Məhkəmə qərarları › İş №2(044)-2777/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2777/2021

16.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2777/2021 16.09.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, İddiaçı oğunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 600 manat məbləğində pulun və ödədiyi 30 manat dövlət rüsumunun tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək bildirmişdir ki, o, 2021-ci ilin mart ayında turbo.az avtomobil elanı saytında avtomobil görmüşdür. Həmin avtomobil Gəncə şəhərində satılırdı. O Gəncə şəhəriə getmək istəyirmiş. Həmin vaxt balduzu oğlu Hüseyin Gəncə şəhərində Camal adlı bir tanışının olduğunu bildirmiş və birlikdə getməyi təklif etmişdir. o da razılaşmışdır. Camalın Gəncə şəhərində onları qarşılayacağını bildirmişir. Hüseyinlə birlikdə Gəncə şəhərinə getmişlər. Orada Camal onları qarşılamış və olar birlikdə həmin avtomobilə baxmağa getmişlər. Avtomobilin sahibi ilə görüşüb maşına baxmışlar. Camal avtomobili bəyənmədiyini bildirib onun üçün daha yaxşısını tapacağını söz verərək onları Gənə şəhərindən tola salmışdır. Onlar Bakı şəhərinə gəldikdən sonra Camaldan xəbər gözləmişlər. Bir müddət sonra Camal ona zəng edərək ondan 600 manat pul göndərməyini istəmişdir. Demişdir ki, avtomobil tapdığı halda həmin pulu beh kimi verib onun gəlişinə qədər həmin avtomobilin satılmamasına çalışacaq, o, Camalla razılaşmışdır. 29 mart 2021-ci il tarixdə Milli Ön vasitəsilə o, Camala 600 manat pul göndərmişdir. Təxminən üç-dörd gün sonra Camal ona zəng edib Mercedes E Class markalı avtomobil tapdığını, avtomobilin qiymətinin kreditlə birlikdə 12300 manat olduğunu demiş o, da razılaşmışdır. O, Camaldan avtomobilin fotosunu və ya videosunu çəkib göndərməsini xahiş etmiş, lakin sonuncu hər dəfə müxtəlif bəhanələrlə çəkib göndərməmişdir. Sonradan Camal avtomobilin kreditlə 15000 manat olduğunu demiş, o, isə həmin qiymətə gücünün çatmayacağını bildirmişdir. Camal isə 600 manat pulu geri göndərəcəyinə söz vermişdir. Lakin uzun müddət keçəməsinə baxmayaraq cavabdeh pulu geri qaytarmamış, bu barədə o, polis idarəsinə şikayət etmiş, həmin vaxt cavabdeh həmin pulu almasını etiraf etmiş və pulu olanda qaytaracağını bildirmişdir. Həmin qərarda işin mülki xarakterli olması bildirilmiş, ona görə də o, məhkəməyə müraciət etmişdir. Sonda məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iştirak etdiyi məhkəmə iclasında iddianı qismən qəbul edərək bildirmişdir ki, o, dostu Hüseynin vasitəsi ilə iddiaçını tanımışdır. Hüseyn Natiqə avtomobil axtardıqlarını və bu məsələdə onlara kömək etməsini xahiş etmişdir. O, Natiqdən ona pul göndərməsini istəməmiş, Hüseyn özü ona zəng edərək Natiqdən 800 manat pul almasını, həmin pulun 200 manatını sonuncuya verməsini xahiş etmiş, avtomobil alındıqda həmin 200 manatı qaytaracağını demişdir. Bundan sonra Natiq onunla əlaqə saxlayaraq onun kartına 600 manat pul göndərmiş, o, həmin pulu bir müddət kartında saxlamış, sonra DYPŞ-nin cərimə meydançasında saxlanılan Mercedes makalı avtomobil tapdığı üçün iddiaçının razılığı ilə həmin pulun çıxardaraq həmin avtomobilin cərimə meydançasından çıxarılmasına və rəsmiləşdirilməsinə 300-400 manat xərcləmişdir. O, iddiaçıya həmin avtomobilin satış qiymətinin 12300 manat olduğunu, kredit vasitəsi ilə 15000 manat olacağını bildirmiş, iddiaçı onunla razılaşdığı üçün o, avtomobili lombarda girov qoymuşdur. Lakin sonradan iddiaçı arvadı xəstə olduğu üçün avtomobili almağa imkanı çatmadığını, verdiyi 600 manat pulu ondan geri tələb etdiyini bildirmişdir. Bu zaman o, iddiaçıya avtomobili cərimə meydançasından çıxarmağa və lombarda girov qoymağa görə 300-400 manat xərc çəkdiyini, avtomobili satmaq üçün müştəri tapdıqdan sonra pulunu qaytaracağını bildirmişdir. İddiaçı polis idarəsinə şikayət etdikdən sonra ona polis əməkdaşı tərəfindən zəng edilmiş, o, həmin polis əməkdaşına iddiaçıya 300 manat borcu olduğunu, həmin pulu da qısa müddətdə qaytaracağını bildirmişdir. İddiaçı avtomobilin 15000 manat qiyməti ilə razılaşdığı üçün o, iddiaçının göndərdiyi 600 manatdan təxminən 300 manat sənədləşmə işlərinə xərcləmiş, qalan 300 manatı isə hissə-hissə qaytarmağa etiraz etmir. Şahid X1 məhkəmə iclasında bildirmişdir ki, Camalı 3-4 ildir ki, tanıyır onunla dostluq edir, İddiaçı isə xalasının yoldaşıdır. O, Gəncə şəhərinə gələndə Camala Natiqə maşın lazım olduğunu demiş, həmin vaxt maşını ala bilmədiklərindən onlar Bakı şəhərinə qayıtmışlar. O, Camala Natiqdən 800 manat pul alraq ona 200 manat borc verməsini istəməmişdir. Bir müddət sonra Camal onlara zəng edərək satışda avtomobil olduğunu demiş, əvvəlcə avtomobilin kreditlə birlikdə cəmi 12300 manat olacağını bildirdiyi üçün Natiq həmin məbləğlə razılaşmışdır. Lakin sonradan isə avtomobilin kredit ilə birlikdə 15000 manatı olacağını bildirdiyi üçün Natiq avtomobildən imtina etmişdir. Lakin sonradan Camal avtomobilə 300 manat xərc çəkdiyini bildirmiş, Natiq isə onun razılığı olmadan avtomobili sənədləşdirdiyi üçün verdiyi 600 manatı geri tələb etmişdir. İş materiallarında olan 16.05.2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Cavabdeh ilə mobil telefon vasitəsi ilə əlaqə saxlanılmış, sonuncu Gəncə şəhərində olduğunu, pulu olan kimi həmin şəxsə 600 manat pul köçürəcəyini bildirmişdir. Məhkəmə tərəfləri dinləyib, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 777.1 və 777.2-ci maddələrinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. - 778.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. - 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. - 779.2-ci maddəsinə əsasən vəkalət alanın məsuliyyət daşıdığı vicdanlılıq dərəcəsi aşağıdakılar nəzərə alınmaqla tapşırığın növü ilə müəyyənləşdirilir: 779.2.1. peşə fəaliyyəti ilə bağlı risk və tapşırığın həyata keçirilməsi üçün zəruri olan xüsusi biliklər; 779.2.2. vəkalət verənin bildiyi və ya bilməli olduğu, vəkalət alanın qabiliyyəti və keyfiyyətləri. Sadalanan qanunvericilik normalarına əsasən iddiaçının cavabdehə qarşı pul tələbi haqlıdır, çünki cavabdeh iddiaçı tərəfindən ona tapşırılmış işi vicdanla icra etməməsi nəticəsində sonuncuya zərər dəymiş və bu zərər üçün o, məsuliyyət daşıyır. Belə ki, cavabdeh avtomobilin cəmi dəyərinin kredit faizləri ilə birlikdə 12300 manat olduğunu bildirdiyi üçün iddiaçı həmin avtomobili almağa razılaşmış, lakin avtomobilin sənədləşdirilməsinə 300 manat xərc çəkdikdən sonra cəmi dəyərinin 15000 manat olduğunu bildirmişdir. Cavabdeh iddiaçıya avtomobilə görə qalan pulun 300 manatını ödəməyə razı olduğu üçün işin bu halı mübahisələndirilmir. Bununla belə cavabdeh iddiaçının razılığı əsasında təxminən 300 manat pul xərclədiyini, iddiaçıya əvvəlcədən avtomobilin dəyərinin kredit faizləri ilə birlikdə 15000 manat olmasını dediyini bildirsə də, iddiaçının buna razı olduğunu və onun tapşırığı ilə bunu icra etdiyini sübut edə bilməmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. - 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia təmin olunmalı, cavabdehdən 600 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia təmin edildiyindən məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 600 (altı yüz) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar