Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-3008/2021 02.11.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh3 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddiası üzrə mülki işə, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə bağlanmış kredit razılaşmasının ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 müştərək qaydada onun xeyrinə 006R********** saylı kredit razılaşması üzrə 4331.28 manat məbləğində kredit borcu, 937.32 manat məbləğində faiz borcu və 1338.38 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 6606.98 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edərək izahatında bildirmişdir ki, kreditor İddiaçı QSC ilə borclu Cavabdeh1 arasında bağlanmış 09.12.2019cu il tarixli, 006L**********24 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 100000 manat məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 AccessBank Qapalı Səhmdar Cəmiyyəti ilə bağladığı 09.12.2019-cu il tarixli, 006R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.0833 % olmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 5000 manat məbləğində kredit götürmüşdür. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 11.05.2020-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 668.72 manat ödəmiş, onun 4331.28 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır.Qeyd edilənlərə əsasən bildirilir ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmağı üçün 07.07.2021ci il tarixə 422 gün üçün hesablanmış faiz borcu 937.32 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.1% məbləğində cərimə ödəməlidir. 07.07.2021-ci il tarixə 422 gün üçün hesablanmış cərimə 1338.38 manat təşkil edir. Uzunmüddətli kredit müqaviləsinin 3.1.2-ci bəndinin “a” yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh3, Cavabdeh2 ilə zaminlik müqavilələri əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşdürlər. Onlar həmin zaminlik müqaviləsinin 1.1 bəndinə əsas yuxarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Sonda iddiaçının nümayəndəsi iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh3 məhkəmə iclasında iddianı qismən qəbul edərək bildirmişdir ki, o, kredit müqaviləsi üzrə zamindir, əsas borclu hər ay borc üzrə ödənişlər edir, lakin o, cərimə borcunun azaldılmasını xahiş edir. Sonda o, iddianın qismən təmin edilməsini xahiş etmişdir. Digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişdirlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: - İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 09.12.2019-cu il tarixli, 006L**********24 saylı uzunmüddətli kredit xətti müqaviləsindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh1 120 ay müddətinə 100000 manat məbləğində kredit xətti açılmışdır. - İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 09.12.2019-cu il tarixli, 006L**********24 saylı uzunmüdətli kredit xətti müqaviləsi üzrə 09.12.2019-cu il tarixli, 006R********** saylı kredit Razılaşmasından görünür ki, iddiaçı tərəfindən Cavabdeh1 aylıq 2.0833 % dərəcəsi ilə 24 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. - kreditin verilməsi qəbzindən görünür ki, Cavabdeh1 5000 manat məbləğində pul köçürülmüşdür. - 09.12.2019-cu il tarixli 006S**********03 və 09.12.2019-cu il tarixli 006S**********01saylı zaminlik müqavilələrindən görünür ki, 08.07.2019-cu il tarixli, 006L**********21 saylı uzunmüddətli kredit müqaviləsinin təminatı kimi İddiaçı QSC ilə Cavabdeh3 və Cavabdeh2 ilə aralarında müqavilə bağlanmış və borclu Cavabdeh1 Kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zaminlər Bank qarşısında tam məsuliyyəti öz üzərlərinə götürərək borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyırlar. - maliyyə arayışında qeyd edilmişdir ki, Cavabdeh1 09.12.2019-cu il tarixli, 006R********** saylı kredit razılaşması üzrə İddiaçı KB QSC-yə 07.07.2021-ci il tarixə 4331.28 manat əsas borc, 937.32 manat faiz borcu, 1338.38 manat cərimə borcu ümumilikdə 6606.98 manat borcu vardır. - xəbərdarlıq məktublarından görünür ki, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 kredit müqaviləsi üzrə borcunun qaytarılması barədə xəbərdarlıq edilmişdirlər. Məhkəmə iddiaçının nümayəndəsini və Cavabdeh3 dinləyib, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. İşin faktiki hallarından görünür ki, Cavabdeh1 kredit müqaviləsinə əsasən İddiaçı QSC qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Buna görə də iddiaçı ondan borcun ödənilməsini tələb etməkdə haqlıdır. Bundan başqa Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış kredit müqaviləsində cərimə haqqında yazılı razılaşmanın mövcudluğu öz əksini tapmışdır. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi üzrə cərimə azaldılaraq 40 manat müəyyən olunmalıdır. Habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqavilələri üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Cavabdeh3 və Cavabdeh2 zaminlik müqavilələrinə əsasən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün öz üzərlərinə götürdükləri öhdəliklərə tam əməl etmədiklərindən iddiaçı onlardan da borcun tutulmasını tələb etməkdə haqlıdır. Beləliklə məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin olunmalı, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 09.12.2019-cu il tarixli, 006R********** saylı kredit razılaşması ləğv edilməli, 09.12.2019-cu il tarixli, 006R********** saylı kredit razılaşması üzrə 4331.28 manat məbləğində əsas borc, 937.32 manat məbləğində faiz borcu və 40 manat cərimə borcu olmaqla cəmi 5308.6 manat məbləğində borc cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə iddiaçının dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğində pul vəsaitinin 24 manat məbləğində hissəsi müştərək qaydada cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 09.12.2019cu il tarixli, 006R********** saylı kredit razılaşması ləğv edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 müştərək qaydada İddiaçı QSCnin xeyrinə 09.12.2019-cu il tarixli, 006R********** saylı kredit razılaşması üzrə 4331.28 manat məbləğində əsas borc, 937.32 manat məbləğində faiz borcu və 40 manat cərimə borcu olmaqla cəmi 5308 (beş min üç yüz səkkiz) manat 60 (altmış) qəpik məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumunun 24 (iyirmi dörd) manatı tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədirlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №2(044)-3008/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-3008/2021
02.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver