Məhkəmə qərarları › İş №2(044)-2990/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2990/2021

28.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2990/2021 28.09.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Bank "xxxx" ASC-nin Cavabdeh qarşı «kredit borcu» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bank "xxxx" ASC-ti Cavabdeh qarşı «kredit borcu» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Bank "xxxx" ASC-nin Gəncə filialı ilə Cavabdeh arasında bağlanmış 17.11.2020-ci il tarixli RPZ-00004-06/20A saylı kredit müqaviləsinin ləğv edilməsi, kredit müqaviləsindən irəli gələn 14.07.2021-ci il tarixinə ödənilməmiş 1952.72 manat əsas, 238.5 manat faiz borcu, 391.73 manat dəbbə pulu, cəmi 2582.95 manat və ödənilmiş 30.0 manat dövlət rüsumu, 0,40 qəpik xidmət haqqının Cavabdeh Bank "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 17.11.2020-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 12 ay müddətinə 2295.49 manat məbləğində kredit verilmiş və nəticədə cəmi 2582.95 manat məbləğində borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini lazımınca icra etməmiş və xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh banka olan borcu ödəməmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, 17.11.2020-ci il tarixli RPZ-00004-06/20A saylı kredit müqaviləsinin surətindən görünür ki, Bank "xxxx" ASC-ti tərəfindən Cavabdeh 25 ay müddətinə 2582.95 manat məbləğində kredit verilmişdir. 14.07.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh banka əsas borc üzrə 1952.72 manat, faiz borcu 238.5 manat, cərimə 391.73 manat, cəmi 2582.95 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçı Bank "xxxx" ASC-nin Gəncə filialı ilə Cavabdeh arasında bağlanmış 17.11.2020-ci il tarixli RPZ-00004-06/20A saylı kredit müqaviləsi ləğv edilməli, Cavabdeh əsas borc üzrə 1952.72 manat, faiz borcu 238.5 manat, cərimə 5 manat, cəmi 2196.22 manat və ödənilmiş 30.0 manat dövlət rüsumu, 0,40 qəpik xidmət haqqı iddiaçı Bank "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Bank "xxxx" ASC-nin Gəncə filialı ilə Cavabdeh arasında bağlanmış 17.11.2020-ci il tarixli RPZ-00004-06/20A saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh əsas borc üzrə 1952.72 manat, faiz borcu 238.5 manat, cərimə 5 manat, cəmi 2196.22 (iki min yüz doxsan altı manat iyirmi iki qəpik) manat və ödənilmiş 30.0 manat dövlət rüsumu, 0,40 qəpik xidmət haqqı iddiaçı Bank "xxxx" ASC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar