Məhkəmə qərarları › İş №2(044)-2992/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2992/2021

11.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2992/2021 11.10.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh onun xeyrinə 28 sentyabr 2020-ci il tarixli kredit müqaviləsi üzrə 2586,56 manat əsas, 189,77 manat faiz, 22,05 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 2798,38 manat borcun və 30 manat dövlət rüsumunun tutulmasını, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 28 sentyabr 2020-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edərək izahatında bildirmişdir ki, Cavabdeh 28 sentyabr 2020-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən 20,05 faizlə 36 ay müddətinə 2800 manat kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etmir. 2021-ci il iyulun 09-dək Cavabdeh banka 28 sentyabr 2020-ci il tarixli kredit müqaviləsi üzrə 2586,56 manat əsas borc, 189,77 manat faiz borcu və 22,05 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 2798,38 manat borcu vardır. Xəbərdarlı edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Sonda iddiaçının nümayəndəsi iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək bildirmişdir ki, o, əvvəllər işlədiyi üçün borcunu vaxtı-vaxtında ödəmiş, sonradan işdən çıxdığı üçün ödənişləri gecikdirmişdir. O, banka olan borc məbləğini qəbuir, lakin həmin borcunu birdəfəyə ödəyə bilməyəcək, hər ay hissə-hissə qaytaracaqdır. Sonda cavabdeh iddianın təmin edilməsinə etiraz etməmişdir. İş materiallarında olan: - İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 28.09.2020-ci il tarixli, 10-Y-2-0- 1211-20 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh 36 ay müddətinə illik 20,05% ödəmək şərtilə 2800 manat məbləğində kredit verilmişdir. - məxaric qəbzinin surətindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 2800 manat məbləğində kredit verilmişdir. - maliyyə arayışından görünür ki, Cavabdeh 09.07.2021-ci il tarixinə banka olan borcu, əsas borc üzrə 2586.56 manat əsas, 189.77 manat faiz, 22.05 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 2798.38 manat təşkil edir. - 23.06.2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 5 gün müddətində borcun ödənilməsi, əks təqdirdə məhkəmə qaydasında borc tutularaq onun əmlaklarına yönəldiləcəyi və əlavə xərclər tutulacağı barədə məlumat verilmişdir. - Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin 25.06.2021-ci il tarixli Çıxarışının surətindən görünür ki, "xxxx" X2 Açıq Səhmdar Cəmiyyətinin hazırkı adı İddiaçı Açıq Səhmdar Cəmiyyətidir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış, lakin cavabdeh həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini vaxtıvaxtında icra etməmiş və onun 2586,56 manat əsas, 189,77 manat faiz, 22,05 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 2798,38 manat borcu ödənilməmişdir. Məhkəmə tərəfləri dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Tərəflər arasında bağlanmış 28.09.2020-ci il tarixli Kredit müqaviləsində ödənişin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Sadalanan xüsusatlara və qanunvericilik normalarına əsasən məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, kredit müqaviləsi üzrə borc alan Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyindən iddiaçının cavabdehdən borcun tutulmasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 28 sentyabr 2020-ci il tarixli kredit müqaviləsi ləğv edilməli, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 2586,56 manat əsas, 189,77 manat faiz, 22,05 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 2798,38 manat borc tutulmalıdır. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 28 sentyabr 2020-ci il tarixli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 2586,56 manat əsas, 189,77 manat faiz, 22,05 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 2798 (iki min yeddi yüz doxsan səkkiz) manat 38 (otuz səkkiz) qəpik məbləğində borc və 30 (otuz) manat dövlət rüsumu tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar