Məhkəmə qərarları › İş №2(044)-2876/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-2876/2021

11.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-2876/2021 11.10.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı “Yelo Bank“ Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı borc tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Yelo Bank“ ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada “Yelo Bank“ ASC-nin xeyrinə 31 yanvar 2020-ci il tarixli kredit müqaviləsi üzrə 7499,06 manat əsas borc, 717,84 manat faiz borcu və 166,20 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 8383,10 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 31 yanvar 2020-ci il tarixli kredi müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsindəki xüsusatları təsdiq edib, iddianın təmin olunmasını xahiş etmiş, mülki işin aidiyyəti üzrə kommersiya məhkəməsinə göndərilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə baxış iclasında cavabdehin sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduğu və sahibkarlıq fəaliyyəti ilə əlaqədar iddiaçıdan biznes krediti aldığı müəyyən olunmuşdur. Belə ki, 31.01.2020-ci il tarixli Kredit müqaviləsindən görünür ki, Cavabdeh1 iddiaçı bank tərərfindən biznes məqsədi ilə 10000 manat kredit verilmişdir. Həmçinin Elektron Məhkəmə Sistemindən görünür ki, Cavabdeh1 vergi ödəyicisi olan fiziki şəxsdir (VÖEN:**********). Məhkəmə tərəflərin subyektiv tərkibini, mübahisənin predmetini və hüquq münasibətlərinin xarakterini nəzərə alaraq hesab edir ki, iddiaçı hüquqi şəxs və Cavabdeh1 isə vergi ödəyicisi olan fiziki şəxs olduqlarından və tərəflər arasındakı mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olduğundan mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər. Həmin Məcəllənin 32.3-cü maddəsinə görə isə hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Həmin Məcəllənin 32.4-cü maddəsinin tələblərinə görə aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Həmin Məcəllənin 32.6-cı maddəsinə görə iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. Beləliklə məhkəmə hesab edir ki, hazırkı iddia ərizəsi üzrə mülki işə kommersiya məhkəməsində baxılmalı olduğundan mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31, 32, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı “Yelo Bank“ Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı borc tələbinə dair 2(044)-2876/2021 saylı mülki iş aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar