Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-284/2021 01.09.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi və vəkili X1, Cavabdeh nümayəndəsi və vəkili X4 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Gəncə şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh icarəyə götürdüyü avtomobilə vurulmuş ziyan olaraq 23.000 manat, eləcə də icarəyə götürülmüş əmlak qaytarılan (ziyan tam ödənilən) tarixədək 30.07.2020-ci il tarixdən etibarən hər gün üçün 100 manat olmaqla icarə haqqının və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 28 iyul 2020-ci il tarixli, 245 nömrəli “icarə” müqaviləsinə əsasən "xxxx" MMCnin müqavilə əsasında sərəncamında olan “KİA SPORTAGE” markalı, ** DB *** qeydiyyat nişanlı avtomobil Cavabdeh icarəyə verilmişdir. İcarə müddətində Cavabdeh "xxxx" MMCdən icarəyə götürdüyü avtomobillə yol-nəqliyyat hadisəsi törətmiş və avtomobil ciddi deformasiyaya uğramaqla çox az sayda detallar zədələnmiş qalmış və nəticədə avtomobilin məhv olması nəticəsində 23.000 manat ziyan yaranmışdır. Bundan başqa cavabdehlə olan icarə müqaviləsinin 3.1-ci maddəsinə əsasən hər gün üçün icarə haqqı 100 manat təşkil edir. Həmçinin müqavilə şərtlərinə əsasən avtomobil icarəyə götürən tərəfindən geri qaytarılan tarixədək hər gün üçün 100 manat pul ödəməlidir. İcarə müqaviləsinin 4.4.2-ci maddəsinə əsasən icarəyə götürən avtomobilin zay olması, avtomobillə yol-nəqliyyat hadisəsi baş verməsi nəticəsində vurulmuş ziyana görə məsuliyyət daşımaq və ziyanı ödəmək öhdəliyi daşıyır. Həmçinin müqavilənin 4.4.4-cü maddəsinə əsasən avtomobil qəzaya düşərsə icarəyə götürən avtomobili bərpa etmək, texniki saz vəziyyətdə icarəyə verənə qaytarmaq və ya dəymiş ziyanı, həmçinin avtomobilin təmirdə olduğu müddət üçün hər gün üçün razılaşdırılmış icarə haqqı məbləğində pul ödəməyə borcludur. Lakin Cavabdeh icarəyə götürdüyü avtomobilə vurduğu ziyanın və avtomobilin bərpasınadək olan müddət üçün müqavilə ilə razılaşdırılmış pulun ödənilməsindən imtina edir. Gəncə şəhər Baş Polis İdarəsinin 17 avqust 2020-ci il tarixli, HK-1/224 saylı material üzrə cinayət işi başlanması rədd edilmiş, lakin cavabdeh-sürücü Cavabdeh “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozduğundan barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci madəsi ilə məsuliyyətə cəlb edilməsi üçün qərarın surəti Gəncə şəhər Baş Polis İdarəsinin DYPŞ-nə göndərilmişdir. İddiaçı "xxxx" MMC məhkəməyə “iddianın həcminin artırılması” na dair ərizə təqdim edərək, əldən çıxmış fayda şəklində iddia ərizəsində göstərilən 4.830 manat ziyanın həcmini artıraraq hazırki vaxtadək daha 9 ay müddət üçün 18.900 manat əldən çıxmış fayda olaraq cəmi 23.730 manat pulun cavabdehdən alınaraq "xxxx" MMC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi və vəkili X3 məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh nümayəndəsi və vəkili X7 məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçı iddia tələbinin əsası kimi Mülki Məcəllənin 705-ci, 21.2-ci və 21.1-ci maddələrinə istinad etmişdir ki, tərəflər arasında 28 iyul 2020-ci il tarixdə 745 nömrə ilə bağlanmış icarə müqaviləsi də Mülki Məcəllənin 700-cü, 701-ci və 705-ci maddələrinin tələbləri baxımından razılığa gələrək bağlanılmışdır. Mülki Məcəllənin 705-ci maddəsinin tələbləri əsasında iddiaçının ziyanın ödənilməsini tələb etməsi yolverilməzdir. Belə ki, sözügedən maddəyə əsasən icarə verənin kompensasiyanı müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissəsindən tələb edə bilməsi qeyd olunmuşdur ki, sözügedən müqavilə üzrə icarəçinin yəni, Cavabdeh illik icarə haqqı üzrə əldə edə biləcəyi icarə faydaları mövcud deyildir və belə bir faydanın olması mümkünsüzdür. Mülki Məcəllənin 21.2-ci maddəsinin tələbi baxımından hazırki mübahisə üzrə əldən çıxmış fayda baxımından qeyd edilməlidir ki, hüququ pozulmuş şəxsin hüququ pozulmasa idi adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür ki, iddiaçı tələbində icarəyə götürülən əmlak qaytarılan tarixədək hər gün üçün 100 manat məbləğində pul tələb etmişdir. İddiaçı əvvəla adi mülki dövriyyə şəraitində **-DB-*** dövlət nömrə nişanlı “Kia-Sportage” markalı minik avtomobilinin hər gün üçün 100 manat məbləğində icarəyə verilməsini sübut etməli və bunu təsdiq edən mənfəət vergisi üzrə hesablanmış cari vergi ödənişinin məbləğini büdcəyə ödədiyini təsdiq edən “mənfəət vergisinin bəyannaməsi” ni məhkəməyə təqdim etməlidir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçı və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 28.07.2020-ci il tarixli, 745 saylı icarə müqaviləsindən görünür ki, **-DB-*** dövlət qeydiyyat nişanlı, “Kia Sportage” markalı avtomobil "xxxx" MMC tərəfindən Cavabdeh 30.07.2020-ci il tarixə saat 11:00-dək müvəqqəti istifadə üçün icarəyə verilmişdir. İş materiallarında olan 28.07.2020-ci il tarixli, 745 saylı icarə müqaviləsinə əlavəyə dair aktdan görünür ki, istifadə müddəti bitdikdən sonra avtomobil "xxxx" MMC-yə təslim edilərkən avtomobilə dəymiş bütün zərərin xərcinin icarəyə götürən tərəfindən ödənilməli olduğu qeyd edilmişdir. İş materiallarında olan 17.08.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Cavabdeh əməlində cinayət tərkibi olmadığı üçün onun barəsində cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün onun barəsində inzibati qaydada tədbir görülməsi məqsədilə qərarın surəti Gəncə şəhər BPİ-nin DYPŞ-nə göndərilmişdir. İş materiallarında olan "xxxx" Gəncə Müəssisəsi tərəfindən verilmiş 10.08.2020-ci il tarixli, 74-k saylı Qüsur aktı- rəydən görünür ki, X2 məxsus, “Kia Sportage-minik” markalı **-DB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə 23.000 manat maddi ziyan dəymişdir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 12.07.2021-ci il tarixli, 9/3185 saylı rəyindən görünür ki, 2011-ci il buraxılışlı “Kia Sportage-minik” markalı **-DB- *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin hazırki vəziyyətdə əksər hissələri dəyişilməklə, əsaslı təmir olunması rentabelli hesab olunmur və zərərçəkmişə dəymiş maddi ziyanın məbləği salamat qalan yararlı hissələrin dəyərini çıxmaqla təxminən 13800,00 (23000,0 m-40%) manat müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 28 iyul 2020-ci il tarixli, 745 nömrəli “icarə” müqaviləsinə əsasən "xxxx" MMC-nin müqavilə əsasında sərəncamında olan “KİA SPORTAGE” markalı, ** DB *** qeydiyyat nişanlı avtomobil Cavabdeh icarəyə verilmişdir. İcarə müddətində Cavabdeh "xxxx" MMC-dən icarəyə götürdüyü avtomobillə yol-nəqliyyat hadisəsi törətmiş və avtomobil ciddi deformasiyaya uğramaqla çox az sayda detallar zədələnmiş qalmış və avtomobilin məhv olması nəticəsində iddiaçıya ziyan dəymişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. İşin müəyyən olunmuş faktiki hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, cavabdehin iddiaçının əmlakına vurulmuş zərərə görə mülki hüquqi məsuliyyəti yaranmışdır. Zərərin əvəzinin ödənilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə cavabdeh tərəfindən delikt törədildiyi müəyyən olunduğundan məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası da məhz delikt hüququndan irəli gəlir. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Beləliklə, iddia tələbindən göründüyü kimi iddiaçı "xxxx" MMC müqavilə əsasında sərəncamında olan “KİA SPORTAGE” markalı, ** DB *** dövlət qeydiyyat nişanlı avtomobilə Cavabdeh tərəfindən vurulmuş zərərin əvəzinin ödənilməsini tələb edir və həmin zərərin həcmi iddiaçı tərəfindən cəmi 23.730 (iyirmi üç min yeddi yüz otuz) manat qiymətləndirilmişdir. Məhkəmə iddia ərizəsində göstərilən tələbi araşdırarkən belə nəticəyə gəlir ki, mötəbər sübut mənbəyi olaraq zərərin həcmi kimi ekspert rəyi əsas götürülməli, cavabdeh tərəfindən törədilmiş delikt nəticəsində iddiaçının əmlakına vurulmuş zərərin həcmi kimi ekspert rəyi mötəbər sübut kimi qəbul edilməli və iddia tələbi həmin məbləğdə 13.800 (on üç min səkkiz yüz) manat məbləğində təmin olunmalıdır. Məhkəmə həmçinin iddia tələbinin əldən çıxmış fayda ilə bağlı hissəsi ilə əlaqədar qeyd edir ki, məhkəmə araşdırması zamanı iddia tələbinin həmin hissəsi ilə bağlı hər hansı sübutlar müəyyən edilmədiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Cavabdeh "xxxx" MMC-nin müqavilə əsasında sərəncamında olan “Kia Sportageminik” markalı **-DB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş 13.800 (on üç min səkkiz yüz) manat məbləğində maddi ziyan və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-yə verilməlidir. İş üzrə 100 manat məhkəmə ekspertiza xərci ilə əlaqədar olaraq məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən 60 manat Cavabdeh, 40 manat isə iddiaçı "xxxx" MMC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 13.800 (on üç min səkkiz yüz) manat və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq, iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə məhkəmə ekspertiza xərci ilə əlaqədar 60 manat Cavabdeh, 40 manat isə iddiaçı "xxxx" MMC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən bir ay müddətinə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №2(044)-284/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-284/2021
01.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver