Məhkəmə qərarları › İş №2(044)-3006/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-3006/2021

10.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-3006/2021 10.09.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı AccessBank Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı AccessBank Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh AccessBank QSC-nin 1264.02 manat məbləğində kredit borcu, 338.28 manat məbləğində faiz borcu və 593.3 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 2195 manat 60 qəpik məbləğində borcun və tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edərək izahatında bildirmişdir ki, kreditor AccessBank Qapalı Səhmdar Cəmiyyəti ilə borclu Cavabdeh oğlu arasında bağlanmış 23.09.2019-cu il tarixli kredit müqaviləsinə əsasən sonuncuya 36 ay müddətinə illik 2% ödəmək şərtilə kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə1400 manat məbləğində kredit verilmişdir. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə 23.03.2020-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 135.98 manat ödəniş etmiş və onun iddiaçıya 1264.02 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün fai həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirilmişdir ki, o, kredit borcunu və faiz borcunu kreditora qaytarmadığı üçün 13.07.2021-ci il tarixə 471 gün üçün hesablanmış faiz borcu 338.28 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdiriən gün üçün kredit qalığının 0,1% məbləğində cərimə ödəməlidir. 13.07.2021-ci il tarixə 471 gün üçün müqaviləsi üzrə hesablanmış cərimə 593.3 manat təşkil edir. Sonda iddiaçını nümayəndəsi iddianın təin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək bildirmişdir ki, o, borcundan 275 manat ödəniş etmiş, pandemeya olduğu üçün sonradan ödənişlər edə bilməmişdir. Hazırda əsas borcla razı olduğunu, cərimə və faizlərin silinməsini xahiş edir. İş materiallarında olan: - AccessBank Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 23.09.2019-cu il tarixli, 006A********** saylı bank kredit müqaviləsindən görünür ki, Cavabdeh 36 ay müddətinə illik 2% ödəmək şərtilə 1400 manat məbləğində kredit verilmişdir. 23.07.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh banka olan borcu, əsas borc üzrə 1264.02 manat məbləğində kredit borcu, 338.28 manat məbləğində faiz borcu və 593.3 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 2195.60 manat təşkil edir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış, lakin cavabdeh həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini vaxtıvaxtında icra etməmiş və onun 1264.02 manat məbləğində kredit borcu, 338.28 manat məbləğində faiz borcu və 593.3 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 2195.60 manat borcu ödənilməmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Sadalanan xüsusatlara və qanunvericilik normalarına əsasən məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, kredit müqaviləsi üzrə borc alan Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyindən iddiaçının cavabdehdən borcun tutulmasını tələb etmək hüququ vardır. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi üzrə cərimə azaldılaraq 8 manat müəyyən olunmalıdır. Beləliklə də məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh iddiaçı AccessBank Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 1264.02 manat məbləğində kredit borcu, 338.28 manat məbləğində faiz borcu və 8 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 1610.3 manat borc tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən 30 manat dövlət rüsumunun 20 manatı Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 357, 360 və 362-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1264.02 manat məbləğində kredit borcu, 338.28 manat məbləğində faiz borcu və 8 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 1610 (min altı yüz on ) manat 30 (otuz) qəpik və 30 manat dövlət rüsumunun 20 (iyirmi) manatı iddiaçı AccessBank Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar