 27 yanvar 2009-cu il təvəllüdlü Əmrahov Elman Cavabdeh oğlu və 06 iyun 2017-ci il təvəllüdlü X4 adlı uşaqları doğulmuşdur. - Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Əmrahov Elman Cavabdeh oğlu ilə İddiaçı 26.04.2008-ci il tarixdə Gəncə şəhəri Nikah Evində 109 akt nömrəsi ilə rəsmi nikaha daxil olmuşlar. - Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Əmrahov Elman Cavabdeh oğlu ilə İddiaçı arasında olan nikahın pozulması 05.02.2019-cu il tarixdə qeyd edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, məhkəmə baxışında araşdırılmış sübutları tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. - 52.5-ci madddəsində iddianın cavabdeh tərəfindən etiraf edilməsinin qanuna zidd olduğu və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozduğu təqdirdə məhkəmənin bu hərəkəti qəbul etməməli olduğu qeyd edilmişdir. Lakin yuxarıda göstərilən hallardan və şərh olunan hüquq normalarının məzmunundan da görünür ki, cavabdehin iddianı etiraf etməsi qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Buna görə də, cavabdehin iddianı etiraf etməsi məhkəmə tərəfindən təsdiq olunmalı və iddia təmin olunmalıdır. Bundan başqa qüvvədə olan qanunvericiliyə əsasən yaşayış sahəsindən istifadə hüququ mülkiyyətçi ilə istifadə hüququ olan şəxs arasında bağlanmış, notarial qaydada təsdiq edilmiş razılaşma əsasında və ya ailə münasibətlərindən irəli gələrək yarana bilər. Tərəflər arasında 26 aprel 2008-ci il tarixdə rəsmi nikah bağlandıqdan sonra cavabdehə məxsus mənzildə yaşadıqlarından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə uyğun olaraq İddiaçı və övladları cavabdehə məxsus olan fərdi yaşayış evindən istifadə hüququ əldə etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. İddiaçının mənzildən istifadə hüququnun tanınması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, bu hüququn qanundan irəli gəlməsinə baxmayaraq daşınmaz əmlakın dövlət reyestrində və ya hər hansı digər rəsmi sənəddə qeydiyyatının aparılmaması həmin hüququn mövcud olub-olmaması barədə mübahisələrə yol aça biləcəyindən iddiaçı Mülki Prosessual Məcəllənin 5.1-ci maddəsinə uyğun olaraq həmin hüququn təsdiqi üçün məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Qeyd olunan normanın tələbi baxımından məhkəmə hesab edir ki, evin mülkiyyətçisi olan cavabdehin onunla birgə yaşayan ailə üzvlərinin onunla bərabər mənzildən istifadə hüquqları olduğundan və həmin hüquq ailə münasibətlərinə xitam verildiyi halda da saxlanıldığından İddiaçı və övladları - 27.01.2009-cu il təvəllüdlü Əmrahov Elman Cavabdeh oğlunun və 06.06.2017-ci il təvəllüdlü X3 mübahisəli evdən istifadə hüquqları tanınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 357, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı X2 və onun övladları - 27 yanvar 2009-cu il təvəllüdlü Əmrahov Elman Cavabdeh oğlunun və 06 iyun 2017-ci il təvəllüdlü X3 ünvan 1 ünvanında yerləşən evdən istifadə hüququqları tanınsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №2(044)-2724/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2724/2021
25.08.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver