Məhkəmə qərarları › İş №2(044)-2878/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2878/2021

11.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2878/2021 11.10.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada onun xeyrinə 30 avqust 2019-cu il tarixli kredit müqaviləsi üzrə 3530,88 manat əsas borc, 634,64 manat faiz borcu və 130,19 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 4295,71 manat borcun və 30 manat ödənilmiş rüsumunun tutulmasına, Cavabdeh1 ilə "xxxx" İKB ASC arasında bağlanmış 30 avqust 2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edərək izahatında bildirmişdir ki, Cavabdeh1 30 avqust 2019-cu il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 25 faizlə 24 ay müddətinə 5000 manat kredit götürmüşdür. 28 sentyabr 2020-ci il tarixli əlavə sazişə əsasən kreditin müddəti 06 fevral 2022-ci il tarixədək müəyyən edilir. Borcun təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 ilə 30 avqust 2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2021-ci il iyunun 25-dək Cavabdeh1 banka 30 avqust 2019-cu il tarixli kredit müqaviləsi üzrə 3530,88 manat əsas borc, 634,64 faiz borcu və 130,19 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 4295,71 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Sonda iddiaçının nümayəndəsi iddianın təmin edilməsinə dairqətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında iddianı qismən qəbul edərək, cərimənin silinməsini və yeni qrafikin təyin edilməsini xahiş etmiş, hər ay 285 manat pul ödəməyə imkanının çatmadığını bildirmişdir. Sonda cavabdeh iddianın qismən təmin edilməsini xahiş etmişdir. Digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: - "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 30.08.2019-cu il tarixli, 10-MY- 1-0-626-19 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh1 24 ay müddətinə illik 30 % ödəmək şərtilə 5000 manat məbləğində kredit verilmişdir. - 30.08.2019-cu il tarixli, 10-MY-1-0-626-19 saylı zaminlik müqavilələrindən görünür ki, 30.08.2019-cu il tarixli, 10-MY-1-0-626-19 saylı kredit müqaviləsinin təminatı kimi "xxxx" İKB ASC ilə Cavabdeh2 və Cavabdeh3 arasında zaminlik müqavilələri bağlanmış və borclu Cavabdeh1 Kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zaminlər Cavabdeh2 və Cavabdeh3 Bank qarşısında tam məsuliyyəti öz üzərlərinə götürərək borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyırlar. - Kassa məxaric orderindən görünür ki, 30.08.2019-cu il tarixdə Nikoil İKB ASC tərəfindən Cavabdeh1 5000 manat məbləğində kredit verilmişdir. - maliyyə arayışından görünür ki, Cavabdeh1 25.06.2021-ci il tarixinə banka olan borcu, əsas borc üzrə 3530,88 manat, faiz borcu üzrə 634.64 manat, cərimə borcu üzrə 130,19 manat ümumilikdə 4295,71 manat təşkil edir. - 14.06.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 kredit müqaviləsi üzrə borcunun qaytarılması barədə xəbərdarlıq edilmişdirlər. - Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin 25.06.2021-ciil tarixli Çıxarışının surətindən görünür ki, "xxxx" X2 Açıq Səhmdar Cəmiyyətinin hazırkı adı İddiaçı Açıq Səhmdar Cəmiyyətidir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında kredit və zaminlik müqavilələri bağlanmış, lakin cavabdehlər həmin müqavilələr üzrə üzərlərinə götürdükləri öhdəliklərini vaxtı-vaxtında icra etməmişlər və 3530,88 manat əsas borc, 634,64 manat faiz borcu, 130,19 manat cərimə ümumilikdə cəmi 4295,71 manat borc ödənilməmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. İşin faktiki hallarından görünür ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müvafiq olaraq kredit və zaminlik müqavilələrinə əsasən İddiaçı ASC qarşısında üzərlərinə götürdükləri öhdəliklərə tam əməl etməmişlər. Buna görə də iddiaçının cavabdehlərdən borcu tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsində borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Bununla belə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi üzrə cərimə azaldılaraq 15 manat müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin olunmalı, "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 30 avqust 2019-cu il tarixli kredit müqaviləsi ləğv edilməli, 30.08.2019-cu il tarixli kredit müqaviləsi üzrə banka 3530,88 manat əsas, 634,64 manat faiz, 15 manat cərimə, ümumilikdə cəmi 4180,52 manat məbləğində borc cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. İddia qismən təmin edildiyinə görə Azərbaycan Respublikası Mülki – Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğində pul vəsaitinin 27 manat məbləğində hissəsi cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki – Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 30 avqust 2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 30.08.2019-cu il tarixli kredit müqaviləsi üzrə 3530,88 manat əsas, 634.64 manat faiz, 15 manat cərimə və ümumilikdə cəmi 4180 (dörd min yüz səksən) manat 52 (əlli iki) qəpik məbləğində borc və 30 manat dövlət rüsumunun 27 (iyirmi yeddi) manatı tutulsun. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar