Məhkəmə qərarları › İş №2(044)-308/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-308/2021

10.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-308/2021 10.02.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, Cavabdeh iştirakları ilə İddiaçı Bank Olmayan Kredit Təşkilatı “xxxx” MMC-nin Cavabdeh qarşı “pul və tutmanın girov predmetinə yönəldilməsinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Bank Olmayan Kredit Təşkilatı “xxxx” MMC məhkəməyə müraciət edərək Cavabdeh ümumilikdə 606.90 ABŞ dolları məbləğində pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun alınaraq “xxxx” MMC-nin xeyrinə tutulması, tutmanın girov qoyulmuş 50 ABŞ dolları dəyərində çəkisi 5.6 qram olan bir ədəd qızıl-zinət əşyasına yönəldilməsinə, həmin qızıl-zinət əşyasının hərracda satılmasına, satışdan əldə olunan vəsaitin iddiaçıya ödənilməsinə, həmin vəsait borcun ödənilməsinə kifayət etməzsə qalıq borcun cavabdehdən tutulmasına dair qətnamə çıxaılmasını xahiş etmişdir. İŞİN HALLARİ İddiaçı Bank Olmayan Kredit Təşkilatı “xxxx” MMC iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx xxxx 2015-ci il tarixli LD********** saylı kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən cavabdehə 18 ay müddətinə 33 faiz dərəcəsi tətbiq edilməklə 2000 ABŞ dolları məbləğində kredit verilmişdir. xx xxxx 2015-ci il tarixli LD********** saylı kredit müqaviləsinin öhdəliyinin icrasının təmini üsulu kimi xx xxxx 2015-ci il tarixli girov müqaviləsinə əsasən 50 ABŞ dolları dəyərində çəkisi 5.6 qram olan bir ədəd qızıl-zinət əşyası girov qoyulmuşdur. Borcun ödənilməsi barədə cavabdehə müraciət edilsədə o, müxtəlif bəhanələr gətirərək borcu ödəməkdən yayınmışdır. ETİRAZİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Bank Olmayan Kredit Təşkilatı “xxxx” MMC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq iddia tələbini müdafiə etdiklərini və işə onların iştirakı olmadan baxıb yekun qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia müddəti tətbiq etməklə iddia tələbinin rədd olunmasını xahiş etmiş və bu barədə məhkəməyə ərizə təqdim etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə tərəfin izahatını dinləyərək, onun izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə müvafiq olaraq mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı iki və ya bir neçə şəxsin arasında razılaşdırılmış müqavilə əsasında həyata keçirilir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. İş materiallarından göründüyü kimi tərəflər arasında xx xxxx 2015-ci il tarixli LD********** saylı kredit müqaviləsi bağlanılmış, tərəflər müəyyən şərtlərlə müqavilənin ayrı-ayrı bəndləri barədə razılığa gəlmişlər. Məhkəmə Azərbaycan Respublikasi Konstitusiya məhkəməsi plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair x xxxx 2013-cü il tarixli qərarında sərgilədiyi hüquqi mövqedən çıxış edərək onu qeyd dir ki, tərəflərdən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmələri tələb olunur. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. (MM-in 425.1 və 425.2-ci maddələri) Mülki qanunvericilik müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığını təmin etməklə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəaları nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399-cu maddəsi müqavilənin qüvvədə olma müddətinə aid aşağıdakıları müəyyən edir: - müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur (MM-in 399.1-ci maddəsi); - tərəflər müəyyənləşdirə bilərlər ki, bağladıqları müqavilənin şərtləri onların müqavilə bağlanana qədər yaranmış münasibətlərinə də tətbiq edilir (MM-in 399.2-ci maddəsi); - müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır (MM-in 399.3-cü maddəsi); - müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir (MM-in 399.4-cü maddəsi). Müqavilənin şərtlərinə əsasən müəyyən olunur ki, xx xxxx 2015-ci il tarixli LD********** saylı kredit müqaviləsinə görə tərəflər arasında müqavilənin müddətinin qurtarması xx xxxx 2016-ci ildir. Məhkəmə tərəfindən tərəflər arasında həqiqətən də borc (kredit) münasibətlərinin yaranması nəticəsinə gəlindiyindən mübahisə tərəfinin iddia müddətinin tətbiqinə dair ərizə ilə bağlı hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İddiaçı qanunla nəzərdə tutulmuş qaydada və müddətlərdə pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etməmişdir. Tərəflər arasında yaranmış münasibətlər borc müqaviləsi tələblərindən doğan münasibətlər olduğundan bu halda həmin münasibətlərə müqavilə tələbləri üzrə iddia müddəti şamil edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Qeyd edilən Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il dir. Məhkəmə araşdırması zamanı iddia müddətinin axımının dayandırılmasına səbəb olan hər hansı hallar aşkar edilməmiş, cavabdehin borcun etirafına dair davranışları ilə bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2001-ci il tarixli Qərarında göstərilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (MM 375.2-ci maddəsi). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddihüquqi mübahisə üzrə qərar qəbul etməlidir. Birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi iddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Bu normadan göründüyü kimi: 1) iddia müddəti yalnız mübahisə tərəfinin ərizəsi əsasında tətbiq edilir; 2) həmin ərizə məhkəmə qərarı çıxarılanadək verilir; 3) belə ərizənin mövcudluğu məhkəmə üçün iddia müddətinin keçməsi ilə əlaqədar iddiadan imtina barədə qərarın çıxarılması üçün əsasdır. Məhkəmə iş üzrə sübutlara-Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, mübahisə tərəfi olan cavabdehin iddia müddətinin tətbiqinə dair ərizəsi əsaslı olduğundan təmin edilməli, iddia müddətinin keçməsi ilə əlaqədar iddiadan imtina barədə qərar çıxarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227,238, 240, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Bank Olmayan Kredit Təşkilatı “xxxx” MMC-nin Cavabdeh qarşı “ kredit borcunun ödənilməsi və ödəmənin girov predmetinə yönəldilməsi tələbinə” dair iddia ərizəsi təmin olunmasın. Ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar