Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-306/2022 12.01.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rasim Sarı oğlunun sədrliyi, Əliyev Nicat Şirzad oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “çəkilmiş xərclərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “çəkilmiş xərclərin əvəzinin ödənilməsi” tələbinə dair məhkəmədə iddia qaldıraraq, Cavabdeh Range Rover minik markalı, 57CE077 qeydiyyat nişanlı avtomaşının təmiri üçün çəkdiyi 4820(dörd min səkkiz yüz iyirmi) manat pulun İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 2021-ci ilin aprel ayında Cavabdeh “Range Rover minik” markalı, 57CE077 qeydiyyat nişanlı avtomobili etibarnamə ilə 18500 (on səkkiz min beş yüz) manata almışdır. Avtomobili alan zaman cavabdeh ona avtomaşının tam saz vəziyyətdə olduğunu bildirmiş, lakin o, avtomaşının mühərrikindən yağ axdığını görmüşdür. Cavabdeh isə ona birlikdə usta yanına gedəcəklərini və nə xərci olarsa özünün çəkəcəyini bildirmişdir. Onlar birlikdə maşın ustasına getdilər. Lakin təxminən 10 gün onu get-gələ saldıqdan sonra həmin ustanın ümumiyyətlə şəhərdən köçüb getdiyini öyrəndi. O, Vüsala zəng edib bildirdi ki, onun ona tapdığı usta köçüb getdiyinə görə maşını başqa ustaya aparmalıdırlar. Vüsal Xoşbulaqda olmasını bəhanə edərək gəlmədiyindən, o, məcbur olub özü maşını başqa ustaya apardı. Avtomaşının salnikləri dəyişdirildi. Bunun üçün o, 200 (iki yüz) manat ustaya, 150 (bir yüz əlli) manat isə salniklərə verdi. Lakin salniklər dəyişdikdən sonra da mühərrikdən yağ axmağa davam edirdi. Usta bildirdi ki, problem valdadır. Buna görə o, avtomaşını başqa ustanın yanına apardı. Məlum oldu ki, maşının mühərriki tamamilə, yəni val, şatun və s. hər biri dəyişdirilməlidir. Mühərrik tamamilə söküldü və avtomaşın təmir edilməyə başladı. O, ehtiyat hissələrinə 2570 (iki min beş yüz yetmiş) manat, ustaya isə işləməyinin qarşılığı kimi 1900 (bir min doqquz yüz) manat pul ödədi. Cavabdeh nə maşın təmir edildiyi müddətdə, nə də sonra çəkilmiş xərcləri ona ödəmədi. Bununla bağlı o, hətta Gəncə şəhəri Nizami Rayon Polis İdarəsinə də müraciət etdi. Lakin Nizami rayon Polis İdarəsinin ona ünvanlanmış məktubunda tələbinin mülki xarakterli olduğu bildirildi. Buna görə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən Cavabdeh Range Rover minik markalı, 57CE077 qeydiyyat nişanlı avtomaşının təmiri üçün çəkdiyi 4820 (dörd min səkkiz yüz iyirmi) manat pulun İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, o, 2-ci Qarabağ Müharibəsinin qazisidir. İki övladı ilə 44 günlük Vətən müharibəsində iştirak etmişlər. Hazırda partlayış travması nəticəsində keçirilmiş qapalı kəllə beyin travması, baş beyin silkələnməsindən sonrakı vəziyyət və digər adını sadalamadığı bir çox xəstəlikdən əziyyət çəkir. İkinci dərəcəli əlildir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə rəsmi məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Gəncə avtomotoservis və ticarət istehsalat birliyi Avtomotoservis və ticarət” müəssisəsinin 23.09.2021-ci il tarixli qüsur aktından görünür ki, Gəncə şəhər 38-ci Hərbi şəhərcik bina 401, mənzil 28-də yaşayan İddiaçı 23.09.2021-ci il tarixdə, “Avtomotoservis və ticarət” müəssisəsinin, 6 saylı Texniki Xidmət Emalatxanasına etdiyi şifahi müraciətinə əsasən ona məxsus olan “Range Rover” markalı, **-CE-***-dövlət qeydiyyat nişanlı, “Qara” rəngli, 2004-cü il buraxılışlı, BAN - No - SALME114744A161514 olan, “Universal” tipli, avtomobilə viziual baxış keçirilmiş və məlum olmuşdur ki, avtomobilin nömrəsiz mühərriyi tamamilə sıradan çıxıb. Əsaslı təmirə ehtiyacı var və təmir qaçınılmazdır. Mühərrik 4.4-“V” obrazlı mühərrikdir. Avtomobilin sahibinə mövcud vəziyyət bildirilmiş və əsaslı təmir işlərinin aparılması üçün aşkarlanmış qüsurlar onun nəzərinə çatdırılaraq avtomobilin mühərriyinin əsaslı təmiri üçün tələb olunan ehtiyyat hissələrinin (porşenlər - 8 ədəd, kolsa-vkladış - şatun və kulaçoklar, üst krijkanın prokladkası – 2 ədəd, mühərrik yağı - 8 litr, yağ filtri – 1 ədəd, yanacaq filtri – 1 ədəd, hava filtri - 1 ədəd, mühərriyin ön və arxa salniki – 2 ədəd, vtulka - 1k-t ) alınıb gətirilməsi tövsiyyə olunmuşdur. İş materiallarına əlavə edilmiş 07.10.2021-ci il tarixdə, Gəncə “Avtomotoservis və ticarət” müəssisəsinin 6 saylı Avtotex Xidmət Emalatxanasına Təmirə-Qəbul olunmuş vətəndaş-İddiaçı məxsus, **-CE-*** dövlət qeydiyyat nişanlı, “Qara” rəngli, 2004-cü il buraxılışlı, “Universal” tipli, “Range-Rover” minik markalı, BAN №s- SALME11474A161514 oldu, nömrəsiz mühərriyində təmir işlərinə başlanılmış və avtomobil sahibi tərəfindən alınıb gətirilmiş, porşen-8 ədəd x 25 man=680manat, kolsa (həlgə) 1k-t=160 manat, vkladiş-1 k-t=180 manat, şatun-1k-t=120 manat, salnik- 2 ədəd (motorun qabaq-arxa salniki)30 manat, vtulka-1k-t=40 manat, mühərrik yağı-8 litr=160 manat, yağ filtri 1ədəd-35 manat, yanacaq filtri-1 ədəd=45 manat mühərriyin üst krijkasının prokladkası-2ədəd-60 manat, kulaçaklar 1k-t-120 manat, reduktor və kardan val-1100 manat, cəmi 2570 manat məbləğində ehtiyat hissələri yeniləri ilə əvəzlənmiş və əlavə təmir bərpa xidmət işləri yerinə yetirilmişdir. Mühərrikin çıxarılıbqoyulması və təmir-bərpa xidmət haqqı-650 manat, dirsəkli val-yonulmuş və şlifovka olunmasının xidmət haqqı, blok silindr (əsas gövdə) yonulmuş-gilizovka olunmasının xidmət haqqı-800 manat, cəmi 1900 manat xidmət haqqı avtomobil sahibindən alınmışdır. Gəncə şəhər Nizami Rayon Polis İdarəsinin Polis Bölməsinin 16.08.2021-ci il tarixli, 316-********** saylı məktubundan görünür ki, tələbi mülkü xarakterli olduğundan İddiaçı şikayəti ilə bağlı məhkəmə orqanlarına müraciət etməsi tövsiyyə olunmuşdur. - Elektron notariat X1 çıxarışın surətindən görünür ki, X2 məxsus “Range- Rover” minik markalı 57CE077 qeydiyyat nişanlı avtomaşını Cavabdeh etibarnamə ilə 17.04.2021-ci il tarixdən İddiaçı vermişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının 26.10.2020-ci il tarixli məktubundan görünür ki, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinika rəisinin sərəncamına əsasən 25.10.2020-ci il tarixdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasına müraciət etmiş, Gəncə şəhəri Kəpəz rayonu ünvanında yaşayan N nömrəli hərbi hissənin hərbi qulluqçusu kapitan(ehtiyatdan hərbi toplanışa çağırılmış) İddiaçı 25.10.2020-ci il tarixdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının Hərbi Həkim Komissiyası tərəfindən Partlayış travması nəticəsində (13.10.2020) keçirilmiş qapalı kəllə beyin travması, baş beyin silkələnməsindən sonrakı vəziyyət. Postmiokarditik kardioskleroz. Ürək ritminin mədəcik taxikardiyası tipli davamlı tez-tez pozulmaları ilə. Ürək çatışmazlığı, İİ(ikinci) funksional sinif. Xroniki daşlı xolesistit. İİ(ikinci) dərəcəli alimentar, konstitusional piylənmə, BÇİ 35.5. Hepatoszteatoz ekspert diaqnozu ilə şəhadətləndirilmiş və xəstəliklər cədvəlinin 44 B maddəsinin İİİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikasının Nazirlər Kabitənin 2008-ci il 29 fevral tarixli qərarı ilə təsdiq edilmiş Hərbi-həkim ekspertizası haqqında Əsasnaməyə əsasən Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır qərarı verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 587.1-ci maddəsinə əsasən əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: Mülki Məcəllənin 587.1.3-cü bəndinə əsasən əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin(bundan sonra –MPM) 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə həmçinin nəzərə almışdır ki, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-in 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. MPM-in 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən öhdəlik yerinə yetirilmədiyinə görə o, risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, İddiaçı iddia tələbi təmin edilməli və Cavabdeh Range Rover minik markalı, 57CE077 qeydiyyat nişanlı avtomaşının təmiri üçün çəkdiyi 4820(dörd min səkkiz yüz iyirmi) manat pul alınaraq İddiaçı verilməlidir. Göstərilənlərə əsasən və MPM-in 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh Range Rover minik markalı, 57CE077 qeydiyyat nişanlı avtomaşının təmiri üçün çəkdiyi 4820 (dörd min səkkiz yüz iyirmi) manat pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Gəncə şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rasim Kazımov
Məhkəmə qərarları › İş №2(044)-306/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-306/2022
12.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver