Məhkəmə qərarları › İş №2(044)-2866/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2866/2021

15.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2866/2021 15.10.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı ləğv prosesində olan QSC «Bank Standart» KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı «kredit borcu» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan QSC «Bank Standart» KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı «kredit borcu» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borc üzrə 4042.74 manat, faiz borcu üzrə 2361.34 manat, cərimə 1709.99 manat, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 576.80 manat faiz borcu, cəmi 8690.87 manat və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq ləğv prosesində olan QSC «Bank Standart» KB-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 25.07.2013cü il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 36 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. Cavabdeh öz üzərində götürdüyü öhdəliklərini lazımınca yerinə yetirməmiş və hazırda cavabdehin banka cəmi 8690.87 manat məbləğində borcu yaranmışdır. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında bildirdi ki, iddiaçı ilə arasında 25.07.2013-cü il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən bank tərəfindən ona 36 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. O, ilk aylar banka ödənişlər etmiş, lakin sonradan ödənişlər edə bilməmişdir. Məhkəmə tərəfindən ona müəyyən vaxt verilərsə o, banka olan borcunu hissə-hissə ödəyə bilər. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, 25.07.2013-cü il tarixli 100/04/4180/13 saylı kredit müqaviləsinin surətindən görünür ki, QSC «Bank Standart» KB-nin tərəfindən Cavabdeh 36 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. 27.05.2021-ci il tarixdə ləğv prosesində olan QSC «Bank Standart» KB-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh banka əsas borc üzrə 4042.74 manat, faiz borcu üzrə 2361.34 manat, cərimə 1709.99 manat, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 576.80 manat faiz borcu, cəmi 8690.87 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həmdə bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə iddia tələbinin cavabdehdən kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 576.80 manat faiz borcunun iddiaçının xeyrinə tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbinin həmin hissədə təmin olunması istisnadır. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh əsas borc üzrə 4042.74 (dörd min qırx iki manat yetmiş dörd qəpik) manat, faiz borcu üzrə 2361.34 (iki min üç yüz altmış bir manat otuz dörd qəpik) manat, cərimə 5 (beş) manat, cəmi 6409.08 (altı min dörd yüz doqquz manat səkkiz qəpik) manat və ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı QSC «Bank Standart» KB-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh əsas borc üzrə 4042.74 (dörd min qırx iki manat yetmiş dörd qəpik) manat, faiz borcu üzrə 2361.34 (iki min üç yüz altmış bir manat otuz dörd qəpik) manat, cərimə 5 (beş) manat, cəmi 6409.08 (altı min dörd yüz doqquz manat səkkiz qəpik) manat və ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı QSC «Bank Standart» KB-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar