Məhkəmə qərarları › İş №2(044)-2927/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2927/2021

28.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2927/2021 28.10.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı X3 Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kreditin, kredit faizinin ödənilməsi tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Unibank KB ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada onun xeyrinə 4230,7 manat əsas, 884,62 manat faiz, cəmi 5115,32 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manatın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək bildirmişdir ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 28.02.2020-ci il tarixli kredit müqaviləsinə əsasən illik 32% olmaq şərtilə 120 ay müddətinə 100000 manat məbləğində kredit xətti ayrılmış və 28.02.2020-ci il tarixli əlavə kredit müqaviləsi üzrə cavabdehə 12 ay müddətinə illik 24 faiz ödəmək şərtilə 5000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh2 ilə aralarında bağlanmış zaminlik müqaviləsinə əsasən zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürüb. Cavabdeh kredit müqaviləsinin şərtlərinə əsasən kredit borcunu və faizləri ödəməyi öhdəsinə götürsə də, öhdəliyi tam icra etməmişdir. Nəticədə cavabdehin 8 iyul 2021-ci il tarixinə kredit müqaviləsi üzrə iddiaçıya 4230,7 manat əsas, 884,62 manat faiz, cəmi 5115,32 manat borcu vardır. Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barəsində qanunla nəzərdə tutulmuş qaydada məlumat verilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onların iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsini mümkün hesab etmişdir. Mülki iş materiallarında olan: - 28.02.2020-ci il tarixli 281micGNDJ/20-EM saylı əsas Kredit və Bank Hesabı müqaviləsinin surətindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh1 Unibank KB ASC tərəfindən illik 32 faiz ödəmək şərti ilə 120 ay müddətinə 100000 manat məbləğində kredit xətti açılmışdır. - 28.02.2020-ci il tarixli 281micGNDJ/20 saylı əlavə Kredit müqaviləsinin surətindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh1 Unibank KB ASC-dən illik 24 faiz ödəmək şərti ilə 12 ay müddətinə götürdüyü 5000 manat məbləğində krediti faizlərlə birlikdə qaytarmağı öhdəsinə götürmüşdür. - 28.02.2020-ci il tarixli 281micGNDJ/20 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, 28.02.2020-ci il tarixli 281micGNDJ/20-EM saylı kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 ilə X3 Açıq Səhmdar Cəmiyyəti arasında zaminlik müqaviləsi bağlanmış, borclu Cavabdeh1 Kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin Cavabdeh2 Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürərək borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. - 8 iyul 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1nun 4230,7 manat əsas, 884,62 manat faiz, cəmi 5115,32 manat borcu vardır. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin faktiki hallarından görünür ki, Cavabdeh1 kredit müqaviləsinə əsasən iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Buna görə də iddiaçının ondan kredit müqaviləsi üzrə borcu tələb etmək hüququ vardır. Habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. İşin faktiki hallarından görünür ki, Cavabdeh2 zaminlik müqaviləsinə əsasən Unibank KB ASC qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmiş, buna görə də iddiaçı ondan da borcun ödənilməsini tələb etməkdə haqlıdır. Beləliklə məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia təmin olunmalı, 4230,7 manat əsas, 884,62 manat faiz, cəmi 5115,32 manat məbləğində borc cavabdehdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4230,7 qəpik məbləğində əsas, 884,62 manat məbləğində faiz, cəmi 5115 (beş min yüz on beş) manat 32 (otuz iki) qəpik məbləğində borc və 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı X3 Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1(bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar