Məhkəmə qərarları › İş №2(044)-2968/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2968/2021

21.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2968/2021 21.09.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nazim oğlunun katibliyi, İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X3 oğlunun iştirakı ilə, İddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında məhkəmənin binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı LPO "xxxx" ASC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 656.86 manat əsas, 405.42 manat faiz, 378.47 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanan faiz borcu 91.08 manat, ümumilikdə isə 1531.83 manat borc və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ LPO "xxxx" ASC iddia tələbini onunla əsaslandırmışdır ki, 12 iyul 2017-ci il tarixli 005001 saylı Bank xidmətləri müqaviləsinə əsasən Cavabdeh bank tərəfindən 10 ay müddətinə, illik 20 faiz dərəcəylə 1500 manat məbləğində kredit verilmişdir. Müqavilə bağlandıqdan sonra Cavabdeh müqavilənin şərtlərini pozaraq, kreditin əsas məbləğini və ona hesablanmış faizləri ödəməmişdir. Cavabdeh dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq öhdəliyini icra etməmiş və bu günə kimi olan borcunu ödəməmişdir. 18.02.2021-ci il tarixə Cavabdeh kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanan 91.08 manat faiz borcu vardır. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir: 12 iyul 2017-ci il tarixli 005001 saylı Bank xidmətləri müqaviləsindən görünür ki, Cavabdeh bank tərəfindən 10 ay müddətinə, illik 20 faiz dərəcəylə 1500 manat məbləğində kredit verilmişdir. 13 iyul 2017-ci il tarixli maliyyə arayışından məlum olur ki, Cavabdeh 18 fevral 2021ci il tarixinə cəmi 1531.83 manat təşkil edir. ETİRAZİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iştirak edən ləğv prosesində olan "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X2 iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmışdır. Buna baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, gəlməməyinin səbəbləri bаrədə məhkəməyə məlumаt verməmiş və işə оnun iştirаkı оlmаdаn bаxılmаsı bаrədə məhkəməyə vəsаtət dаxil оlmаmışdır. Azərbaycan Respublikası MPM-nin 185.1-ci madədsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə cavabdehin məhkəmə iclasına gəlməməyinin səbəbini üzürlü hesab etmədiyindən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə iş üzrə təqdim olunmuş digər sübutları yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının cavabdehdən kredit, ona hesablanmış faiz və cərimə borcu tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması–öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin şərh olunmuş normaları və tərəflər arasında bağlanmış 12 iyul 2017-ci il tarixli kredit müqavilələrinin yuxarıda qeyd olunmuş müddəaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, onun tərəfindən kredit öhdəlikləri üzrə müəyyən ödənişlər edilsə də, sonradan ödənişlərin edilməsi dayandırılmışdır. Bu halda öhdəliyin lazımınca icra edilməməsinə görə onun məsuliyyət məsələsi Mülki Məcəllənin 443.1-ci maddəsinə görə həll edilməlidir. Həmin maddəyə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Beləliklə, iddiaçının Cavabdeh qarşı tələbi əsas borca aid hissədə tam təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarınm şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafıq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtıı tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddətini ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Konstitusiya Məhkəməsi qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasmı mümkün hesab etmişdir. Belə ki, qərarda göstərilmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam edir və MM-nin 339.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə MM-in «Öhdəliklərin icra edilməməsi» adlanan 22-ci fəslində və «Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət» adlanan 23-cü fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir. İddiaçı Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqını tələb etməkdə haqlı olsa da, iddiaçı kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutulmadığından və həmin müddətdən sonrakı dövr üçün öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında ona dəymiş zərərin (real zərər və əldən çıxmış faydanın) nədən ibarət olmasını sübuta yetirə bilmədiyindən iddia tələbi müqavilənin bitdiyi tarixdən 12 iyul 2017-ci il tarixli kredit müqaviləsinə əsasən 91.08 manat faiz borcunun tutulmasına dair hissədə təmin edilməməlidir. Məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq, tənasübsüz sürətdə yüksək olan dəbbə pulunun miqdarının azaldılmasını məqsədəmüvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, 378.47 manat məbləğində (cərimə) dəbbə pulu azaldılaraq 50 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, LPO "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 12 iyul 2017-ci il tarixli kredit müqaviləsinə əsasən borclu müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən 656.86 manat əsas, 405.42 manat faiz borcu, 50 manat cərimə borcu, ümumilikdə 1112.28 manat borc və 30 manat dövlət rüsumu Cavabdeh tutularaq LPO "xxxx" ASC-nin xeyrinə ödənilməli, iddia tələbi qalan hissələrdə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 12 iyul 2017-ci il tarixli kredit müqaviləsinə əsasən 656.86 manat əsas, 405.42 manat faiz borcu, 50 manat cərimə borcu, ümumilikdə 1112.28 manat borc və 30 manat dövlət rüsumu tutularaq LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin . İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə qəbul edildiyi gündən 01 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar