Məhkəmə qərarları › İş №2(044)-2995/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2995/2021

28.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2995/2021 28.10.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı «kreditin borcu və tələbin girov predmetinə yönəldilməsi» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı «kreditin borcu və tələbin girov predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada əsas borc üzrə 1679.71 ABŞ dolları, faiz borcu üzrə 2781.31 ABŞ dolları, cərimə 3193.96 ABŞ dolları, cəmi 785613 ABŞ dolları, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli plenum qərarına əsasən hesablanmış 231.15 ABŞ dolları faiz borcu və ödənilmiş 30 manat dövlət rüsumunun, tutmanın girov predmeti olan 2 ədəd 55.3 qram çəkidə sep, 1 ədəd 6.1 qram çəkidə üzük, 1 ədəd 4.9 qram çəkidə sırğadan ibarət olan qızıl-zinət əşyalarına yönəldilməsi və girov predmetinin satışından əldə olunmuş vəsait Cavabdeh1 borcunun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 tutularaq ləğv prosesində olan "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Yevlax filialı ilə Cavabdeh1 arasında bağlanmış 19.11.2014-cü il tarixli kredit müqaviləsinə əsasən şəxsi məqsədlə cavabdehə 24 ay müddətinə 5000 ABŞ dolları məbləğində kredit verilmiş, 20.05.2015-ci il tarixli əlavə sazişə əsasən kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 4334.06 ABŞ dolları təşkil etmiş, kreditin müddəti 20.05.2018-ci il tarixədək müəyyən edilmişdir. Kreditin təmini kimi Cavabdeh2 və Cavabdeh3 arasında zaminlik müqaviləsi bağlanmış və Cavabdeh1 məxsus 2 ədəd 55.3 qram çəkidə sep, 1 ədəd 6.1 qram çəkidə üzük, 1 ədəd 4.9 qram çəkidə sırğadan ibarət olan qızıl-zinət əşyaları banka girov qoyulmuşdur. Lakin cavadeh müqavilənin şərtlərini pozaraq üzərinə götürdüyü öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırmışdır. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, 19.11.2014-cü il tarixli 1528/114 saylı kredit müqaviləsinin surətindən görünür ki, "xxxx" ASC-ti ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 24 ay müddətinə 5000 ABŞ dolları məbləğində kredit verilmiş və bank Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 arasında zaminlik müqaviləsi bağlanmışdır. 19.11.2014-cü il tarixli 1528/İ114 saylı girov müqaviləsinin surətindən görünür ki, "xxxx" ASC-ti ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinin təmini kimi Cavabdeh1 məxsus 2 ədəd 55.3 qram çəkidə sep 1050.70 manat, 1 ədəd 6.1 qram çəkidə üzük 115.90 manat, 1 ədəd 4.9 qram çəkidə sırğa 93.10 manat, cəmi 1259.7 manat dəyərində qızıl-zinət əşyaları banka girov qoyulmuşdur. 17.12.2015-ci il tarixli ******* saylı saxlanc girovun və təhvil-təslim AKT-dan görünür ki, girov qoyulmuş qızıl-zinət əşyalarının, cəmi dəyəri 610 manat məbləğində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən, girov saxlayanın tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Məhkəmə iclasında müəyyən edildi ki, cavabdehlər kredit müqaviləsi üzrə üzərlərinə götürdükləri öhdəliyi yerinə yetirməmişlər və öhdəliyi icra etmədikləri üçün iddiaçı qarşısında məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyi tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həmdə bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə, iddia tələbinin kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli plenum qərarına əsasən hesablanmış 231.15 ABŞ dolları faiz borcu və girov predmetinin satışından əldə olunmuş vəsait Cavabdeh1 borcunun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 tutularaq iddiaçıya ödənilməsi hissələrinə qiymət verərək, hesab edir ki, iddia tələbi həmin hissələrdə təmin edilməməlidir. İddia tələbinin girov predmetinin satışından əldə olunmuş vəsait Cavabdeh1 borcunun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 tutularaq iddiaçıya ödənilməsi hissəsi hazırkı vaxtda deyil, «İcra Haqqında» Qanunun 45ci maddəsinin tələbinə əsasən icra mərhələsində həll olunan məsələdir və cavabdehin öhdəliyi hazırkı vaxtda mövcud olan təminatla məhdudlaşmış hesab edilməlidir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlərdən müştərək qaydada əsas borc üzrə 1679.71 ABŞ dolları, faiz borcu üzrə 2781.31 ABŞ dolları, cərimə 10 ABŞ dolları, cəmi 4471.02 ABŞ dolları ödəniş vaxtına manatın məzənnəsi üzrə və ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının xeyrinə ödənilməli, tutma öhdəliyin təmini kimi Cavabdeh1 məxsus - 2 ədəd 55.3 qram çəkidə sep, 1 ədəd 6.1 qram çəkidə üzük, 1 ədəd 4.9 qram çəkidə sırğadan ibarət olan qızıl-zinət əşyalarına yönəldilməli, həmin əmlak açıq hərracdan satılmalı və satışdan əldə olunmuş vəsait hesabına borcun ödənilməsi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada əsas borc üzrə 1679.71 (min altı yüz yetmiş doqquz dollar yetmiş bir sent) ABŞ dolları, faiz borcu üzrə 2781.31 (iki min yeddi yüz səksən bir dollar otuz bir sent) ABŞ dolları, cərimə 10 (on) ABŞ dolları, cəmi 4471.02 (dörd min dörd yüz yetmiş bir dollar iki sent) ABŞ dolları ödəniş vaxtına manatın məzənnəsi üzrə və ödənilmiş 30 manat dövlət rüsumu ləğv prosesində olan "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilsin. Tutma öhdəliyin təmini kimi Cavabdeh1 məxsus - 2 ədəd 55.3 qram çəkidə sepə, 1 ədəd 6.1 qram çəkidə üzüyə, 1 ədəd 4.9 qram çəkidə sırğaya yönəldilsin və həmin əmlak açıq hərracdan satılsın, həmin əşyalarının satışından əldə olunmuş vəsait hesabına 4471.02 (dörd min dörd yüz yetmiş bir dollar iki sent) ABŞ dolları ödəniş vaxtına manatın məzənnəsi üzrə və ödənilmiş 30 manat dövlət rüsumu ləğv prosesində olan "xxxx" ASCnin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar