Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-280/2021 13.04.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Həsənov Ayxan Rasim oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1058 manat əsas borc, 977.59 manat faiz borcu olmaqla, cəmi 2035.59 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 17.08.2017-ci il tarixdə alqı-satqı müqaviləsi bağlamışdır. Müqavilənin şərtlərinə görə dəyəri 1399 manat olan “Premium” modelli su təmizləmə sistemi və onun ayrılmaz tərkib hissələri olan aksessuarlarını cavabdehə vermişdir. Müqavilənin 2.4-cü bəndinə əsasən cavabdeh müqavilə bağlayarkən satıcıya 50 manat məbləğində ilkin ödəniş həyata keçirir, qalan 1349 manatı isə hər ay 57 manat olmaqla, 24 ay müddətinə ödəməli idi. Cavabdeh müqavilənin şərtlərini pozaraq 26.01.2018-ci il tarixdə qalıq borcunu ödəməkdən imtina etmişdir. Borcluya müvafiq borcunu ödəməsi üçün dəfələrlə yazılı və şifahi xəbərdarlıq olunsa da, borclu öhdəliklərini icra etməmişdir. Qeyd edilənlərə əsasən Cavabdeh 1058 manat əsas borc, 977.59 manat faiz borcu olmaqla, cəmi 2035.59 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iştirak etdiyi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş ilə 17.08.2017-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, dəyəri 1399 manat olan “Premium” modelli su təmizləmə sistemi və onun ayrılmaz tərkib hissələri olan aksessuarları alıcı Cavabdeh satılmışdır. Müqavilənin şərtlərinə əsasən cavabdeh müqavilə bağlayarkən satıcıya 50 manat məbləğində ilkin ödəniş həyata keçirir, qalan 1349 manatı isə hər ay 57 manat olmaqla, 24 ay müddətinə ödəməlidir. İş materiallarına əlavə edilmiş 17.08.2017-ci il tarixli təhvil-təslim aktından görünür ki, müqavilədə göstərilmiş su təmizləmə sistemi onun ayrılmaz tərkib hissələri ilə birlikdə alıcı Cavabdeh verilmişdir. İş materiallarına əlavə edilmiş xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh öhdəliyini icra etməsi üçün xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə müvafiq olaraq satıcı “Premium” modelli su təmizləmə sistemini və onun ayrılmaz tərkib hissələrini alıcıya vermiş, lakin alıcı müqavilənin şərtlərinə uyğun olaraq öhdəliyini tam icra etməmişdir. Ona görə də iddiaçı qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə eyni zamanda qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iddia tələbində 977.59 manat faiz borcunun ödənilməsi cavabdehdən tələb edilsə də, tərəflərin arasında bağlanmış 17.08.2017-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, həmin müqavilədə faiz borcunun tutulmasına dair hər hansı müddəa mövcud deyil. Odur ki, iddia tələbinin faiz borcuna dair hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, 1058 manat əsas borc və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1058 manat əsas borc və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №2(044)-280/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-280/2021
13.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver