Məhkəmə qərarları › İş №2(044)-2958/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2958/2020

16.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2958/2020 16.11.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki işə Gəncə şəhəri Nizami rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2005-ci il təvəllüdlü X3 və xx.xx.2007-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 200 manat, cəmi 400 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİNHALLARİ İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, cavabdehlə birgə nikahlarından xx.xx.2005-ci il təvəllüdlü X5 və xx.xx.2007-ci il təvəllüdlü X7 anadan olmuşdur. Gəncə şəhər Nizami rayon Məhkəməsinin qətnaməsinə əsasən aralarında bağlanmış nikah pozulmuş, uşaqlar onun himayəsində saxlanılmışdır. Daha sonra Gəncə şəhər Nizami rayon Məhkəməsinə aliment tələbi ilə bağlı müraciət etmiş və xx.xx.2014-cü il tarixli 2(044)-3522/14 saylı qətnamə ilə xx.xx.2014-cü il tarixdən başlayaraq xx.xx.2005-ci il təvəllüdlü X3 və xx.xx.2007-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay bir uşaq üçün 75 manat, cəmi 150 manat məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. O, həmin pulla uşağı saxlamaqda çətinlik çəkir. Ona görə də yenidən məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir: Gəncə şəhər Nizami rayon VVAQD şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli AZ-İ 608507 saylı doğum haqqında şahadətnamənin surətindən görünür ki, X5 xx.xx.2005-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Bu barədə akt qeydləri kitabında 587 nömrə ilə qeyd edilmişdir. Ata qrafasında Cavabdeh, ana qrafasında X8 göstərilmişdir; Gəncə şəhər Kəpəz rayon VVAQD şöbəsi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli AZ-İİ 025990 saylı doğum haqqında şahadətnamənin surətindən görünür ki, X7 xx.xx.2007-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Bu barədə akt qeydləri kitabında 2020 nömrə ilə qeyd edilmişdir. Ata qrafasında Cavabdeh, ana qrafasında X8 göstərilmişdir; Gəncə şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(044)-3522/2014 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin olunmuş, xx.xx.2014-cü il tarixdən başlayaraq Cavabdeh xx.xx.2005-ci il təvəllüdlü X3 və xx.xx.2007-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 75 manat, cəmi 150 manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi qət edilmişdir; Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli 2(104)-308/2015 saylı qətnamənin surətindən görünür ki,şikayət təmin edilməmiş, Gəncə şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(044)-3522/2014 saylı qətnaməsi alimentin müəyyən olunmuş hissəsində dəyişdirilmədən saxlanılmışdır. ETİRAZİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi X2 məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir rəsmi məlumat verməmişdir. Ona görə də məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, mübahisənin həllində tətbiq edilməli olan hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 34.4-cü maddəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə görə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılmaları üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edilə bilər. Məhkəmə bir uşaq üçün 75 manat aliment müəyyən edildikdən sonra yetkinlik yaşına çatmayan uşağın böyüdükcə artan təlabatlarını, eyni zamanda 75 manat məbləğində müəyyən edilmiş alimentin uşağın əvvəlki təminatının səviyyəsi ilə mütənasib olmamasını nəzərə alaraq hesab edir ki, alimentin miqdarı artırılaraq hər ay bir uşaq üçün 130 manat, cəmi 260 manat sabit pul məbləğində müəyyən edilməlidir. Eyni zamanda məhkəmə alimentin hər ay bir uşaq üçün 200 manat məbləğində sabit pul məbləğində təyin edilməsinin qeyri-mümkünlyünü onunla izah edir ki, təyin ediləcək alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalıdır. Bu hal uşaqların hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. Qeyd edilən tələblər gözlənilmədən birtərəfli qayda qeyrimütənasib aliment miqdarının müəyyən edilməsi, uşaqların hüquq və mənafeləri ilə müəyyən qədər uzlaşsa da, bu öhdəliyi yerinə yetirən şəxsin hüquqi və mənafeləri ilə ziddiyyət təşkil edəcəkdir. Bu yerinə yetirilməsi mümkün olmayan aliment miqdarının müəyyən edilməsi alimentin ödənilməsi imkanının azaldılmasına, qəbul edilmiş yekun məhkəmə aktının icra olunmamasına şərait yaradacaqdır. İdiaçı cavabdehin gəlirləri barədə sübut təqdim edə bilinməməsi onu deməyə əsas verir ki, alimentin iddia tələbində göstərilən həddə təmin edilməsi məhkəmə aktının icra olunmamasına şərait yarada bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli Qərarından da göründüyü kimi Qanunverici bu maddədə alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: tərəflərin maddi və ailə vəziyyəti; diqqətəlayiq digər hallar; uşağın əvvəlki təminatının səviyyəsi. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılmaları üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə tərəfindən cavabdehin vəziyyətini ağırlaşdıran hər hansı hallar aşkar edilməmişdir. Uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması zamanı məhkəmə nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Bunun görə məhkəmə uşağın hansı təhsil müəssisəsində təhsil almasını (ödənişli və ya ödənişsiz), əvvəllər hansı qaydada istirahət etməsini, asudə vaxtını hansı qaydada keçirməsini, idmanla, müsiqi ilə məşqul olubolmamasını, sağlamlığını və s. məsələləri nəzərə almalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(044)-3522/2014 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği hər ay bir uşaq üçün 130 manat, cəmi 260 manat sabit pul məbləğində müəyyən edilməli, xx.xx.2005-ci il təvəllüdlü X3 və xx.xx.2007-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 130 manat, cəmi 260 manat miqdarında aliment tutularaq İddiaçı verilməlidir. Cavabdeh “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci və 9.4cü maddələrinin tələblərinə uyğun olaraq 30 (otuz) manat dövlət rüsumu xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.2.-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişdirsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Alimentin artırılmış məbləğinin hansı tarixdən tutulması məsələsi ilə bağlı məhkəmə aşağdakıları qeyd etməyi zəruri hesab edir. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il qərarının 5-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də məhkəmə hesab edir ki, alimentin dəyişdirilmiş miqdarı məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. xx.xx.2005-ci il təvəllüdlü X3 və xx.xx.2007-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Cavabdeh tutulan alimentin miqdarı artırılaraq, hər ay bir uşaq üçün 130 manat, cəmi 260 manat miqdarında müəyyən edilsin və hər ay bir uşaq üçün 130 manat, cəmi 260 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Alimentin dəyişdirilmiş miqdarı məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar